25 Dekabr 2024, Çərşənbə

Qələmi publisistikada da şeirdəki qədər kəskin olan Xalq şairi Məmməd Arazın hələ 1967-ci ildə yazdığı “Mədəniyyət hardan başlayır?” məqaləsinin başlığını oxuyub iş otağımın pəncərəsindən çölə doğru boylanıram. Düşünürəm ki, bəlkə də, böyük şair indi doğma Naxçıvanının necə olduğunu yəqin ki, bilmək istəyərdi. Və fikrimdən Məmməd Araza bir məktub yazmaq istəyi keçir: verdiyi sualları bu günün reallığında cavablandırmaq, düşündüyü məsələlərin bugünkü uğurlu həllini və vəziyyətini çatdırmaq istəyi. Yazını tam başdan oxumağa və suallara cavab tapmağa çalışıram.
“Bir şəhərin və ya əyalətin mədəni səviyyəsini necə ölçmək olar? Tikilən təzə binalarlamı? Yox. Yaxşı yollarlamı, reklam, şüar çoxluğu, uşaqlara məhəbbət, qocalara hörmət, adamların yaxşı geyim, səliqə-sahmanıylamı? Yenə də yox! Ayrılıqda bunların heç biri bir əyalət və şəhərin mədəni səviyyəsini müəyyən etmir. Bu və ya digər şərtlərin hamısı bir yerdə bir-birini tamamladıqda, biri digərinə təkan olduqda mədəniyyət yaranır, inkişaf vüsət alır”.

Doğrudur, ustad! Bizim qloballaşma əsrində “mədəniyyət” sözünün özü belə, o qədər qloballaşdı ki, bəzən bu, mədəniləşmədən çox qeyri-mədəniləşməyə aparıb çıxardı. Əvvəllər “mədəniyyət” adı altında sizin dedikləriniz düşünülürdü. Əslində, indi də elə o düşünülür... Amma, əslində... Hərdən isə “mədəniyyət” adı ilə təlqin olunanlar, el dilində desək, sırınanlar da olur. Mirzə Fətəlinin “Müsyö Jordan”ındakı söz olmasın, “biz başımızı qırxarıq, onlar başlarına tük qoyarlar, ...bizdə çox arvad almaq adətdir, Parisdə çox ər almaq”. Arada bizə də təlqin edirlər ki, bəs “mədəniyyət” deyilən zad budur. Amma nə yaxşı ki, dünyaya öz mədəniyyətimizlə təqdim olunmağın əhəmiyyətini bilənlər, milli-mənəvi dəyərlərimizin hamisi, qoruyucusu olan insanlar da var. İndi müasirləşən Naxçıvanda nəinki mədəniyyətimiz qorunur, eyni zamanda unudulmuş, tarixin səhifələri arasında itib-batmaqda olan dəyərlərimizin bərpasına ciddi diqqət yetirilir.
“O tikilən təzə binada adamlar necə yaşayır, qonşuluq münasibətləri necədir? Yaxşı geyim-keçimli müasir adam qonşusunun dar günündə qapısını bərk-bərk bağlamır ki? Bir yetim uşağın taleyinə öz uşağı kimi yanırmı?”
Ustad, Naxçıvan təkcə abadlaşmır, təkcə gözəlləşmir, həm də günbəgün, saatbasaat, dəqiqəbədəqiqə böyüyür. Əvvəllər Naxçıvan şəhərindən çıxıb Şıxmahmud kəndinə qədər gedərkən yol boyu insana rast gəlmək, bir tikili görmək yola çıxan yolçunu sevindirirdisə, indi artıq az qala bu iki məntəqə bir-birinə birləşib. Sovetin beynəlmiləlləşmə adı ilə bura təkəmseyrək köçürdüyü “oğrular” burdan gedəndən sonra artıq Naxçıvanda qapını bağlamaq kimi bir adət qalmayıb. İndi Naxçıvanda əhalinin sosial-rifah halı daha yüksək səviyyədədir. İnsanlar qapını çəkib bərk-bərk bağlamağa ehtiyac duymurlar. Onlar özlərinin təhlükəsizliklərindən, asayişdən əmindirlər.
“Naxçıvanda az qala hər binaya bir çayxana yapışdırılıb. Bir qoca kişi elə çayxanaların birində zarafatla dedi: Naxçıvanda çayçılar nazirliyi təşkil etmək lazımdır. Bəzən elə səhər gözünü açıb görürsən ki, evinin böyrünə bir çayxana söykəyiblər. Bir yekə çayxana da mərkəzi kitabxananın binasında yerləşir. Qırmızı tuf daşdan tikilmiş binanın bir tərəfini nəğməkar samovarlar yavaş-yavaş qaraltmaq işi ilə məşğuldurlar”.
Sizin ixtisasınıza uyğun terminlə ifadə etsək, bir zaman antisanitariya vəziyyəti ilə müxtəlif cür xəstəliklər vulkanının episentrinə çevrilən çayxanalar indi yoxdur. Əvəzində isə şəhərdə normal çay evləri insanlara xidmət göstərir.  Yəni kimə, harda, necə gəldi samovar qoyub qaraltı işləri ilə məşğul olmağa icazə verilmir. Çayxana açdınsa, normal şəraitə, insanların sağlamlığına cavabdeh olmalısan. Düzdür, bəzən çayxana təfəkkürü ilə mətbuata gələn adamlar sevimli məkanlarının qoxusu üçün darıxıb, ötən günlərin xiffətini çəkirlər. Hətta əllərini “vicdanlarına” qoyub yazırlar ki, Naxçıvanda bir dənə də olsun çayxana-filan yoxdur.  Amma bu fikirləri səsləndirərkən “çayxana” sözündən əvvəl “antisanitar vəziyyətdə olan” birləşməsini yazmağı unudurlar. Yoxsa Vətənin ən ağır günlərində hərbi hissədən çıxıb veyl-veyl gəzməklə Vətənə xidmət edən bu “vətənpərvərlər” elə səhvə yol verməzlər axı! +7 rezuslu eynək də taxmırlar ki, görmə qabiliyyətləri məhduddur deyək.
“Naxçıvan kimi bir şəhərdə bir dənə də olsun, gənclər klubu, kafesi, şahmat yeri yoxdur. Kafe açmaq təşəbbüsündə olan tapılıb, ancaq bir vaxt ayılıb görüblər ki, kafe dönüb olub kababxana. Son iki ildə 15 qəlyanaltı tikilib. Təkcə bir küçədə 13 qəlyanaltı, aşxana, restoran saymaq olar. Bunların hamısının menyusu olduqca kasıbdır, əsasən, kabab, ya da lüləkababdır. Görürsünüzmü, kababxana açmaq necə asandır, kafe açmaq çətin”.
Ustad, indi Naxçıvanda vəziyyət fərqlidir. Günü-gündən gözəlləşən, abadlaşan qədim diyarda gənclər mərkəzləri, gənclik kafesi, əyləncə üçün normal məkanlar istifadəyə verilib. Sağlam gəncliyin yetişdirilməsi üçün müxtəlif idman mərkəzləri, kompleksləri yaradılıb. Ötən əsrin 70-ci illərində arzuladığınız Şahmat Mərkəzinin binası indi Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalır. Nəinki Naxçıvan şəhərində, rayonlarımızın hər birində şahmat məktəbləri fəaliyyət göstərir. Bu məktəblərin yetirmələrinin səsi-sədası nəinki ölkədən, ölkəmizdən kənardan da gəlməkdədir. Necə deyərlər, paytaxt Naxçıvan şəhərindəki Şahmat Mərkəzinin, rayonlarımızda tikilən şahmat məktəblərinin yaraşıqlı binaları görənləri, idmançılarımız isə rəqiblərini “mat” qoyur. O zaman hər tinbaşı qurulan qəlyanaltıları və kababxanaları indi müasir restoranlar və kafelər əvəzləyib.
“Əgər Naxçıvana gələn bir qonaq xəstələnsə, dərmanını süd desələr, heç bir mağazada tapmazsan. Halbuki Naxçıvanın bütün rayonları maldarlıqla məşğuldur”.
Ağartı məhsulları barəsində indi bolluqdur. Naxçıvanda indi ən yüksəkkeyfiyyətli və çeşidli digər məhsullarla yanaşı, süd məhsulları da istehsal olunur. Rayonlarda maldarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür.
“Dünən geriyə qayıdan deyil. Amma dünənin yaxşı adət və ənənələrini həmişə geri qaytarmaq olar. Yaradıcı gənclərin yeganə istinadgahı olan “Şərq qapısı” qəzetinin poliqrafiya keyfiyyətindən oxucular gileylənirlər. Hələ 1958-ci ildə Naxçıvanda mətbəə tikilməsi haqqında qərar olub. 1966-cı ildə həmin mətbəənin özülü qoyulub, sonra da özül zibilxanaya dönüb”.
“Şərq qapısı” qəzeti yenə də gənclərin, yaradıcı insanların əsas istinadgahıdır. İndi bu qəzetin ətrafında toplaşan gənclər və ziyalılar günün ən aktual mövzularına toxunmağa, muxtar respublika həyatını daha yaxşı işıqlandırmağa çalışırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra “Şərq qapısı” qəzeti özünün yeni inkişaf mərhələsinə qədəm qoyub, qəzetin maddi-texniki bazası gücləndirilib, bu qocaman mətbuat orqanının normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılıb. 2010-cu il iyulun 22-də – milli mətbuatımızın yaranmasının 135-ci ildönümü günündə böyük dövlət qayğısının bariz ifadəsi kimi qəzet redaksiyası üçün yeni bina istifadəyə verilib, qəzetin rəngli nəşrinə başlanılıb. Hazırda qəzet həftədə beş dəfə yüksək poliqrafik keyfiyyətlə çıxır. İndi bu qəzeti nəinki muxtar respublikada, yaradılmış internet saytı vasitəsi ilə bütün dünyada oxumaq mümkündür.
Naxçıvanda fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi təkcə qəzetlərimizin deyil, müxtəlif kitab, jurnal və broşürlərin çapı üçün ən müasir texniki imkanlara malikdir.
“Naxçıvan isti olan yerdir. Yay aylarında göydən od tökülür. İstirahət günləri camaat əylənməyə yer tapmır. Şəhərdən çox da uzaq olmayan Uzunoba gölünə adam buraxılmır. Bu nədir? Bu qanunu kim qoyub? Madam ki, camaatın istirahətinə şərait yaratmırsan, gedənlərə avtobus vermirsən, nə üzlə “əyri yolla” gedən maşınların qabağını kəsirsən?”
İndi muxtar respublikanın mövcud təbii imkanlarından səmərəli istifadə olunmaqla insanların istirahəti təmin edilir. Yay mövsümündə Uzunoba Su Anbarında yaradılan çimərlik əhalinin istirahətinin təmin olunması və sağlamlığının qorunması baxımından əhəmiyyətlidir. Uzunoba Su Anbarındakı çimərlik zonasının ərazisi 2,7 hektar, qumlu sahil xəttinin uzunluğu 110, eni isə 30 metrdir. Çimərlik böyüklər və uşaqlar üçün nəzərdə tutulan iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi 5, eni isə 50 metrdir. Hər il yay mövsümündə burada insanların istirahəti üçün lazımi şərait yaradılır. Əraziyə günlüklər qoyulur, paltardəyişmə yeri və açıq avtomobil dayanacağı yaradılır, ictimai-iaşə xidməti təşkil olunur.
Nəhayətində, günü-gündən inkişaf edən Naxçıvan arzuladığınız Naxçıvana çevrilib, böyük ustad. İndi müstəqil Azərbaycanın hər tərəfindəki inkişaf və tərəqqinin önündə bu qədim və şanlı diyar gedir. Ruhun şad olsun!

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR