Ötən ay Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı onlayn formada “Qızıl xoruz” tamaşasını nümayiş etdirmişdir. Naxçıvan Dövlət Filarmoniyası da iyul ayında konsert proqramlarını davam etdirərək, Xalq Çalğı Alətləri Orkestrinin onlayn solo konsertini musiqisevərlərə təqdim etmişdir.
İyul ayında Cəlil Məmmədquluzadənin və Hüseyn Cavidin ev-muzeylərindən keçirilən onlayn ekskursiyalar Naxçıvan Dövlət Televiziyasından və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytından, eləcə də sosial şəbəkə hesablarından canlı olaraq yayımlanmışdır. Bundan başqa, Təhsil Nazirliyi ilə birgə iyulun 22-də “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə məktəbdənkənar müəssisələrin dərnək üzvlərinə, iyulun 29-da isə akademik Yusif Məmmədəliyevin ev-muzeyində Ordubad rayon məktəbliləri üçün onlayn ekskursiyalar təşkil edilmişdir. Ötən ay muzeyləri 1964 nəfər yerli, 31 nəfər əcnəbi olmaqla, ümumilikdə, 1995 tamaşaçı ziyarət etmişdir.
Ötən ay əlamətdar günlərlə bağlı – 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 28 yanvar tarixli Sərəncamına uyğun olaraq tanınmış bəstəkarın həyat və yaradıcılığından bəhs edən, eləcə də əsərlərindən ibarət “Məmməd Məmmədov – 100” adlı kitab nəşr edilmiş, disk buraxılmışdır. Bundan başqa, “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabının çapa hazırlanması və videodiskinin buraxılması işləri davam etdirilmişdir. Bu günədək, ümumilikdə, 18 yallı ifasının çəkilişi aparılmışdır. “Saz sənətini yaşadırıq” adlı onlayn saz ifaçılığı müsabiqəsinə iyul ayında yekun vurulmuş, qaliblər diplomlar, fərqlənən ifaçılar isə fəxri fərmanlarla təltif olunmuşlar.
Hesabat ayında kitabxanalar tərəfindən videomateriallar, slaydlar, məlumatlar olmaqla, ümumilikdə, 188 material hazırlanmışdır. Həmçinin şeir, hekayə və poemalardan parçalar bədii qiraət edilməklə 130-dan çox videomaterial və audiokitab hazırlanmışdır. “Nağıl günləri” layihəsi çərçivəsində iyul ayında 51 audio-nağıl hazırlanmışdır. Ötən ay muxtar respublikanın kitabxanalarına 3 min 41 oxucu müraciət etmiş, onlara 15 min 823 nüsxə kitab verilmişdir. O cümlədən Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası və rayon (şəhər) Mərkəzləşdirilmiş Kitabxana sistemlərinin uşaq kitabxanaları tərəfindən sağlamlıq imkanı məhdud 22 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.
İyul ayında xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması ilə bağlı Ordubad rayonunda fəaliyyət göstərən mədəniyyət evləri və klublarının hazırladıqları xalq yaradıcılığı nümunələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılmışdır.
Ötən dövrdə gənclərlə iş sahəsində “Naxçıvan: tarix və mədəniyyətin qovşağı” adlı onlayn müzakirə olmuş və “Yaşa və öyrən – Dostluq” onlayn intellektual yarışı keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti