25 Dekabr 2024, Çərşənbə

Bütün zamanların qüdrətli sənətkarı

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin anadan olmasının 131 ili tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Hüseyn Cavidin 125 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”na əsasən, hər il oktyabrın 24-ü Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd edilir.

Qüdrətli sənətkarımız Hüseyn Cavid fikir və düşüncələr aləminin həyatiliyi, heyrətamizliyi, zərifliyi, əlvanlığı, qəlblərə hakim kəsilməsi ilə ədəbiyyat tariximizə əbədi daxil olmuşdur. Onun əsərlərində canlanan həyat səhnələri və həqiqətləri, obraz və xarakterlərinin rəngarəng­liyi, dolğunluğu və kamilliyi insanı vəcdə gətirir. Hüseyn Cavid yaradıcılığına müraciət edərkən insan mənən təmizlənir, saflaşır, böyük fikir mübarizələrinin həlledici məqamına çatanda isə özünü ucalıqda, ənginliklərdə hiss edir. Məhz buna görə də zaman keçdikcə, illər ötdükcə bu sənət təsir qüvvəsini itirmir, təzə-tər sənət dünyası ilə insanı düşündürür, həyata bağlayır. Cavid sənətinə dahiyanə əbədiliklə bərabər, fəlsəfi-əxlaqi konsepsiyalar mürəkkəbliyi və dərinliyi də xasdır.

Sənətkarın yaratdığı obrazlar –  Şeyx Sənan, Şeyx Kəbir, Xumar, İblis, Arif, Azər, Əmir Teymur, Xəyyam, Sevda, Əfrasiyab, Səyavuş, Firəngiz, Südabə, Afət, Özdəmir və onlarla başqaları bənzərsizliyi və təkrarolunmazlığı ilə ədəbiyyatımızda əbədiyaşarlıq qazanmışdır. Bu obrazların həyatda apardıqları mübarizə dünya haqqında mükəmməl, insanlıq haqqında kamil təsəvvür yaradır. Hüseyn Cavid sənəti fikir və duyğular, obraz və xarakterlər, zaman və məkan məhdudiyyəti ilə sərhədlənmir, onun yaradıcılığı sonsuzluq və müxtəliflik mücəssəməsidir.
Müdriklərin fikrinə görə, yaratmaq ölümü öldürmək deməkdir. Cavid ölümə qalib gəlmiş bütün zamanların filosof sənətkarıdır. Onun sənəti Nizami, Füzuli, Nəsimi, Vaqif və Sabirdən sonra ədəbiyyat tariximizdə yeni bir mərhələdir.
Ədibin tərcümeyi-halı adi həyat yolu deyildir: Böyük sənətkarın həyatının Naxçıvan və Təbriz dövrləri, İstanbulda keçirdiyi təhsil illəri, ədəbiyyata gəlməsi, dramaturq kimi tanınması, əzablı ideya və sənət axtarışları, Sovet dövrünün məşəqqətli illəri, əsərlərinin tənqid və mübahisə obyektinə çevrilməsi, pyeslərinin teatr səhnələrindən yığışdırılması, 1937-ci ilin dəhşətli repressiyası, xəstəlikdən əzab çəkməsi, gecə-gündüz sorğu-suala tutulması, bir sıra əsərlərinin itib-batması, sürgün illəri, 1937- 1956-cı illərdə onu xalqa unutdurmaq cəhdləri, şəxsiyyətinə və yaradıcılığına şübhə və ehtiyatla yanaşılması, ümummilli liderimiz Heydər Əliyev tərəfindən ədibə əsl bəraətin verilməsi, onun əsərlərinin yenidən çap olunması və Cavid irsinə göstərilən yüksək dövlət qayğısı… Qüdrətli sənətkarın taleyini qısaca belə ifadə etmək olar.
Hüseyn Cavid şəxsiyyətinə və yaradıcılığına verilən yüksək qiy­mət haqqında düşünərkən böyük sənətkar­ın mərhum qızı Turan xanımın dediyi bu fikir yada düşür: “Atama əsl bəraəti 1981-ci il iyul ayında “Hüseyn Cavidin 100 illiyi haqqında” qərardan sonra hesab edirəm. Bu, ədalətin zəfər çalması idi. Bunun üçün mən, birinci növbədə, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdaram”. Ümummilli liderimizin təşəbbüsü və rəhbərliyi ilə qəbul edilən bu qərar böyük şair və dramaturqa dövlət səviyyəsində verilən yüksək qiymətin parlaq nümunəsi olmaqla, sənətkara münasibətin köklü şəkildə dəyişməsinin istinad nöqtəsi kimi mədəniyyət və ədəbiyyat tariximizdə böyük hadisə idi.
Məhz bu qərardan sonra ümummilli liderimiz Heydər Əliyev çox böyük cəsarət tələb edən bir addım atdı. 1982-ci ildə Cavidin cənazəsi Uzaq Sibirdən Naxçıvana gətirilərək böyük xalq sevgisi ilə dəfn edildi və onun üzərində əzəmətli məqbərənin tikilməsi qərara alındı. Bu fakt keçmiş Sovetlər Birliyi məkanında repressiya olunmuş şəxsə dövlət səviyyəsində göstərilmiş münasibətin yeganə cəsarətli nümunəsidir.
Ötən əsrin 70-ci illərindən başlayaraq Cavidin əsərləri nəşr olunmağa başlanmış, rus dilində 2 cildliyi işıq üzü görmüşdür. Azərbaycanın şəhər və rayonlarında yubiley tədbirləri təşkil olunmuş, əsərləri respublikamızın teatrlarında səhnəyə qoyulmuş, adına küçələr, məktəblər, kitabxanalar verilmişdir. 1992-ci il oktyabrın 23-də Naxçıvanda Hüseyn Cavidin 110 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. O vaxt Naxçıvanda Ali Məclisin Sədri işləyən ümummilli liderimiz yubiley tədbirində Hüseyn Cavid haqqında dərin məzmunlu çıxış etmiş, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı bir sıra məsələlərə toxunmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevi Cavid şəxsiyyətinə, irsinə, ailəsinə diqqət və qayğı həmişə düşündürürdü. 1995-ci il iyunun 10-da ulu öndərimiz Heydər Əliyevin yanında keçirilmiş müşavirədə görkəmli şair-dramaturq Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı məsələlər geniş müzakirə olunmuş, ulu öndərin ən böyük arzularından biri 1996-cı il oktyabrın 29-da həyata keçmişdir. Həmin gün Naxçıvanda böyük sənətkarın məqbərəsinin təntənəli açılış mərasimi olmuşdur. Bu təntənəli mərasimdə geniş nitq söyləyən ümummilli liderimiz sənətkara yüksək qiymət verərək deyirdi: “Hüseyn Cavid Azərbaycan xalqını, onun mədəniyyətini, ədəbiyyatını, elmini yüksəklərə qaldıran böyük şəxsiy­yət­lərdən biridir. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün, gələcək nəsillər üçün dərslik kitabıdır”.
Bu mərasim böyük Cavidə qayğı və məhəbbətin təntənəsi idi. Cavidin məqbərəsi təkcə böyük sənətkara deyil, Cavidlərə ucaldılan abidədir.
Azərbaycanda Hüseyn Cavidin yubileylərinin keçirilməsi, əsl poeziya bayramlarına çevrilməsi sənət və sənətkara ulu öndərin verdiyi qiymətin nəticəsidir. Bu yubileylərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. “Cavid ömrü boyu” salnaməsinin hazırlanması, əsərlərinin kütləvi tirajla nəşr olunması, bədii və sənədli filmlərin çəkilməsi, tele­viziya tamaşalarının hazırlanması, pyeslərinin ölkəmizin müxtəlif teatrlarında səhnəyə qoyulması da Hüseyn Cavid irsinə qayğının bir hissəsidir. Son illər Hüseyn Cavid haqqında çoxsaylı tədqiqat əsərlərinin, monoqrafiyaların yazılması böyük sənətkarın yaradıcı­lığına marağın göstəricisidir. Cavid haqqında təsviri incəsənətimizdə və ədəbiyyatımızda onun obrazının yaradılması sahəsində görülən işlər də təqdirolunası hadisələrdəndir.
Zaman keçdikcə Hüseyn Cavid irsinə maraq daha da artır. Ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci ildə imzaladığı “Hüseyn Cavidin 125 illik yubileyi haqqında” Sərəncam, eləcə də “Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 16 fevral tarixli Sərəncamı Hüseyn Cavid yaradıcılığına göstərilən növbəti dövlət qayğısı kimi təqdirəlayiqdir. Sərəncamda deyilir: “Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya romantizmi ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın zəngin fikir xəzinəsində layiqli yer tutur”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 20 fevral tarixli Sərəncamı ilə “Hüseyn Cavidin 130 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına əsasən, Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar simpozium keçirilmiş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Şeyx Sənan” əsəri səhnəyə qoyulmuş, “Naxçıvan” jurnalının bir nömrəsi ədibin yubileyinə həsr olunmuşdur. Azərbaycan Prezidentinin Sərəncamına, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Hüseyn Cavidin 130 illik yubileyi ilə əlaqədar muxtar respublikamızda silsilə tədbirlər keçirilmişdir. AMEA-nın Naxçıvan Bölməsində, ali təhsil ocaqlarında, mədəniyyət müəssisələrində Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan elmi konfrans və tədbirlər təşkil olunmuş, kütləvi informasiya vasitələrində böyük ədibin həyat və yaradıcılığı işıqlandırılmış, ideyaları təbliğ olunmuşdur. Bütün bunlar bir daha onu göstərir ki, Hüseyn Cavid yaradıcılığının öyrənilməsi və təbliği diqqət mərkəzindədir.
Hüseyn Cavidin əsərlərinin əsas ideyası insan mənəviyyatının təsviri və tərənnümüdür. Böyük dramaturqun bütün əsərlərinin mərkəzində yalnız insan durur; bütün qayələr, arzular, mülahizə və görüşlər, dinlər, məzhəblər, təriqətlər insanın daxili, mənəvi aləmindən, onun “mən”inin süzgəcindən keçirilərək qiymətləndirilir. Bu baxımdan deyə bilərik ki, insan onun əsərlərində təsvir olunan obraz və hadisələrin təsvirində, dövründən asılı olmayaraq, hər zaman meyar rolunu oynamışdır. Çünki lirik-romantik şair insanlara həm də gözəllik meyarı ilə baxırdı.
Heç vaxt sənətkar vicdanına xəyanət etməyən Hüseyn Cavid yaradıcılığı boyu nə yazmışdırsa, öz vicdanının səsi ilə yazmışdır. Bütün yaradıcılığı boyu Cavid nəyi tərənnüm etmiş, nəyi axtarmışdır? Qoy bu suala yazıçının özü cavab versin: “Əsiri olduğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir”. Bütün həyatını bu yüksək amala həsr etmiş, hətta qurban vermiş böyük sənətkarın bircə arzusu var idi: öz doğma xalqını azad və xoşbəxt görmək, ana Vətənə xidmət etmək. Ədibin 130 illik yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Hüseyn Cavid nə yazmışsa, Azərbaycan üçün, Azərbaycan oxucusu üçün, Azərbaycan xalqı üçün yazmışdır. Millilik, vətənçilik, Azərbaycançılıq onun yaradıcılığının ruhunda və qanındadır. Cavidin şeir dili təmiz Azərbaycan – türk dilidir. Hüseyn Cavid əsərlərinin mövzusunun və qəhrəmanının hansı dövrü və ya hansı mühiti təmsil etməsindən asılı olmayaraq, bu əsərlərdə irəli sürülən ideyalar, birinci növbədə, azərbaycanlı oxucunun özünü dərk etməsinə, Vətən tarixini, onun milli dəyərlərini öyrənməsinə, mədəni irsə sahib çıxmasına yönəlmişdi”.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR