22 Dekabr 2024, Bazar

Naxçıvanda xalça sənətinin yaranması və inkişafı milli mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan xalça sənətinin muxtar respublika ərazisində geniş yayılmasına və inkişaf etməsinə səbəb bu ərazidə olan əlverişli coğrafi iqlim şəraiti və müvafiq təsərrüfat fəaliyyətidir. Bu sahənin inkişafı muxtar respublikada bu gün də diqqət mərkəzində saxlanılır. Belə ki, “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” milli xalçaçılıq ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi, bu sənətin gənc nəsil arasında təbliği və inkişaf etdirilməsi, çeşnilərin bərpası, əllə toxunan xalçaların ixrac potensialının artırılması, eləcə də əhalinin məşğulluğunun təmin edilməsində müstəsna rola malikdir.

Bu mənada, 2020-ci ilin birinci yarımilində bir sıra təşkilati işlər görülüb, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında və Cəlilkənd buzxanasında yerləşən xalçaçılıq emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 11 xalça toxunub, 6 xalçanın satışı həyata keçirilib, 4-nün toxunuşu isə davam etdirilib. Həmçinin muxtar respublikanın rayonlarında da xalçatoxuma sənətinin yaşadılması, xalçatoxuyanların fəaliyyətinin stimullaşdırılması işləri diqqətdə saxlanılıb. Belə ki, Sədərək rayonunda yerləşən xalçatoxuma müəssisəsində 5 xalçaçı tərəfindən milli ornamentli qədim çeşnilər əks olunan xalçaların toxunuşu davam etdirilib.
Naxçıvan xalçaları tarixən öz spesifik ornamentləri və toxunma üslubu ilə seçilib. Toxucu kadrların hazırlanması üçün xalça istehsalı emalatxanalarının fəaliyyət göstərdiyi şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil olunub, unudulmaqda olan ənənələrin bədii və texniki iş üsullarının bərpası gənc nəsillərə öyrədilib. Bu istiqamətdə “Naxçıvan Biznes Mərkəzi” MMC-nin xalq yaradıcılığı emalatxanasında cari ilin ötən dövründə 7 müdavim xalçaçılıq kursu keçərək bədii və texniki iş üsullarını öyrənib, onlara sertifikatlar təqdim olunub. Bu işlərin davamı olaraq Ordubad Texniki Peşə və Sürücülük Məktəbində 12 müdavim xalçaçı kursunu başa vuraraq sertifikatla təmin olunub. Bununla yanaşı, ümumtəhsil məktəblərinin şagirdlərinə də xalçaçılığın sirlərinin öyrədilməsi diqqət mərkəzində saxlanılıb, tədris ili ərzində Heydər Əliyev Uşaq-Gənclər və Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərində xalçaçılıq dərnəyi yaradılıb. Qədim ənənələrin yaşadılması, əllə xalçatoxuma sahəsində peşə təhsilinin dəstəklənməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində 19 nəfər qadından ibarət xalçaçı kursu təşkil edilib. “Evdə qal, xalça toxu!” devizi altında onlayn xalça yaradıcılıq müsabiqəsinin elan edilməsi isə muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, kənd əhalisinin bu sənətə olan marağının artırılmasına səbəb olub.

Xalçaçılığın inkişafına göstərilən diqqət, xalça istehsalı emalatxanalarının fəaliyyətə başlaması xammal bazasının yaradılması zərurətini də meydana çıxarıb. Bu məqsədlə Naxçıvan şəhərində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin xalça istehsalı müəssisəsinin qurulması, həmçinin yaradılması davam etdirilən Naxçıvan Regional Yun və Təbii Boyaq Bitkilərinin Tədarükü Məntəqəsi özəl xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatını ödəməklə idxaldan asılılığı aradan qaldıracaqdır.
Dövlət proqramının icrasına uyğun olaraq əllə toxunmuş xalçaların reyestrinə daxil edilmək üçün cari ilin 6 ayı ərzində 40 xalçanın pasportlaşdırılması ilə bağlı işlər həyata keçirilib.
Naxçıvan xalçaçılıq məktəbinin elmi cəhətdən və sistemli şəkildə araşdırılması, yeni elmi nəşrlərin hazırlanması, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası Dövlət proqramında qarşıya qoyulan prioritet vəzifələrdəndir. Bu istiqamətdə cari ilin ötən dövründə AMEA Naxçıvan Bölməsinin təsdiq olunmuş elmi-tədqiqat planına əsasən bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda “Naxçıvanda xalçaçılığın inkişaf tarixi” mərhələsi üzrə aparılan tədqiqatlara dair Türkiyə Respublikasında keçirilən 3-cü Beynəlxalq Elmi Araşdırmalar Konqresində çıxış edilib, konqresin məruzələr toplusu çap olunub. Həmçinin tədqiqatların nəticəsi kimi açıq dünya ensiklopediyası olan vikipediyada toxuculuq sənəti haqqında məqalə yerləşdirilib. Respublikada və xaricdə bir sıra elmi jurnallarda Naxçıvanda toxuculuq sənətinin inkişafı, ipəkçiliyin bu sahəyə təsiri, memarlıq abidələrində xalça motivləri mövzularında məqalələr dərc edilib. Bu istiqamətdə AMEA Naxçıvan Bölməsində aparılan tədqiqat işləri ilə əlaqədar bir monoqrafiya nəşr olunub, üç elmi məqalə isə çapa təqdim edilib. Həmçinin “Naxçıvan milli geyim mədəniyyətinin formalaşmasında ipəkçiliyin rolu”, “Naxçıvan memarlıq abidələri və xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı”, “Naxçıvan xalçalarında Əcəmi möhürü” başlıqları altında məqalələr internet saytlarında yerləşdirilib.

Xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpası, Naxçıvan xalçaçılıq məktəbinə aid yeni nəşrlərin tədris planına salınaraq tədrisin təkmilləşdirilməsi istiqamətində Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət müəllimliyi və Rəngkarlıq ixtisaslarında “Naxçıvan xalçaçılıq tarixi”, “Naxçıvan xalçaçılıq məktəbi” və “Naxçıvanda xalçaçılığın inkişafı” ilə bağlı mövzular tədqiqat obyekti kimi müəyyənləşdirilib.
Özünəməxsus üsluba və qədim ənənələrə malik Naxçıvan xalçaçılıq məktəbinin qorunması və gələcək nəsillərə ötürülməsi, eyni zamanda bu işlərin elmi əsaslarla həyata keçirilməsinin xalçaçılıq sənətinin inkişafında böyük rolu var. Bu məqsədlə Naxçıvan Müəllimlər İnstitutunda Təsviri incəsənət müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrə Naxçıvan xalçaçılıq məktəbi seçmə fənninin tədrisinə başlanılıb, mütəmadi olaraq kompozisiya dərslərində xalça sənəti, onların, növləri və bölgələrə məxsusluğu ilə bağlı mühazirələr oxunub.
Naxçıvan xalçalarının dünya bazarında satışının həyata keçirilməsi üçün, ilk növbədə, onun təbliği və təqdimatı vacib şərtlərdəndir. Bu məqsədlə Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkələrdəki qrup və səhifələrində xalçaçılıq irsinin təbliği məqsədilə paylaşımlar edilib, gömrük sərhəd- buraxılış məntəqələrində olan elektron məlumat guşələrində xalçalar haqqında ətraflı məlumatların əks olunduğu videoçarxlar yerləşdirilib.

Muxtar respublikada xalça sənətinin yaşadılması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, göstərilən dövlət qayğısı, qəbul olunan Dövlət proqramlarının vaxtında və uğurlu icrası, heç şübhəsiz, gələcəkdə xalqımızın milli sənət nümunəsi olan xalçaçılığın qədim diyarımızda daha da inkişaf etməsinə böyük töhfələrini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR