İllər ötdü, yaşa doldum
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
Doğransam da dilim-dilim
Xəlil Rza Ulutürk
Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Bu baxımdan Azərbaycan dili də özünəməxsusluğu, gözəlliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilir. Doğma ana dilimiz daş kitabələrdən üzü bu yana uzun, çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə gəlib çatmışdır. Dədə Qorqud qopuzundan, Koroğlu sazından süzülüb gələn , Xətai qılıncından sıyrılıb çıxan dilimiz həzin ana laylası ilə canımıza, qanımıza hopmuşdur.
Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq.
Nə xoşbəxtik ki, dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var... Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə elan etmişik dünyaya müstəqilliyimizin əbədiliyini... Bu dil müqəddəsdir, doğmadır anamız kimi...Qürurumuz,fəxrimizdir dilimiz. Nəsimilər, Füzulilər, Xətailər, Vaqiflər, Vidadilər, Müşfiqlərin dilidir Azərbaycan dili.
Mənim ana dilim poeziya dilidir, şirin layla dilidir, ecazkar mahnı dilidir. Bəli,ana dili bizim üçün müqəddəs dildir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir. Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Təşəkkülü miladdan əvvəlki dövrlərə gedib çıxan bu dilin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir.
1 avqust ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Çünki milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.
Respublikada dil siyasətinin formalaşdırılması,Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ana dilimizin qüdrətini və misilsiz dəyərini yüksək qiymətləndirərək deyirdi: “Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir”. Dahi rəhbər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqmətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib. Dahi rəhbərin2001-ci ilin 18 iyununda “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və avqustun 9- “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzaladığı fərmanlar dilimizə göstərilən qayğının əyani ifadəsi, avqustun 1-i isə ölkədə “Azərbaycan əlifbası və Azərbaycan dili günü”nün elan edilməsi dilimizə verilən dəyərin bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyinə həsr olunmuş toplantıda ittifaq mərkəzindən, bütün müttəfiq respublikalardan, xarici ölkələrdən gəlmiş nümayəndə heyətlərinin qarşısında ilk dəfə doğma Azərbaycan dilində nitq söyləməsi hamını heyrətə salmışdı. Məsələ burasındadır ki, həmin dövrdə Sovetlər Birliyində qəbul olunmuş qaydaya görə bu cür yüksək tədbirlər yalnız rus dilində aparıla bilərdi.
1970-80-ci illərdə Azərbaycan dilinin işlənməsinin yeganə bir qarantı vardı, o da ulu öndər Heydər Əliyev idi. 1972-ci ilin ortalarında yazıçıların biri “Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız”,-deyəndə, ulu öndər gülümsəyərək belə cavab vermişdi: ”Sən niyə mənim rusca gözəl danışmağıma deyil, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız”. Əlbəttə, dəmir pərdələr arxasında yaşadığımız o dövrdə bunlar adi sözlər deyildi... Məhz bu müdrik sözlər öz dilinə xor baxan Azərbaycan ziyalılarının milli tərbiyəsinə təsir edərək ana dilinə uzun müddətdən bəri davam edən soyuq münasibətə son qoya bildi. Heydər Əliyev atdığı bu addımla Azərbaycan dilinə məhəbbət, milli-mənəvi dəyərləri yaşatmaq və milli mədəniyyəti çiçəkləndirmək strategiyanın həyatiliyini, önəmini, gücünü və həmişəyaşarlığını dönə-dönə sübut etdi.
Ulu öndər ideyalarını layiqli davam etdirən ölkə Prezidenti İlham Əliyev dilimizə, milli adət-ənənlərimizə, mənəvi dəyərlərimizin təbliğinə böyük qayğı ilə yanaşır. Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”Sərəncam Azərbaycan dilinin saflaşlaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.
Qürur hissi ilə deyə bilərik ki, muxtar respublikamızda da ən ali milli dəyərimiz olan dövlət dilimizin qorunub yaşadılması, gələcək nəsillərə çatdırılması istiqamətində məqsədyönlü işlər həyata keçirilir. İstər danışıq, istərsə də yazı dilindən düzgün istifadə edilməsi, dilimizin daha da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi məhz dilimizə ehtiramın ən böyük ifadəsidir.Əzəmətlə ucaldılan abidəmiz hər şeydən əvvəl bu günkü gəncliyə dilimizin saflığının qorunmasını aşılayır, dilə sevgi münasibət bəsləyir. Son illər muxtar respublikada dərc olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru Antologiyası”,3 cildlik “Naxçıvan tarixi” kitabı xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də inkişafına mühüm töhfələrdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısının təsdiq olunması, bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin gənclərə tövsiyyə edilməsi həm də dilimizin təbliğinə verilən qiymət kimi dəyərləndirilməlidir. Ali Məclis Sədrinin tapşırığı ilə “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektologiyası atlası”, “Naxçıvanda Kitabi-Dədə Qorqud” toponimləri kimi kitabların nəşri eyni zamanda dilimizin qorunub yaşadılması istiqamətində, bu və bu kimi istiqamətdə həyata keçirilən tədbirlər qürurvericidir.
Bundan başqa,muxtar respublikada iaşə obyektlərinə, mağazalara milli adların verilməsi, reklam lövhələrinin dilimizin qayda-qanunlarına uyğun yazılması dilimizin zənginliyinə verilən diqqətin əyani ifadəsidir.Dünyanın tanınmış yazıçılarının əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsi, televizya və radiolarda verlişlərin yayımı, filmlərin nümayişi zamanı ana dilimizin bütün xüsusiyyətlərinə riayət olunması da dilimizin qorunması sahəsində həyata keçirilən tədbirlərin davamıdır.
Tarixin qaynaqlarından süzülüb gələn, canımıza, qanımıza ana südü və laylası ilə damla-damla hopan ana dilimizə dahilərimizin də əsərlərində yetərincə yer verilib, bu dilin müqəddəsliyi və əsrarəngizliyi barədə çox yazılıb.Bu gün bizim tədris proqramlarında da dilimizi tam şəkildə ifadə etmək, öyrətmək üçün geniş imkanlar vardır. Ancaq doğma dilimizi yalnız proqram çərçivəsində öyrənmək kifayət deyil. Öyrənərkən dili sevməyi və gələcəyimiz olan gənc nəslə sevə-sevə aşılamalıyıq. Çünki dilimiz müqəddəsdir, ömrümüzü mənalandıran, xəyallarımızı qanadlandıran, dostumuza məhəbbətlə, düşmənimizə nifrətlə səslənən bir dildir.
Bir sözlə,xalqımız öz dilini, dilimiz isə onu yaşadan xalqımızı qorumuş, bu günə çatdırmışdır. Tarixin ağır sınaqlarından çıxıb bu günümüzə yetişən Azərbaycan dili artıq milli dövlətçiliyimizin əsas göstəricilərindən biri kimi layiq olduğu ali məqama yüksəldilmişdir.Bu, milli yetkinliyin təsdiqi, xalqın öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin parlaq ifadəsidir.
Tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu hər birimizin bir vətəndaş, bir insan, bir azəbaycanlı kimi ən böyük amalımız olmalıdır. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət-ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Bir gənc olaraq fəxr edirəm... Fəxr edirəm ona görə ki, ilk növbədə bu ölkənin vətəndaşıyam. Bu torpaqda dünyaya göz açıb, bu diyarda böyümüşəm. Və ən əsası fəxr edirəm ona ki, harada oluruqsa olaq qürurla səsləndirəcəyimiz ana dilimiz var. Doğurdan da bu dil fəxr olunası bir dildir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi:” Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb. Bu reallıqdır. Günü-gündən, aybaay inkişaf etmiş reallıqdır”.
Nuray ƏSGƏROVA
jurnalist