22 Dekabr 2024, Bazar

Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Naxçıvan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Yarandığı və fəaliyyət göstərdiyi illər ərzində Naxçıvan mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib. XX əsrin 30-cu illəri Azərbaycanın da daxil olduğu keçmiş Sovet İttifaqında kollektivləşmə, kolxoz quruculuğu dövrü kimi xarakterizə olunur. Kollektivləşmə siyasətinin həyata keçirilməsi başlıca məsələlərdən birinə çevrilirdi. Bu dövrdə Naxçıvanın siyasi həyatı daha gərgin idi.

Belə bir dövrdə mətbuatın üzərinə xüsusi missiya düşürdü. Məhz bu illərdə rayonlarda da yerli mətbuatın təməli qoyulur. Naxçıvan Muxtar Respublikasının Şərur (“Pambığa doğru”, 1931), Ordubad (“Ordubad fəhləsi”, 1932), Əbrəqunus (“Zərbəçi heyvandar”, 1932), Culfa (“Bolşevik yolu”, 1932) və Şahbuz (“Sosializm maldarlığı”, 1936), rayonlarında yerli qəzetlər nəşrə başlayır. Qəzet mətbəələrində texniki prosesi yaxşılaşdırmaq məqsədilə 1934-cü ilin yayında Bakı poliqrafiya tresti rayon və siyasi şöbə qəzetlərinin mətbəələri üçün birillik kurs təşkil etdi. Bu kursu bitirənlər sırasında Naxçıvanın rayon qəzetlərinin əməkdaşları da var idi. Və bununla qəzetlərin normal nəşri təmin olunmağa başlandı. 30-cu illərin qəzetlərində rayonların həyatında elə bir sahə yox idi ki, qəzetlər ora yol açmamış olsun. Qəzetlər sosializm quruculuğunun mənzərəsini işıqlandırmaqla yanaşı, israfçılığa, bürokratizmə, mənfi hallara qarşı da mübarizə aparırdılar.

Sovet dövrü muxtar respublikanın rayon qəzetlərində mətbuatın güclü bir təbliğat-təşviqat vasitəsi olduğu açıq-aşkar hiss edilir. Bu dövrdə zəhmətkeş insanların fəaliyyətini əks etdirən yazılara çox yer verilirdi. “Tərəvəzçi Gülzar”, “Sağıcı Məsmə”, “Qaynaqçı Vəli”, “İpəkçi Elenora”, “Mürəbbə ustası Məhəbbət”, “Çoban Mahmud” və yüzlərlə belə başlıqlı yazılarda kollektivləşmədə zəhmətkeşlərin fəaliyyəti və ayrı-ayrı istehsal sahələrində uğur qazanmış insanların işləri ön plana çəkilirdi. Rayon qəzetlərində çalışan müxbirlərin yüksək sənətkarlıqla yaratdıqları publisistik nümunələrdə biz həmin dövrün insanlarının həyatı, fəaliyyəti, məişəti barədə maraqlı məlumatlar əldə edirik.
Rayon qəzetlərinin II Dünya müharibəsi dövründəki fəaliyyəti də maraqlıdır. Həmin dövrdə burada çalışan müxbirlər öz qələmlərini süngüyə çevirdi. Qəzetlər müxtəlif səpkili yazılarla öz oxucularını qələbəyə ruhlandırır, mübarizəyə səsləyirdi.
Müharibədən sonrakı dövrdə də hökumət mətbuatın səfərbəredici gücündən ideoloji təbliğat vasitəsi kimi istifadə edirdi. Bu mənada, 1946-1947-ci illərdə qəzetlərin fəaliyyətində böyük canlanma duyulur. Rayon qəzetləri təkcə həyatın işıqlı tərəflərini deyil, həm də cəmiyyətdəki neqativ halları, problemləri cəsarətlə açıb göstərirdi. Hər bir rayon qəzeti muxtar respublikanın ictimai-siyasi, sosial həyatının işıqlandırılmasında, qabaqcıl əmək, yaradıcı və ziyalı adamların portretlərinin yaradılmasında mühüm rol oynayırdı.
Sov İKP MK 1959-cu il iyulun 31-də “Qəzet və jurnalların zərərlə işləməsinə son qoymaq haqqında” Qərar qəbul etdi. Bu qərarla əlaqədar olaraq 1959-cu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikasında rayon qəzetlərinin nəşri dayandırıldı.
“Şərq qapısı” qəzetinin 5 may 1966-cı il tarixli sayında oxuyuruq: “Sov İKP MK Rəyasət heyətinin qərarına əsasən rayon qəzetləri yenidən bərpa olunmuşdur. Həmin qərara əsasən 1966-cı ilin yanvar ayından Naxçıvan Muxtar Respublikasında “Yeni Ordubad” (Ordubad rayonu), “Zəfər” (Culfa rayonu), “Qabaqcıl” (Şahbuz rayonu) və “İşıqlı yol” (Şərur rayonu) qəzetləri çıxmağa başlamışdır”.
Rayon qəzetlərinin yenidən nəşrə başlamasından etibarən mövzu genişliyi, janr əlvanlığı, operativlik qəzetlərin başlıca fəaliyyət istiqamətinə çevrilmişdir. Qəzetlərin ana dilimizə, milli-mənəvi dəyərlərimizə qayğıkeş münasibəti, ənənə və novatorluqda normativliyi əsas götürməsi bu mətbu orqanları mükəmməl bir yaradıcılıq məktəbinə çevirmişdir.
Odövrkü mətbuat üçün ən üstün cəhətlərdən biri də qəzetdə tez-tez mənzum felyetonların dərc olunması, eybəcərlik və nöqsanlara qarşı cəsarətlə mübarizə aparılması, oçerklərə geniş yer ayrılması idi. Həmin dövrdə müəssisələrdə hazırlanan divar qəzetlərinin təbliği də xüsusi yer tutur. Bu barədə “Yeni Ordubad” qəzetinin sovetlərin 5 may mətbuat gününə həsr olunmuş 1966-cı il (№32) sayında dərc olunmuş “Mətbuat xalqın tribunasıdır” adlı yazıda oxuyuruq: “Divar qəzetləri sənaye və kənd təsərrüfatı zəhmətkeşlərinin qüvvəsini, dövlət planlarının yerinə yetirilməsini səfərbər etməkdə xeyli iş görürlər. Belə ki, sənaye müəssisələrində, kolxoz və sovxozlarda, məktəblərdə, idarələrdə 90 adda aylıq divar qəzeti buraxılır”.
1966-1989-cu illərin rayon qəzetlərinin, demək olar ki, heç birində rastlaşılmayan, yalnız “Yeni Ordubad” qəzetində nəzəri cəlb edən bir məqam var. “Sosialist ölkəm”, “Sovet Azərbaycanım”, “Böyük Oktyabr”, “Demokratik SSRİ” kimi şüarların daha çox səsləndirildiyi bir dövrdə “muxtar respublikamızda” sözünə rast gəlmək olduqca əhəmiyyətli nüansdır. “Yeni Ordubad” qəzetinin 3 noyabr 1966-cı il (№88) tarixli sayında Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirləri əks etdirən xəbərlər məhz “Muxtar respublikamızda” başlığı ilə dərc olunmuşdu.
Bu dövrün qəzetlərində maraqlı məqamlardan biri ilə “Zəfər” qəzetində (Culfa rayonu) rastlaşırıq. Qəzeti “Xalq yaradıcılığı” adı altında müxtəlif şifahi xalq ədəbiyyatı nümunələrini oxuculara təqdim edir. Muxtar respublikanın hər bir rayon qəzetində olduğu kimi, “Zəfər” qəzetinin də səhifələrdə kifayət qədər tənqidi materiallara rast gəlmək olur. Bu cəhətdən qəzetin 9 fevral 1984-cü il (№18 (2718)) sayı xüsusilə fərqlənir. “İynə” adlı satirik guşədə “Danışa bilsəydim”, “Qanımızı qaraltmayın”, “Çayxanadır yoxsa...” adlı yazılarda rayonun müxtəlif kəndlərində mədəniyyət evlərinin, çayxanaların xoşagəlməz fəaliyyəti tənqid olunur.
1966-1988-ci illərin rayon qəzetlərini nəzərdən keçirəndə bir heyrətamiz faktla da qarşılaşırıq. Sovet təbliğat maşınının 70 il ərzindəki dini, milli dəyərlərdən uzaqlaşmaq kimi təbliğinə, muxtar respublika sakinləri sanki heç bir reaksiya verməyib. Aşkarda, gizlində hər bir insan öz inamını, etiqadını davam etdirib.
Bu gün 1972-1989-cu illərin ictimai-siyasi mənzərəsini gözlərimiz önündə canlandırsaq, həmin dövrdə sovet hakimiyyətinin mətbuat üzərində necə ciddi senzura yaratdığını görə bilərik. Buna baxmayaraq, muxtar respublikanın rayon qəzetlərində Azərbaycançılıq ideologiyasına xidmət edən çoxlu yazılar dərc olunub. “Ordubadın bəzi mikrotoponimləri haqqında”, “Ordubadın qədim yer adları”, “Azərbaycan dili dövlət idarələrində”, “Kərkinin taleyi”, və digər maraqlı məqalələr yurdumuzun tarixini özündə əks etdirərək xalqa aşılamağa çalışırdı.
1988-1993-cü illərdə respublikada nəşr olunan bütün mətbu orqanların vəziyyəti, demək olar ki, eyni dərəcədə acınacaqlı idi. Belə şəraitdə rayon qəzetlərindən öz istəklərinə uyğun istifadə etməyə çalışan “meydan qəhrəmanları” buna nail ola bilmədiklərindən tez-tez redaksiyalara təzyiqlər göstərilir, onları iş otaqlarından çıxarıb qapıları bağlayırdılar. Həmin illəri xatırlayanlar yaxşı bilirlər ki, məhz bu səbəblərdən, vaxt olub ki, həftələrlə redaksiya və mətbəə işçiləri gündüzlər deyil, məhz gecələr işləməyə məcbur olub. Öz oxucuları ilə vaxtaşırı görüşə biliblər.
1988-1993-cü illərdə Azərbaycanda, o cümlədən Naxçıvanda baş verən proseslər muxtar respublikanın rayon qəzetlərinin fəaliyyətində də özünü göstərməyə bilməzdi. Ulu öndərin Naxçıvanda tarixi xilaskarlıq missiyasını həyata keçirdiyi dövrdə Naxçıvan Vilayət Həmkarlar Şurasının “Ağrıdağ” qəzeti də nəşr olunmağa başlamışdır. Qəzet qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, milli şüurun oyanmasında əhəmiyyətli rol oynamışdır.
Bu dövrdə ermənilərin əsassız torpaq iddiaları ilə üzləşən xalqımız mətbuat orqanlarında da buna xüsusi yer ayırırdı. Məsələn, “Qabaqcıl” qəzetinin (Şahbuz rayonu) 22 avqust 1989-cu il (№98 (3687)) sayında oxuyuruq: “Qarabağ, biz səninləyik! Əziz həmvətənlərimiz! Xalqı bu çətin imtahandan yalnız onun pozulmaz birliyi və möhkəm iradəsi çıxara bilər”.
“Əkinçi” qəzetinin 9 avqust 1876-cı il tarixli (№15) sayındakı “Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olar” fikri 100 ildən sonra – 1980-ci illərin sonlarında muxtar respublikanın bölgə qəzetlərinin əsas devizinə çevrilmişdi.
Muxtar respublikada milli şüurun oyanmasında və özünüdərk prosesinin formalaşmasında yerli mətbuatda vətənpərvərlik, milli dəyərlər, özünəqayıdış, azadlıq, müstəqillik ruhunda dərc olunan yazılar mühüm rol oynadı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından, muxtar respublikaya rəhbərlik etməyə başlamasından sonra Naxçıvan mətbuatı da yeni dövrə qədəm qoydu. Bu dövrdən Azərbaycanın suverenliyi, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşması, siyasi sabitlik, ictimai gərginliyin aradan qaldırılması və digər ümummilli məsələlər Naxçıvanın söz tribunasının əsas qayəsini əhatə etdi. Azad söz və sərbəst fikir, kütləvi informasiya vasitələrinə yeni baxış da bu dövr üçün xarakterikdir.
Ağır günlər keçirən Naxçıvan Muxtar Respublikasının 1990-1993-cü illəri əhatə edən dövrü olduqca gərgin, ziddiyyətli, eyni zamanda tələbkar bir dövr idi. Bu məqamda muxtar respublika mətbuatı öz fəaliyyəti ilə xalqı azadlıq mübarizəsinə, həmrəyliyə çağırırdı. Şübhəsiz, bu çağırışların nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası SSRİ-nin tərkibindən çıxdı, SSRİ-nin bərpa edilməsi üçün keçirilən referendumu boykot etdi və dünya azərbaycanlılarının həmrəyliyi Naxçıvandan başladı.
1990-cı illərin əvvəllərində muxtar respublikanın rayon qəzetləri öz tirajını və dövriyyəliliyini xeyli azaltmış, ondan sonrakı illərdə isə fasilələrlə nəşr olunmuşdur. Xalqımızın ümummilli lideri, dahi rəhbər Heydər Əliyev Ali Məclisin Sədri kimi fəaliyyəti dövründə burada kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Bununla bərabər o, vaxtaşırı yerli mətbuat nümayəndələri ilə görüşür, nəyi və necə yazmağı, ümummilli maraqlara qulluq etməyin nədən ibarət olduğunu onlara aşılayırdı.
Müasir dövrdə mətbuat orqanlarına olan hərtərəfli dövlət qayğısı kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliyinin yaranmasına səbəb olub. Bunun nəticəsidir ki, qəzetlərin maddi-texniki bazası mərhələli şəkildə möhkəmləndirilib, yaradıcılıq imkanları artırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2000-ci il 29 mart tarixdə “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması tədbirləri haqqında” imzaladığı Sərəncam mətbuatın inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Həmin sərəncamın icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən qəzet redaksiyalarının maddi-texniki bazaları xeyli gücləndirildi.
Müstəqillik dövrümüzdə muxtar respublikada rayon qəzetlərinin adları ilə yanaşı, fəaliyyət istiqamətləri də genişlənib. Naxçıvan şəhərində “Nuh yurdu” (1996), Sədərək rayonunda “Oğuz yurdu” (2000), Kəngərli rayonunda isə “Yeni həyat” (2005) qəzetləri və “Naxçıvan” ictimai-siyasi və elmi-publisistik jurnalı (1998) fəaliyyətə başlayıb.
2010-cu ildə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin yüksək maddi-texniki təchizatla təmin olunması nəticəsində rayon (şəhər) qəzetlərinin burada böyük formatda və rəngli çap olunması, ümumən, ölkəmizin mətbuat həyatında mühüm hadisəyə çevrildi.
Kütləvi informasiya vasitələrinə dövlət qayğısının növbəti ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 19 sentyabr tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılması muxtar respublikanın mətbuat tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu.
Bu gün muxtar respublikada 8 rayon (şəhər) qəzeti dərc olunur. Naxçıvanın rayon mətbuatı fikir plüralizmini, əqidə, söz azadlığını, dövlətçilik amalını özünün başlıca meyarları hesab edərək ictimai-siyasi prosesləri operativ və tərəfsiz əks etdirməyə çalışan, milli maraqları üstün tutan mətbuat orqanları kimi fəaliyyət göstərir.
XXI əsr bəşəriyyətin yeni sivilizasiya dövrüdür. Bu dövrün ən xarakterik xüsusiyyətlərinin, dəyərlərin formalaşması və onun prinsiplərinin mənimsənilməsi prosesində media, jurnalistika ən mükəmməl vasitədir. Mətbuat millətin inkişaf göstəricisi, tarixin yazılı salnaməsi, ictimai fikrin formalaşma strukturudur. Kütləvi informasiya vasitələri sırasında yaranma tarixinə görə televiziya, radio, internet və digər informativ vasitələrdən öncə gələn qəzetçilik anlayışı günümüzdə də aparıcı mövqeyini qorumaqda, müasirləşərək dövrün tələbinə uyğun formalaşmaqdadır.

Məmməd Babayev
Naxçıvan Televiziyasının Ədəbi-bədii verilişlər
redaksiyasının baş redaktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR