İngilisdilli "China Daily" qəzetində "Qədim Azərbaycanın minillik tarixinin yaşadıldığı məkan – Gəmiqaya abidəsi" sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri Rauf Əliyevin (Kəngərli) müəllifi olduğu məqalədə Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri Naxçıvan diyarının qədim sivilizasiya məkanı olduğu vurğulanıb. Qeyd edilib ki, bura insanlığın tarixi keçmişinin yadigarı olan qədim abidələr, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəllərlə zəngindir. Bu mənada Naxçıvanın minillik tarixinin şahidi olan Gəmiqaya abidəsi diqqəti daha çox cəlb edir.
Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya abidələrinin tədqiqinə 1970-ci illərdə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyinin birinci dövründə başlanıb. Məqalədə 1987-ci ilədək davam edən tədqiqat işlərindən söhbət açılır. Həmçinin təəssüflə bildirilir ki, 1980-ci illərin sonlarından tədqiqatlara ara verilib. Yaranmış boşluqdan istifadə edən millətçi erməni "tədqiqatçıları" gizli şəkildə Gəmiqayada tədqiqat aparıblar. Üzdəniraq erməni "alimləri" "Navsarın qaya təsvirləri" və "Naxçıvanın memorial abidələri və relyefləri" adlı materiallarda tarixi saxtalaşdırmaq sahəsində öz ənənələrinə sadiq qalaraq, Azərbaycan xalqının ən qədim yadigarı olan Gəmiqaya abidələrini heç bir elmi əsas olmadan erməni abidəsi kimi qələmə verməyə çalışıblar.
Məqalədə deyilir ki, ötən illər ərzində Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülüb. Ali Məclis Sədrinin 2001-ci il aprelin 26-da imzaladığı "Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında" Sərəncamından sonra Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilib, bu mövzuda onlarla elmi məqalə və kitablar yazılıb, "Gəmiqaya" Tarix-Bədii Qoruğu yaradılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib. Həmçinin ətrafdakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanıb. 2013-cü ildə "Gəmiqaya" Tarix-Bədii Qoruğu və muzey üçün bina istifadəyə verilib.
Gəmiqaya təsvirlərini daha da dərindən öyrənmək məqsədilə 2016-cı ilin avqust ayında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi mütəxəssislərindən ibarət "Gəmiqaya" ekspedisiyası yaradıldığını diqqətə çatdıran müəllif yazıb ki, ekspedisiya qayaüstü rəsmlərin yayıldığı 136 hektar ərazidə olub, 2040 daş üzərində 7477 təsvir qeydə alıb. Bu tədqiqatların nəticəsi kimi, 2020-ci ilin iyun ayında "Gəmiqaya qayaüstü rəsmləri" adlı fundamental kitab ərsəyə gəlib.
Sonda vurğulanıb ki, qədim insanların həyat tərzi, qədim adət-ənənələri ilə əlaqədar yaranmış Gəmiqaya rəsmləri qiymətli tarixi və təsviri sənət nümunələri kimi bundan sonra da insanlıq tarixinin və mədəniyyətinin ilkin inkişaf mərhələlərini xronoloji ardıcıllıqla izləməyə və öyrənməyə imkan verəcək.
Məqalə ilə daha ətraflı aşağıdakı linkdən tanış ola
bilərsiniz: https://www.chinadaily.com.cn/a/202007/16/WS5f1065bea31083481725a06b.html
Qeyd edək ki, ümumilikdə, 100 milyondan çox çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə abunəçisi olan “China Daily” təkcə Çində deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzetlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxuculardan çoxdur. Qəzetin Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Honkonqda ayrıca versiyaları dərc olunur.