Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının kollektivi oxucuları ilə budəfəki onlayn görüşündə Ernest Heminqueyin “Qoca və dəniz” əsərinin müzakirəsini keçirib.
Onlayn müzakirənin moderatoru, kitabxananın direktor müavini Kəmalə Ağayeva tədbiri açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilmiş kitabların böyüməkdə olan uşaq və yeniyetmələrin tərbiyəsində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Kitabxanaçı Məsmə Cəfərova Ernest Heminqueyin həyat və yaradıcılığından danışaraq qeyd edib ki, XX əsrin görkəmli Amerika yazıçısı Ernest Heminquey öz bədii yaradıcılığı ilə Amerika ədəbiyyatının şöhrətini bütün dünyada təsdiqlədən böyük söz ustalarından biridir.
Kitabişləmə və kataloqlaşdırma şöbəsinin müdiri Nüşabə Seyidova “Qoca və dəniz” əsərində oxucuya ötürülən müsbət keyfiyyətlər” mövzusundakı çıxışında qeyd edib ki, Ernest Heminqueyin “Qoca və dəniz” povesti ömrünü balıq tutmaqla keçirən qoca Santyaqonun həyatından söhbət açır, onun öz balıqçı sənətini gənclərə öyrətməsindən bəhs edir. Qoca dənizçinin dənizi və oradakı balıqları necə sevdiyini, hətta balıqların aclıq məcburiyyətindən tora düşdüyünü bilsə də, özünün yaşaması üçün balığın ölməsinin vacib olduğunu gənc dostlarına həmişə danışmağı xoşlardı. N.Seyidova “Qoca və dəniz” povestinin oxuculara, xüsusilə yeniyetmə və gənclərə təsiri haqqında fikirlərini bildirib, onların mübarizə ilə həyatda çox şeyə nail ola biləcəklərini vurğulayıb.
Sonda kitab haqqında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti