Mütaliəyə orta məktəbdə oxuyarkən maraq göstərməyə başlamışam. Bu marağı məndə ədəbiyyat fənnini tədris edən Rəşadə Seyidova yaradıb və buna görə də özümü ona borclu sayıram. Hələ orta təhsil illərində Rəşadə müəllimənin tövsiyəsi ilə dünya və Azərbaycan ədəbiyyatından müxtəlif əsərləri oxumuşam. Tədricən kitablar yaxın dostlarıma çevrilib. Çünki mütaliə insanların söz ehtiyatının zənginləşməsində, həyata baxışlarının formalaşmasında, nitq qabiliyyətinin inkişafında ən yaxşı vasitədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı isə biz gənclərə düzgün mütaliə istiqaməti verməklə bilik və dünyagörüşümüzün formalaşmasında, milli mənəviyyatımızın zənginləşməsində başlıca rol oynadı. Onu da deyim ki, həmin sərəncamla təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer almış əsərlərin bəzilərini orta məktəbdə təhsil aldığım illərdə mütaliə etmişəm. İndi isə oxumadığım kitabları oxuyuram. Onlardan biri xalqımızın qəhrəmanlıq dastanı olan “Kitabi-Dədə Qorqud”dur. Onu da deyim ki, orta məktəbdə bu dastanın bəzi hissələri ilə tanış olmuşdum. Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə-Qorqud” filminə dəfələrlə baxmışdım. Ancaq əsərin özünü bütövlükdə oxumaq istəyirdim. Və yay tətili günlərində “Kitabi-Dədə Qorqud”u mütaliə etməyə başladım.
Bu böyük əsəri oxuduqca düşündüm ki, doğrudan da xalqımız ulu tarixə və şərəfli keçmişə malikdir. Hər vaxt öz torpaqlarının keşiyində durub, gözəl adət-ənənələri olub. Kişiləri ilə bərabər, qadınları da qəhrəmanlıqlar göstəriblər. Məncə, hər bir gənc fəxr edə bilər ki, belə xalqın övladıdır.
Müqəddimə və on iki boydan ibarət olan bu möhtəşəm əsərdə hər boy bir dastandır. Dastanların əsas mövzusunu qədim oğuz tayfalarının yadelli işğalçılara qarşı mübarizəsi təşkil edir. Dastanda təsvir olunan XI-XII əsrlərdəki hadisələr Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ və başqa yerlərdə baş verir. Hər dastanda isə oğuzların bir qəhrəmanlığı ilə tanış olursan.
Dədə Qorqud bir el ağsaqqalıdır, oğuz tayfalarının yol göstərənidir. Onun hər bir sözü oğuzlar üçün qanundur. Dədə Qorqud toy, yas, bayram mərasimlərinin başında durur, yeni doğulanlara ad qoyur. Maraqlı orasıdır ki, oğuzlarda oğlan uşaqlarına ad onların göstərdikləri hansısa bir şücaətdən sonra verilir. Məsələn, dastanda Basata və Buğaca verilən adlar onların şücaəti ilə bağlıdır. Məncə, bu da onu göstərir ki, Oğuz türkləri həmişə qəhrəmanlıqlar dolu həyat yaşayıblar, hər an düşmənin qəfil hücumlarına hazır olublar. Dastanlarda verilən vədə sadiq qalmaq, etibarlı olmaq da diqqət çəkir. Bu baxımdan Qaraca Çoban surəti daha çox xoşuma gəlir. Yeri gəlmişkən, elə həmin boydan öyrənirik ki, oğuzlarda namusla, qeyrətlə yaşamaq onlar üçün ən yüksək keyfiyyətdir. Məsələn, ana qırx qadın içərisində tanınmasın deyə, öz oğlunun ətindən bişiriləcək kababı yeməyə hazırdır.
Dastanlarda qadına böyük hörmət göstərilir, onlar kişilərlə bərabər döyüşlərdə iştirak edir, qurşaq tutur, at minir. “Kitabi-Dədə Qorqud”da ana surəti ilə o dövrdə bu müqəddəs varlığa bəslənilən məhəbbət diqqəti çəkir.
Dastanda xalqımızın qədim adət-ənənələrinə böyük ehtiramla yanaşıldığını da görürük. Bu sırada toy və yas mərasimləri xüsusi yer tutur. Oğuzlar həmin mərasimlərə ciddi əməl edirlər.
Həmin dastan oxumağı bütün gənclərə tövsiyə edirəm.
Günay İBRAHİMOVA
Naxçıvan Dövlət Universitetinin
III kurs tələbəsi