22 Dekabr 2024, Bazar

Muxtar respublikamızda uğurla həyata keçirilən sosial-iqtisadi  islahatlar doğma diyarımızın iqtisadi qüdrətinin artmasına, regionların sürətli inkişafına, yaşayış məntəqələrinin abadlaşdırılmasına, vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşmasına səbəb olub. Həyata keçirilən islahatlar, sürətlə davam edən abadlıq-quruculuq işləri hər bir naxçıvanlının qəlbində fərəh və qürur hissləri oyadır. Çünki bu gün hər bir vətəndaş muxtar respublikada gedən inkişafın bəhrələrini gündəlik həyatında, maddi təminatının yüksəlməsində açıq-aydın hiss edir. Uğurlu inkişaf strategiyası, davamlı sabitlik nəticəsində qazanılan bütün nailiyyətlər isə muxtar respublikamızda şəhər və kəndlərin, qəsəbələrin yeniləşməsinə geniş imkanlar yaradıb. 

Abadlaşan, hər addımda müasirliyilə gözoxşayan, qəlbə fərəh bəxş edən ünvanlardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsidir. Bu yaxınlarda qəsəbədə olarkən orada gördüklərim məni valeh etdi. Adıçəkilən ünvana kiminsə yolu düşsə, işgüzarlıq və fəallığın, heyrət doğuracaq inkişafın şahidi olar. Son vaxtlar bu bölgəmizə yeni həyat, yeni nəfəs bəxş olunub. İnsanlarda qurub-yaratmaq əzmi daha da artıb. Bu əzmi artıran isə, heç şübhəsiz, Şahbuzun inkişafına göstərilən diqqət və qayğıdır. Bu qayğının ən böyük ifadəsi qəsəbəyə yaraşıq verən kompleks quruculuq işləridir. Yaşayış məntəqəsində məktəb, qəsəbə və xidmət mərkəzləri tikilib. Mənzillər dayanıqlı təbii qaz, elektrik enerjisi və rabitə xidməti ilə təmin olunub. Bundan başqa, burada avtomobil yolu yenidən qurulub, yaşayış binaları təmir edilib.
Həmsöhbət olduğumuz müəllimlər şagirdlərin elmin sirlərinə dərindən yiyələnmələri üçün hər cür şəraitin yaradıldığını söylədilər. Bildirdilər ki, muxtar respublikamızda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, ilk növbədə, xoşbəxt və firavan gələcəyimizə hesablanıb. Təhsilli, vətənpərvər gənc isə gələcəkdə həm ölkəsi, həm də cəmiyyət və ailəsi üçün yararlı olacaqdır. Biz müəllimlər yaradılan hərtərəfli şərait müqabilində gənclərin mükəmməl təhsil alması və əsl vətəndaş kimi yetişdirilməsi üçün əlimizdən gələni əsirgəmirik.

Qəsəbədə xidmət mərkəzinin tikilib istifadəyə verilməsi sakinlərin sevincini birə-beş artırıb. Əvvəllər bu qəsəbənin sakinləri alış-veriş etmək üçün rayon mərkəzinə və digər yerlərə üz tutmalı olurdular. Xidmət mərkəzinin istifadəyə verilməsi mövcud çətinlikləri aradan qaldırıb. Xidmət mərkəzinin qarşısında qəsəbə sakini Hüseyn Rəsulovla söhbətləşdik. Onun dedikləri: – Qəsəbədəki quruculuq işləri kənd sakinlərinə layiq olduqları səviyyədə yaşamaları üçün həyata keçirilən tədbirlər olmaqla yanaşı, muxtar respublikanın gündən-günə artan iqtisadi qüdrətinin göstəricisidir. Dünənki mağazamız hara, məktəbimiz hara, bu gün gördüklərimiz hara? Bütün bu yaradılanlar və xoşbəxt güzəranımız üçün dövlətimizə minnətdarıq.
Badamlı qəsəbəsində sakinlərin əsas məşğuliyyətlərinin bağçılıq, əkinçilik, maldarlıq və əsasən, quru meyvəçilik olduğunu öyrəndik. Burada sakinlər ailə təsərrüfatlarının yaradılmasına xüsusi maraq göstərirlər. Qəsəbə sakini Bahar Seyidova öz təsərrüfatında həm meyvəçilik, həm də tərəvəzçiliklə məşğul olur. Onun bağında mövsümə uyğun olan meyvələr var. Alma, armud, alça, fındıq, 18 cəviz və 64 badam ağacı əkib. Hər il də yaxşı məhsul götürür, bazar və yarmarkalara çıxarır. Bahar Seyidovanın dedikləri: – Lap kiçik yaşlarımdan ailəmizlə birlikdə torpaqla təmasda olmuşam. Beləcə, sonralar da ömrümü-günümü ata-babalarımızın savab iş saydığı bağ salıb, ağacların qayğısına qalmaq, bar-bəhər üçün min bir zəhmət çəkmək işinə həmişəlik bağlamışam. Bax, bağımda gördüyünüz anjola meyvəsinin, şivini Türkiyə Respublikasından gətirib burada calaq etmişəm. Bazara çıxarıb yaxşı da gəlir götürürəm.
Qəsəbə sakinləri ilə etdiyim söhbətdən məlum oldu ki, əvvəlki yollar bərbad vəziyyətdə idi. Xüsusən də qış aylarında. Qəsəbə avtomobil yolunun yenidən qurulması sakinlərin bu problemlərinə son qoyub. Belə ki, 5,3 kilometrlik avtomobil yoluna yeni asfalt örtük salınıb, yolun kənarlarında 3090 metr məsafədə beton su kanalı çəkilib. Yol boyunca 53 su keçidi tikilib, 2 körpü əsaslı təmir olunub. Yolun tikintisi zamanı çay yatağında sahilbərkitmə işləri aparılıb, 2400 metrlik qəsəbədaxili yollara isə qum-çınqıl qatı verilib. Qəsəbə sakini Beytulla Baxşəliyevin söhbəti: – Sözün həqiqi mənasında, qürur hissi duyuram, ona görə ki, doğulub boya-başa çatdığım, ömürboyu yaşadığım bu qədim yurd yeri bu gün inkişafının ən yüksək mərhələsindədir. Bilirsinizmi, buna necə nail olunub? – Ulu öndərin yoluna ehtiram və sədaqət göstərməklə. Bu gün təkcə naxçıvanlılar deyil, bütün xalqımız görür ki, bu yolun alternativi yoxdur.
Turizm baxımından da Badamlının özünəməxsus xüsusiyyətləri vardır. Badamlıya birgünlük gələn turistlər belə, bütün gün ərzində Yemişandərə, Ordu bulağı, Fərəməz bulağında yaddaqalan, mənalı istirahət edə bilərlər.
Qəsəbə mineral suyuna görə də ad-san qazanıb. “Mineral suların təbii muzeyi” adlandırılan muxtar respublikada 200-dən artıq mineral su mənbəyi mövcuddur ki, onlardan biri də Badamlı qəsəbəsindədir. “Badamlı” mineral su yatağı Badamlı qəsəbəsinin cənub-qərbində, dəniz səviyyəsindən 1274 metr yüksəklikdə yerləşir. Yatağın suyu çoxdebitli 5, azdebitli 20 bulaqdan ibarətdir. “Badamlı” suyunun istehsal tarixinə qısa ekskursiya etdikdə aydın olur ki, 1945-47-ci illərdə geologiya-minerologiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında ərazidə elmi-tədqiqat işləri aparılaraq burada mineral su yatağı olduğu aşkarlanıb, müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə edilməsi məqsədəuyğun hesab olunub. Bu su təkcə Badamlı qəsəbəsini deyil, ümumilikdə, Azərbaycanı tanıdıb. Lakin ötən əsrin 90-cı illərindəki ağır günlər zavodun fəaliyyətinin dayanmasına səbəb olub. Müstəqillik illərində muxtar respublikamız blokada şəraitində yaşamasına baxmayaraq, uzun fasilədən sonra “Badamlı” suyunun da əvvəlki şöhrətini özünə qaytardı. 2004-cü ildə “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən özəlləşdirilən müəssisə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən fəaliyyətə başladı. 2009-cu il avqustun 3-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən, ümumi sahəsi 9 min 590 olan bina, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan “Badamlı” Mineral Sular Zavodu istifadəyə verildi. Mineral suya tələbatın artması yeni müəssisənin qurulmasını zərurətə çevirdi və muxtar respublika rəhbərinin göstərişi ilə “İxrac ili”ndə illik istehsal gücü 150 milyon şərti butulkaya çatdırılan yeni zavod may ayının 22-də istifadəyə verildi. Zavodun açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Badamlı mineral suyu 1947-ci ildən istehsal olunur. İlkin vaxtlar istehsal sadə formada aparılmış və mövcud su ehtiyatlarından tam istifadə olunmamışdır. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirilən tədbirlər çərçivəsində “Badamlı” mineral suyunun da istehsal həcmi artmış, yeni zavod qurulmuş və məhsulun 90 faizi ittifaq ölkələrinə göndərilmişdir. Qısa müddətdə “Badamlı” mineral suyuna böyük tələbat və rəğbət yaranmışdır. Lakin təəssüflə qeyd etməliyik ki, ötən əsrin 90-cı illərinin acı nəticələri digər sahələr kimi, “Badamlı” suyunun istehsalına da ciddi ziyan vurmuş, zavodun fəaliyyəti dayandırılmışdı. “Badamlı” mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə başlanılmışdır. Həmin il Badamlı qəsəbəsindən Naxçıvan şəhərinə qədər su xətti çəkilmiş və yeni zavod istifadəyə verilmişdir. Xarici bazarda “Badamlı” suyuna tələbatın artması yeni zavodun tikilməsini zəruri etmişdir. Eyni zamanda mineral su ixracına sertifikat verən təşkilatların rəylərində də qeyd olunur ki, mineral sular mənbədən ən çox 3 kilometr məsafəyə daşınaraq istehsal olunmalıdır. Bütün bunlar əsas götürülərək iqtisadi dəyərləndirmə aparılmış və Badamlı qəsəbəsində yeni zavod tikilmişdir”.
Zavodda istehsal, filtrasiya, kompressor bölmələri, xammal, hazır məhsul, ehtiyat hissə, nümunə məhsullarının saxlanılması anbarları və laboratoriya vardır. İstehsal bölməsində 3 sudoldurma xətti yaradılıb, Türkiyənin “Ektem” və Fransanın bu sahədə dünya üzrə məşhur “Sidel” şirkətlərinin ən müasir avadanlıqları quraşdırılıb. İkimərtəbəli inzibati binada işçilərin rahatlığı nəzərə alınaraq iş və texniki otaqlar istifadəyə verilib.
Adıçəkilən zavodun istifadəyə verilməsi daxili bazarın keyfiyyətli məhsullarla təmin olması ilə bərabər, həm də yeni iş yerlərinin yaradılmasına səbəb olub. Ali Məclisi Sədrinin də dediyi kimi: “Yeni zavod yeni iş yerlərinin yaradılması, iş yerlərinin yaradılması isə ailələrin rahat yaşayışının təmin olunması deməkdir. Ona görə də kollektiv qurulan avadanlıqları qorumalı, suyun keyfiyyətli istehsal olunmasına və zavodun səmərəli fəaliyyətinə çalışmalı, mütəxəssis kimi formalaşmalıdır”.
İxrac olunduğu ölkələr sırasında Rusiya Federasiyası, Qazaxıstan, İraq, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digərlərinin yer aldığı “Badamlı” mineral süfrə suyu beynəlxalq sərgilərdə böyük maraqla qarşılanır.
Qədim tarixi abidələri, turizm potensialı ilə seçilən Şahbuz rayonu bu gün inkişafının yeni mərhələsinə qədəm qoyub. Burada gedən quruculuq işləri ilə yaxından tanış olmaq üçün bir gün qısa bir müddətdir. Çünki bu qədim oğuz, türk yurdunda gedən inkişafı, sürətlə davam edən quruculuq proseslərini öyrənməyə nəinki bir gün, hətta həftələr yetməz. Rayonda olduğum müddətdə bir daha əmin oldum ki, inkişafın, tikilib-qurulanların arxasında muxtar respublikada qətiyyətlə aparılan quruculuq və inkişaf siyasəti durur. Elə bu andaca qəlbimdən bir kəlmə bunu demək keçir: qurub-yaradan əllər var olsun...

Nuray ƏSGƏROVA
jurnalist
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR