25 Dekabr 2024, Çərşənbə

Babək Rayon Mədəniyyət Evində milli poeziyamızın iftixarı olan şair, tərcüməçi, publisist Məmməd Arazın 80 illik yubileyi münasibətilə ədəbi-bədii gecə keçirilib. Gecənin qonaqları əvvəlcə  rayon Mədəniyyət Evinin foyesində təşkil edilən, böyük şairin həyatı və yaradıcılığını əks etdirən sərgiyə baxıblar.
Tədbirdə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri  Aybəniz Babayevanın, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağırovanın, Uşaq Kitabxanasının müdiri Təranə Əliyevanın çıxışları olub.

Çıxışlarda qeyd edilib ki, Azərbaycan torpağını Arazsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan milli poeziyasını da Məmməd Arazsız təsəvvür etmək çox çətindir. Azərbaycan əlli milyonluq bir xalqın – azərbaycanlıların şəriksiz Vətəni olduğu kimi, Məmməd Araz yaradıcılığı da əlli milyonluq xalqımızın şəriksiz poeziyasıdır, ədəbiyyat, bədii düşüncə və təfəkkürünün vətənidir. Bu da ondan irəli gəlir ki, bu poeziyada hər bir oxucu öz hisslərini, düşüncə və təfəkkürünü görür, dərk edir, özünü bir çox məqamlarda Məmməd Araz yaradıcılığı ilə ifadə etmiş olur. Zamanın kəsişən və kəsi­şməyən nöqtələrində bütün ömrü boyu “hər adi ölçüyə, ülgüyə” gəlməyən Məmməd Araz ədəbiyyata, böyük poeziyaya bütöv Vətən kimi baxırdı. Məmməd Araz böyük sözün – Vətənin sərhədində həmişə alınmaz bir səngər, basılmaz ordu gücünə malik olan söz mülkünün tacidarıdır. Hər bir şairin və ümumiyyətlə, yaradıcı adamın əbədi və əzəli bir ilham mənbəyi var. Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır.
Bildirilib ki, tarixin bütün dönəmləri bir həqiqəti təsdiq edib;  Vətənin, millətin ağır günündə iki böyük qüvvə öndə dayanıb: biri millətin, Vətənin sərkərdəsi, biri də o millətin, Vətənin yetirdiyi böyük qələm və söz adamları. Yaxın keçmişimizin keçdiyi tarixi yol da bu həqiqəti bir daha təsdiqlədi. Təsdiqlədi ki, böyük ədəbiyyat olmadan böyük ictimai-siyasi təfəkkür də ola bilməz. Məmməd Araz poeziyası bütün çalarları ilə bu böyük missiyanın ağırlıqlarını çiynində daşıyan poeziyadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı istiqlal şairi Məmməd Araz irsinə, poeziyasına ən böyük ehtiramın və hörmətin ifadəsidir. Bu sərəncam bir daha onu göstərdi ki, bu gün də Məmməd Araz mənən Vətən və Azərbaycançılıq məfkurəsi uğrunda gedən döyüşlərin ön sırasındadır.
Sonra rayon Mədəniyyət Evinin “Zabul” İnstrumental Ansamblının ifasında şairin şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib, onun şeirləri bədii qiraət olunub.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR