Rusiyanın çox milyonlu müsəlman əhalisinin həyatı rus mətbuatında zəif işıqlandırılır və buna görə də rus cəmiyyəti arasında müsəlmanlar haqqında təsəvvür həmişə mübhəm və bəzən də yanlış olub.
Rus mətbuatını izləyən və rus cəmiyyətində dolanan ziyalı müsəlmanların hamısının ümumi fikri belədir.
Bu cür kədərli vəziyyət onunla izah edilir ki, rusiyalı ziyalı müsəlmanlar nəinki müsəlmanların özünəməxsus tarixi taleyi, hüquqları və adətləri ilə, hətta öz ana dilləri ilə tanış deyillər.
Və bu, əlbəttə ki, onların günahı deyil.
Rus məktəblərində doğma müsəlman dilinin tədrisi olduqca pis, çox məhdud qurulub və həm nazirlik proqramları, həm də pedaqoji heyətin şəxsi mülahizələrinə əsasən ona qətiyyən diqqət yetirilmir. Rus məktəblərinə qəbul olunanadək müsəlman məktəblərində doğma dili öyrənmək isə qəbul üçün qoyulan yaş həddi səbəbindən mümkün deyil.
Bax buna görə də rusiyalı ziyalı müsəlmanlar öz xalqı ilə qəzet və jurnal məqalələrindən, özü də pərakəndə, sistemləşdirilməmiş və heç bir ümumi ideya ilə birləşdirilməmiş məqalələrdən öyrənmək məcburiyyətindədirlər.
Rus təhsilinin ən böyük qüsurlarından biri, yeri gəlmişkən, Avropa dillərinin öyrənilməməsi hesab edilir və bu dilləri bilməmək başqalarından çox təhsilli müsəlmanların maraqlarına zərər verir, çünki Avropa dillərində həm sırf elmi araşdırmalar, həm də ədəbiyyat və publisistika sahəsində müsəlmanlara aid çox şey edilib.
Avropa təhsili alan müsəlman öz xalqına münasibətdə tamamilə başqa anlayışları və baxışları olan ziyalı təsiri bağışlayır.
Müsəlman həyatının elmi tədqiqi üçün Avropa alimləri, özlərinin etiraf etdiyi kimi, mənbə olaraq, şübhəsiz ki, müsəlman ədəbiyyatı – həm elmi, həm də tarixi – nümunələrini istifadə ediblər. Müsəlmanlar haqqındakı xarici ədəbiyyat nümunəvi tərcümə əsərlərində müsəlman ədəbiyyatından bəhs edir.
Beləliklə, təhsilli müsəlmanların öz xalqı haqqında biliklərindəki boşluq Avropa dillərinin öyrənilməsi ilə doldurula bilər.
Doğma dili və ədəbiyyatı öyrənmək istəyən bir çox təhsilli müsəlmanlar müsəlman yazı qaydalarının öyrənilməsinin çətinlikləri qarşısında dayanırlar.
“Bu “hədərən-pədərəni” dəyişdirin, bu yazını yumşaq, hamı üçün anlaşılan edin və baxın görün müsəlman həyatı necə tərəqqi əldə edəcək”, – onlar deyirlər.
Fikrimizcə, müsəlman yazısı və onun dəyişdirilməsi haqqında məsələ çox mühüm və ciddi məsələdir və onu bir qələmlə həll etmək mümkün deyil, indilik isə bircə müsəlman yazısının çətinliyi ilə özünə bəraət qazandırmaq məntiqli deyil.
Əgər bu “hədərən-pədərəni” avropalı öyrənə bilirsə, həm də mükəmməl öyrənə bilir, onu təhsilli əslən müsəlmanların özləri niyə öyrənə bilmir?
Bu kiçik məqalədə bütün söylədiklərimizin qısa xülasəsi budur:
Rusiyalı müsəlmanların həyatı rus mətbuatında çox cüzi işıqlandırılır.
Rus ədəbiyyatında müsəlman həyatına dair ciddi və mötəbər araşdırmalar, demək olar ki, yoxdur, əgər belələri varsa da, yalnız xarici ədəbiyyatdadır.
Nə doğma, nə də Avropa dillərini bilməyən rus təhsilli müsəlmanlar öz millətləri, həmdinləri haqqında demək olar ki, bütün rus cəmiyyəti kimi yanlış fikirdədirlər.
Buradan da təhsilli Rusiya müsəlmanları üçün mühüm bir zərurət yaranır ki, dərhal ya ana dilini, ya da xarici dilləri öyrənməyə başlasınlar, ondan ötrü ki, öz xalqlarının həyatı ilə tanış olub ona daha yaxınlaşsınlar və xalqın qabaqcıl mədəni hissəsi kimi faydalı olsunlar.
E.Sultanov
“Zakavkazskaya reç” qəzeti №-47, 1915-ci il