25 Dekabr 2024, Çərşənbə

Bu il oktyabr ayının 14-də yaradıcılığı vətənpərvərlik duyğuları ilə yoğrulan Xalq şairi Məmməd Arazın anadan olmasından 80 il ötür. Məmməd Araz yaradıcılığı, istedadı, şəxsiyyəti ilə müasir poeziyamızda özünəməxsusluğu ilə səciyyələnən bütövlük, ucalıq, kamillik mücəssəməsidir. Bu da həqiqətdir ki, şairin ünvanına 300-dən çox nəzirə-şeir yazılıb. Cəsarətlə demək olar ki, istər Azərbaycan ədəbiyyatında, istərsə də dünya ədəbiyyatında bu xoşbəxtlik çox az insana nəsib olub. 50 il Məmməd Arazla dostluq edən, ədibin yaradıcılığının vurğunu, qələmindən çıxan hər bir sözə dərindən bələd olan Akif Mədətovla şairin yaradıcılğı haqda söhbət etdik.

Akif müəllim ixtisasca iqtisadçıdır. Amma poetik duyumu gənc yaşlarından onu söz ustadlarının, söz sənətkarlarının yaradıcılığını mənimsəməyə sövq edib. Zaman ötdükcə bu sövdalıq Akif müəllimə ustadların, sənətkarların yaradıcılığı haqqında qiymətli fikir yürütmək bacarığı aşılayıb.
–  Akif müəllim! Məmməd Araz ədəbiyyatımızda vətənpərvər şair kimi tanınır, hətta şairin şerindən iki misra dillər əzbəri olub:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
İstərdim söhbətimizə elə burdan başlayaq. Şairin daha hansı şeirlərini göstərmək olar ki, bu şeirlərdəki tərənnüm Vətənin vətəndaşının Vətən dilində tərənnümüdür?

– Məmməd Araz poeziyasında Vətən torpağının gözəllikləri, onun müstəqilliyi təkrarolunmaz poetik istedadla tərənnüm olunub, Vətənin dahi oğullarının Vətən qarşısındakı xidmətləri, Vətənin tarixi taleyinə qara hərflərlə yazılan hadisələr geniş şəkildə poetik ustalıqla öz əksini tapıb. Vətən torpağı, onun toxunulmazlığı şair üçün çox müqəddəsdir, canından əzizdir. Bu müqəddəslik, bu əzizləmə ədibin bu dünyadakı nişanəsi olan məzarı üzərindəki başdaşına da həkk olunub:
    Gülüm, bir də görüşünə yubansam,
    Adımı tut, harda dağlar dumansa.
    Gözünü sıx, hansı daşda su yansa,
    O daş altda Məmməd Araz yaşayır.
Ermənistanla müharibənin qızğın çağında heç bir şairin demədiyini Məmməd Araz dedi, özü də pıçıltıyla yox, harayla. Məmməd Araz harayı ərşə dayandı:
    Varım, yoxum, səninləyəm,
    Azım, çoxum, səninləyəm,
    Şirin yuxum, səninləyəm.
    Yıxın məni söz atından,
    Atın məni tank altına.
    Əzin məni xıncım-xıncım.
    Didin məni didim-didim,
    Atın məni tank altına!
    Qundaqdakı bir körpəni
    Xilas edim.
    Səninləyəm, haqq-ədalət, səninləyəm,
    Milli qürur, milli qeyrət, səninləyəm.
–  Akif müəllim, Məmməd Araz həmişə ulu öndər Heydər Əliyev tərəfindən böyük qayğı ilə əhatə olunmuşdur. Bu haqda nə deyə bilərsiniz?
Məmməd Araza ulu öndərin qayğısı çoxcəhətli idi. Birincisi, respublikada ilk üç “İstiqlal” ordeni alan şairlərdən biri Məmməd Araz oldu. Sonra 1993-cü il mayın 8-də şair xəstəliyi ilə əlaqədar həyat yoldaşı Gülxanım müəllimə ilə birlikdə Almaniyaya müalicəyə göndərildi. Almaniyanın Frankfurt şəhərində müalicə olundu. Məmməd Araz Bakı şəhərində yüksək səviyyədə təmir edilmiş üçotaqlı mənzillə təmin edildi. Ədəbiyyatdan, elmdən xəbərdar olan hər bir insan gözəl bilir ki, ulu öndərimiz Heydər Əliyev böyük sənətkarları həmişə diqqət mərkəzində saxlayırdı, onlara atalıq qayğısı göstərirdi.
Ulu öndər şairin 60 illik yubiley tədbirində sona qədər iştirak etdi. Yubiley tədbiri başa çatdıqdan sonra Bəxtiyar Vahabzadənin, Anarın, şairin həyat yoldaşının iştirak etdiyi kiçik bir məclisdə Məmməd Arazın yaradıcılığına bir daha yüksək qiymət verərək dedi: “Bəzi insanlar elə bilirlər ki, onlar əbədidir, dünyanı tutub qalacaqlar. Daha bilmirlər ki, şairin dediyi kimi:
    Bu get-gəllər bazarına dəvədi dünya,
    Bu ömür-gün naxışına həvədi dünya.
    Əbədiyə qəh-qəh çəkər əbədi dünya,
    Dünya sənin, dünya mənim,
    Dünya heç kimin.
Budur ədəbiyyat, budur poeziya, budur Məmməd Araz hikməti”.
– Siz Məmməd Arazla bağlı yazılarınızda dönə-dönə qeyd edirsiniz ki, Məmməd Araz tale şairidir. Bu fikrinizi, mümkünsə, bir az daha geniş açıqlayın.
– Dünya və Azərbaycan ədəbiyyatının Puşkin, Bayron, Lermontov, Səməd Vurğun kimi korifey şairlərini oxuduqdan sonra mən bu fikrə gəldim ki, bəli, Məmməd Araz tale şairidir. İnsan taleyi, insanın ömür yolunda buraxdığı səhvlər yaş ötəndən sonra, ömrün ixtiyar çağına qədəm qoyduqda yada düşür; bu xatırlama onu kövrəldir, bəzənsə göynədir. Bu hisslər, sözün həqiqi mənasında, Məmməd Araz poeziyasında öz əksini tapdığı qədər, demək olar ki, heç bir şairin yaradıcılığında bu dərəcədə hiss olunmur.
– Tale şairi olmaq nə deməkdir?
– Bu, o deməkdir ki, Məmməd Arazı oxuyan hər bir oxucu öz taleyinin hansısa anını, məqamını şairin yaradıcılığında görür. Sanki şair bu insanın taleyini qələmə alıb. Şairi insanımıza sevdirən birinci və ən böyük amil budur. Onun  müxtəlif şeirlərindən götürülmüş aşağıdakı misralara diqqət yetirək:
    İki çırpı bir ocaqda gün ağlar,
    Od səngiyər, köz sızıldar, kül ağlar,
    Yaş ötəndə yada düşər günahlar.
    Kim yıxıldı, kim haqlayan olmadı,
    Kimdən kimə gün ağlayan olmadı.
Və ya
    Dilim dinməz, kirpiklərim səs elər,
    Necə xoşdu, ürəyimi kəs elə.
    Qalan ömrə yarım ürək bəs elər,
    Aldat məni, unut məni, at məni.
Və ya
    Öyünəsi bircəm idin, birimdin,
    Üz tutası qibləm idin, pirimdin.
    Taleyimə dan ulduzu bilirdim,
    “Karvanqıran” olmağın da olarmış.
Dan ulduzu sübhə qədər yanır, nur saçır, “karvanqıran” isə bir neçə saat yanır, sonra sönür. Şair qeyd edir ki, “taleyimə dan ulduzu bilirdim”, yəni elə bilirdim ki, sən mənim ömür yoluma sona qədər nur, işıq saçacaqsan. Nə bilərdim ki, “karvanqıran” ulduzu kimi yanıb sönəcəksən. Bu qəbil şeirlərin sayını artırmaq da olar.
– Məmməd Arazın ən çox sevdiyiniz şeiri hansıdır?
– Şairin şeirlərinin hamısını bütün varlığımla sevirəm. Aşağıdakı ən çox sevdiyim misraları oxucularla bölüşmək istəyirəm.
    Hələ yeriyirəm qəlbimlə qoşa,
    Hələ çoxlarına örnəyəm, bala.
    Qoca büdrəyəndə büdrəyən qoca,
    Körpə ağlayanda, körpəyəm, bala.
– Məmməd Araz şəxsiyyəti, bu şəxsiyyətin obyektivliyi, Azərbaycanda milli təfəkkürün yaranmasında, çağdaş ədəbiyyatın formalaşmasında rolu barədə nə demək istərdiniz?
– Mənim fikrimcə, Məmməd Arazın şəxsiyyəti şairliyini, şairliyi isə şəxsiyyətinin bütövlüyünü, ucalığını müəyyən edir, tamamlayır.
Fikrimin təsdiqi üçün şairin yazdığı iki şerə diqqət çəkmək istərdim.
Birinci, onu qeyd edim ki, şair ötən əsrin 70-ci illərinin sonlarında gəzinti zamanı mənə çox kövrək hisslərlə dedi ki, gör Məmməd Aslan Azərbaycanı necə vəsf edib, xalqını özü qədər sevməyən şair bu misraları yaza bilməz. Məmməd Aslan yazmışdı:
    O çağlayan gur bulaqlar, çağlar mənim ürəyimdə,
    Neçə şirin xatirəni saxlar mənim ürəyimdə.
    Səndən başqa, Azərbaycan, nə var mənim ürəyimdə?
Gülümsədi, bir az da kövrəldi. “Məmmədin bu şerinə nəzirə yazacağam”, – dedi və yazdı. Özü də necə yazdı. Şeir belə adlanır: “Məmməd Aslana”.
    Bəxtimə bir yazı qurumu dəydi,
    Taxtıma iki əl qırımı dəydi.
    Gözümə bir Araz şırımı dəydi,
    Yüz Araz töküldü gözümdən mənim.
“Yazı qurumu” “Gülüstan” sülh müqaviləsini hazırlayanlara, “iki əl” Azərbaycanı iki yerə parçalayan qüvvələrə, “Araz şırımı” isə “Gülüstan” müqaviləsindən sonra Araz çayının sərhəd olmasına işarədir.
İkinci şeri şair Musa Yaquba yazıb: “Dağlara söykənən dağlara söykən”.
    Dağlar ərköyünlər atası deyil,
    Kimini xurcuntək çiyninə asa.
    Hellənc sapandına qoyub kimini
    Dərələr dibinə atası deyil.
Birinci şeirdə şair oxucunu oyaq olmağa, ayıq olmağa, tarixindən ibrət dərsi almağa, ikinci şeirdə isə insanları ləyaqət hissini uca tutmağa səsləyir.
– Akif müəllim, son olaraq nə demək istərdiniz?
– Müsahibənin sonunda Xalq şairinin 80 illik yubileyinin qeyd olunması ilə bağlı imzalanmış sərəncamlara, Məmməd Araz yaradıcılığına qayğıkeş diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz dərin minnətdarlığımı bildirirəm. Çox böyük diqqətə görə sağ olsunlar, çox böyük qayğıya görə sağ olsunlar. Məmməd Arazın yubileyinin belə təntənəli keçirilməsinə bütün Azərbaycan xalqı sevinir. Şairin dostu və pərəstişkarı kimi mən daha çox sevinirəm.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR