Xalq şairi Məmməd Araz zəngin yaradıcılıq yolu keçmişdir. Onun “Üç oğul anası” (1961), “Araz axır” (1964), “Anamdan yadigar nəğmələr” (1966), “Ömür karvanı” (1967), “Atamın kitabı” (1974), “Dünya sənin, dünya mənim” (1983), “Qayalara yazılan səs”, “Daş harayı” kimi onlarla əsəri ədəbiyyatımızın və pedaqoji fikir tariximizin qızıl fonduna daxil olmuş, şairi respublikamızın hüdudlarından çox-çox uzaqlarda tanıtmışdır.
Məmməd Araz mənsub olduğu xalqın həyatını, mənəvi aləmini, psixologiyasını, adət-ənənələrini dərindən bilən şairlərimizdən biri olmuşdur. Onun hər bir şerində xalqın təfəkküründən qidalanan nikbinlik, təbiilik hakimdir. Xəlqilik, xalq ruhunun inikası onun əsərlərinin daxili məzmunundan, ümumi ruhundan, bədii, estetik keyfiyyətlərindən doğur.
O, qələmə aldığı mühitin, hadisənin mahiyyətinə, məzmununa nüfuz etməyi, qəhrəmanlarının daxili aləmini, xarakterini açmağı, onları öz həyat tərzlərinə, dünyagörüşlərinə uyğun şəkildə təsvir etməyi, danışdırmağı bacaran, fikirlərini yığcam, lakonik ifadə edən orijinal üsluba, xüsusi dəst-xəttə malik bir şairdir:
Uzaqdan-uzağa xoşuna gəlsəm,
Məni dindirməyə tələsmə hələ.
Tanımaq istəsən məni əzəl sən,
Tanış ol bu kiçik şeirlərimlə.
Gözəl təklifdir. Şairin mənəvi aləmi ilə tanış olmaq üçün oxucular onun ürəkoxşayan şeirlərini dönə-dönə, yorulmadan oxuyurlar. Hər şeydən əvvəl, şair yaradıcılıq ehtirası ilə coşan, həyat və mübarizə sevgisi ilə yaşayan nikbin bir vətəndaş idi. Məmməd Araz hədər keçən günləri və saatları ömür hesab etmir, həyatın qiymətini ömrün mənalı keçən anları ilə ölçürdü:
Səhərlər yuxudan tez oyat məni,
Qoyma axşamlar da tez yatım, ana
Bir qara daş bilər bu həyat məni,
Yuxularda keçsə həyatım, ana!
Dahi alman şairi və filosofu İ.V.Höte şairliyin mahiyyətindən bəhs edərək yazırdı: “Nə qədər ki bir qələm sahibi özünün xırda subyektiv duyğularını ifadə edir, hələ ona şair demək olmaz. Lakin mühitini, gerçəkliyi qavrayıb onu ifadə etməyin yolunu tapanda həmin adam şairə çevrilir”. Bu mənada Məmməd Araz “Üç oğul anası”, “Mən də insan oldum”, “Atamın kitabı”, “Kəndim, balacasan, çox balacasan”, “Qoca arıçı ilə söhbət” poema və şeirlərində mühiti, gerçəkliyi, sevinci, kədəri, ümid və istəkləri, dövrün şirinli-acılı həqiqətlərini əks etdirməyi layiqincə bacaran bir şair olmuşdur.
Məmməd Arazın “Üç oğul anası” poemasında canlı insan həyatı, real həyat lövhələri ilhamla verilmişdir. Şairin qəhrəmanı mərd oğullar anasıdır. Ananın oğlanları itkin düşəndən sonra keçirdiyi iztirablar, nəhayət, onun ölüm səhnəsi, habelə anaya el qayğısı elə təsvir edilmişdir ki, sanki müəllif bu hadisələrin şəxsən iştirakçısı olmuş, o da ana ilə birlikdə günlərlə, aylarla uzaq yollara göz dikib, heç zaman qayıtmayacaq əsgər oğullarının yolunu gözləmişdir. Faşizmin törətdiyi qanlı cinayətlərin ana ürəyindəmi, yoxsa şair ürəyindəmi daha artıq həyəcan doğurduğunu söyləmək çətindir. Çünki şairlə, onun subyektiv aləmilə mövzu qaynayıb qarışmış, bir sintezə çevrilmişdir. Şair ana surətinin xarakter cizgilərini, əsasən, intizar və ölüm səhnələrinin təsvirində aydınlaşdırır. Müəllif hadisələrin sonunu poemanın əvvəlində təsvir edir. Bu ədəbi priyom əsərə qarşı marağı daha da artırır. Poemada ananın fərdi nisgili dünyəvi mahiyyət daşıyan ictimai narahatlıq fonunda açılır.
Bu ananın qəzəbi məhəbbətindən, məhəbbəti isə qəzəbindən daha dərin və daha güclüdür. O, ölümdən belə, qorxmur. Ölümə qarşı aciz, ümidsiz bir ana kimi yox, üsyankar kimi dayanmışdır. Ölümə xitabən ananın dediyi sözlər bu baxımdan diqqətçəkicidir.
Qıy vursam, dağlar da düşər lərzəyə,
Bu saatca külün sovrular göyə.
Yetməzmi zəhrimar yağdı dilindən?
Bir gün də yaxşılıq gəlsin əlindən.
Demirəm yaşayım beş yüz il, min il;
Mənə ömür deyil, möhlət gərəkdir.
İtil gözlərimdən, ey ölüm, itil,
Gülsənəm oğulsuz ölməyəcəkdir...
Bir kəndə, bir elə etibarım var,
Mənim dağlar yıxan oğullarım var.
Qara yel əsəndə çöllərimizə,
Ölüm gətirəndə yağılar bizə
Onları göndərdim ölümə qarşı –
Onda tökülmədi mənim göz yaşım.
Götür qılıncını, məndən uzaq gəz,
Ölüm öldürənin anası ölməz.
İtil, Gülsənəmi tək qarı bilmə!
Bəlli olur ki, ana qəlbinin nifrəti də şəfqəti qədər tükənməz imiş.
Şair sanki analarımıza bəslədiyi sonsuz ehtiramı ifadə etmək üçün bu obrazı yaratmışdır.
Müharibə ananın arzuyla, ümidlə böyütdüyü oğlanlarını məhv edir. Ana xalq məhəbbəti və qayğısı ilə əhatə olunsa da, bu həsrət ananın saçlarını ağardır, qəddini əyir. Ananı öldürən həsrət duyğularını şair ustalıqla təsvir edir:
Yandı sınıq qəlbi, yandı yenə də,
Nə yaxın, nə də ki uzaq eşitdi.
Yandı: ümidi də, təsəllini də –
Ürək eşitmədi, qulaq eşitdi.
...Günlər atlı oldu, günlər tez ötdü,
Nə vaxtsız, vədəsiz qocaldı arvad!
Gözünün yağıyla oğul böyütdü,
Ocaqlar başında tək qaldı arvad.
Dünyaya gəlmiş oğullar ali məqsəd naminə Dunay sahilində şəhid olurlar. Beləliklə, “Üç aslan biləkli oğul anası özgələr çiynində gora gedir”. Lakin ananın ölümü oxucunu nə qədər pərişan etsə də, oxucu bədbinliyə qapılmır. Çünki burada sanki ana öz ölümü ilə ölümə qələbə çalır. Ümumiyyətlə, ana surəti poemada mərdlik və paklıq simvolu kimi təqdim edilir. Hər bir oxucuda dosta məhəbbət, düşmənə nifrət hissləri tərbiyə edən bu poema, insan iztirablarının təsvirini xeyirxah qüvvələrin mənfur qüvvələr üzərində qələbəsinin təsdiqi kimi qəbul olunur.
Şair bu əsəri nəcib bir məqsədlə qələmə almışdır.
Şimşəklər qanadım, sellər ilhamım,
Küləklər nəfəsim qoy olsun bu gün!
Qəlbimin bu sadə şeriyyətindən
Bir ana heykəli qoyulsun bu gün!
Poemanın mərkəzində duran əsas ideya “Müharibə olmasa” şerində tamamlanmışdır. Elə bil ki, bu şeir “Üç oğul anası” poemasının düşündürücü xülasəsi, mənalı sonluğudur.
Sevənlər aləmində
Nə qəm, nə həsrət olar.
Bəşərin gülləsi – söz,
Sözü – məhəbbət olar –
Müharibə olmasa!
Göründüyü kimi, şair bəşəriyyətin sülh və əmin-amanlıq arzusunu təbii boyalarla təsvir etmişdir.
Yekun olaraq qeyd edək ki, Məmməd Araz yaradıcılığı insanın arzu və istəklərinin ifadəsi olan fəlsəfi məzmunlu əsərlərdən ibarətdir. Bu tərənnüm və ifadə şairin əsərlərində sistem təşkil edir. Yəni bir yaradıcılıq nümunəsindəki ideyalar digərində böyük ustalıqla təsvir edilməklə ifadə olunur, öz həllini tapır.
Kamal CAMALOV
pedaqogika üzrə fəlsəfə doktoru, dosent