İlk şeri mətbuatda 1952-ci ildə dərc olunan, yarıməsrlik zəngin yaradıcılıq yolu keçən ustad sənətkarımız Məmməd Arazın qələmindən çıxmış dəyərli əsərlər çağdaş Azərbaycan ədəbiyyatının inkişafında, ideya-bədii yüksəlişində çox mühüm rol oynamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinın Sədri cənab Vasif Talıbovun “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 8 iyun 2013-cü il tarixli Sərəncamında qeyd olunduğu kimi: “Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır”.
Xalqın hikmət xəzinəsindən güc alan Məmməd Arazın poeziyasında soykökə, ulu yaddaşa, mentalitetə bağlılıq xüsusi yer tutur. Görkəmli şairin yaradıcılığında xalqımızın əsrlərin sınağından çıxmış adət-ənənələri, mənəvi dəyərləri, əxlaqi qənaətləri özünün dolğun ifadəsini tapmışdır. Bu da təsadüfi deyil, çünki şair uşaqlıqdan xalq nağılları, dastanları, adət-ənənələri ilə yaxından tanış olmuş, onun dünyagörüşü, həyata baxışı belə bir möhtəşəm təməl əsasında pərvəriş tapmışdır. “Nənəmin kitabı” şerindəki xatırlamalar da bu həqiqətdən soraq verir:
Sinəmə el sazı asdı o kitab,
Sinəmə çox kitab yazdı o kitab...
Nənəmin qəlbindən qəlbimə doldu,
Məni şair edən o kitab oldu.
O kitabın səsi el səsi idi,
O kitab nənəmin sinəsi idi.
Məmməd Araz poeziyası xalq müdrikliyindən bəhrələnən duyum və deyim tərzinin geniş təzahürü ilə səciyyələnir. Şair milli mentalitetimizin, dünyagörüşümüzün əsasında dayanan inamlara böyük ehtiramla yanaşır, yeri gəldikcə onları poetik fikrin axarına məharətlə daxil edir. Məsələn, bəllidir ki, hələ lap əski çağlardan əcdadlarımız suyu müqəddəs saymış, paklıq, duruluq rəmzi kimi ona and içmişlər. M.Araz “Atamın kitabı” poemasında baba-nənələrimizin dünyagörüşündə bu gün də yaşamaqda davam edən həmin ənənəyə diqqət yönəldərək yazır:
Bəzən and içiblər: “Duruluq haqqı”,
Bundan ummayıblar bir qulluq haqqı.
O da məlumdur ki, ulularımız gördükləri bəd yuxunun xeyrə calanması üçün onu müqəddəs saydıqları axar suya danışmışlar. İndi də bu qədim el inamının izləri mənəvi dünyamızda qalmaqdadır. Həmin məqama diqqət yetirən M.Araz fikrini belə ümumiləşdirmişdir:
Nənəm deyib, babam deyib bu misalı,
“Axar suya yuxunu de sübh çağı;
Bəd yuxunu alıb yuyar, parçalayar;
Yaxşı səmtə, yaxşı yönə haçalayar”.
Şairin əsərlərində yurd yerinin, ocağın, bütövlükdə, milli varlığın rəmzi, xalqın ulu yaddaşının əbədiyyəti kimi mənalandırılması, böyük məhəbbətlə tərənnümü də milli-mənəvi dəyərlərə möhkəm bağlılığın və dərin ehtiramın bədii ifadəsi şəklində üzə çıxmışdır. Şair “Ata ocağı” şerində vurğulayır ki, xalqımız üçün od-ocaq həmişə müqəddəs olmuş, and yeri sayılmışdır. Evə, ocağa pənah gətirən ilana da ocağın müqəddəsliyi xatirinə dəyib-toxunmamışlar:
Burda neçə nəsil baş əyib oda,
Nənələr əl basıb ocaq daşına.
Burda dəyməyiblər ilanlara da
Pənah gətirəndə ocaq başına.
İstedadlı söz ustadının haqlı qənaətinə görə, bir ocağın sönməsi bir evin, bir tifaqın yox olmasıdır, xalqın itkisidir, düşmənin sevinməsidir. Ona görə də hər bir kişi od-ocağın keşiyində durmalı, bu yolla xalqın, millətin əbədiyyətinə, inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına çalışmalıdır. Müəllif “Ata ocağı” şerində bütün bunları dünyagörmüş müdrik atanın övlada nəsihəti, tövsiyəsi kimi təcəssüm etdirmişdir:
Babandan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhəsidir.
Apar bu ocağı evində yandır,
O, gözdən qor alır, gözdən odlanır.
Kişi yer üzündə od qoruyandır,
Kişi ona görə kişi adlanır.
“Qoca əmim belə dedi” şerində də Azərbaycan mentalitetində xüsusi yeri olan Kişilik məfhumu əsl xalq təfəkkürünə uyğun tərzdə poetik fikrin mərkəzinə çəkilmişdir:
Kişilərdən haray qalıb, ad qalıb bizə,
Nakişinin səpdiyi dən qum bitiribdi.
Sən arabir bu yerlərə özgə kimi gəl,
Qərib yolçu donunda gəl şər qarışanda:
Gör atının yedəyini tutan olurmu?..
Söz çəkməyə sözdən düzgün tərəzi yoxsa,
Etibarın “para”, “bütün” çeşidi yoxsa,
Dul arvadın çəpərinə daş atan yoxsa,
“Üçayaqlı uşaqlara” sataşan yoxsa,
Demək, burda kişi ölür, kişilik ölmür.
Məmməd Arazın əsərlərində ailə məfhumu da məhz milli-mənəvi ənənələr və dəyərlər kontekstində məharətlə mənalandırılmışdır. “Deyirlər ki” şerində “insan ömrünü bir yaza, ailəni isə onun gül-çiçəyinə” bənzədən şair sağlam ailəni, geniş mənada, millətin, dövlətin təməli sayaraq fikrini belə ümumiləşdirmişdir:
Bir küncü də isindirməz tək nəfəs,
Hər quşun da yuvası var, tayı var.
Bəs bir evin qayğısından qaçan kəs
Bir ölkənin qayğısını nə duyar?
Şairin mövqeyi belədir ki, ailədə, cəmiyyətdə ağsaqqalın da, cavanın da, qadının da, kişinin də öz yeri var və xalqımızın dünyagörüşündə, həyata baxışında, yaşam tərzində həmişə bu cəhətlər nəzərə alınıb. Ulularımız tövsiyə ediblər ki, uşaqla uşaq, böyüklə böyük olmaq gərəkdir. M.Araz da “Od kimi, su kimi” şerində bu hikmətə üz tutur:
Hələ yeriyirəm qəlbimlə qoşa,
Hələ çoxlarına örnəyəm, bala!
Qoca büdrəyəndə büdrəyən qoca,
Körpə ağlayanda körpəyəm, bala!
“Ağsaqqalı birinci söz allahı” sayan şair təəssüflənir ki, bəzən qocalara ehtiramın yerini onların qəlbinə toxunan sözlər tutur. “Qocaya: “Nə yaman qocalıb, az işlə, ömrünə az qalıb”, – deyənlər tapılır”. Ailədə ananın rolunu yüksək qiymətləndirən, “Çırağı anaymış ata yurdunun”, – deyərək ana ülviyyətinə ehtiramla baş əyən sənətkar gənc qızlara da nəsihətlərini dilə gətirir:
Eşqiniz olmasın çürük sap kimi,
Əllərdə gəzməyin bir kitab kimi.
Kimisə məst edən al şərab kimi,
Axıb hər badəyə dolmayın, qızlar!
O da ibrətamizdir ki, M.Arazın əsərlərində əsl gözəlliyin zahiri görünüşdən daha çox mənəviyyatla bağlı olması fikri dəfələrlə vurğulanır. Şair “Utanma, qara qız” şerində təmizqəlbli, pak əxlaqlı, zəhmətkeş Azərbaycan qızını vəsf edir, öz milli kökündən ayrılıb yad təsirlərə qapılanları, zərərli dəblərə uyanları isə qınayır:
Xarici kinolardan
Təzə yeriş öyrənən,
Ayrı bir təbəssüm,
Ayrı bir gülüş öyrənən
Qızlar mələk də olsa,
Mənim zövqümcə deyil.
Bu baxımdan şairin “Göy arxalıq” şerində ifadə olunan mənəvi-əxlaqi qənaətlər xüsusilə təqdirəlayiqdir. Bütün varlığı ilə xalqa bağlı olan şair keçmişə ağız büzüb ondan üz döndərənlərə sərt münasibətini bildirir. Bir zamanlar çəmbər çarıq, göy arxalıq geyən baba-nənələrimizdən söz açmağı özlərinə yaraşdırmayanları, “yad alıxdan çul qapanları”, hər şeyi alınma sayan, hətta yerişini də xaricilərə bənzədən, “dalı-dalı yeriməyi yenilik sayan” kosmopolitləri, nihilistləri pisləyir, onlara əslini danmamağı məsləhət bilir, belələrinə üz tutaraq istehza ilə deyir:
Deyək, elə babamız da,
Nənəmiz də külək geyib, hava yeyib?
Qəbirləri sökək bəlkə?
Babaların torpaq olmuş sümüyünü
Biz sintetik qəbirlərə tökək bəlkə?
Ya bilmərrə danaq. Deyək:
Heç olmayıb dünənimiz,
Nə nənnimiz, nə nənəmiz, nə nəmimiz.
Şair öz mövqeyini, milli-mənəvi dəyərlərə ehtiramını açıq ifadə edir, “keçmişini danmadığını, dünənki göy arxalıqdan utanmadığını” bildirir.
Ümumiyyətlə, Məmməd Arazın yaradıcılıq amalı milli dəyərlərə, xalqımızın yüz illər boyu formalaşıb sabitləşmiş əxlaqi-didaktik qənaətlərinə söykənir. Bu cəhətdən bəşər yaranandan onun yol yoldaşına çevrilən xeyir və şər, yaxşılıq və pislik kimi əbədi və əzəli məfhumların onun poeziyasında ifadə olunan mənəvi dəyərlər sistemində xüsusi yer tutması təsadüfi deyil. “Ölüm yaxşılığı” şerindəki:
Pislik şeytan əməlidir, – deyərdi babam –
Yüz pisliyin darğasıdır bir namərd səsi –
misraları bəd əməllərin xəbis mahiyyətini açıqlayırsa, “Yaxşılıq” şeri xalqımızın dünyagörüşündə, ənənəsində təmənnasız, minnətsiz xeyirxahlığın müvafiq mövqeyindən soraq verir:
Yaxşılıq – neçə min ilməli hana,
Nəsildən nəsilə qalan varımız.
Fəqət yaxşılığı başa qaxana
Kişi deməyibdir babalarımız.
Bütövlükdə, Xalq şairi Məmməd Arazın qiymətli ədəbi irsində milli-mənəvi dəyərlərimizin bədii təqdimi, bu əsasda poetik müstəviyə gətirilən əxlaqi-didaktik fikirlər geniş yer tutur və böyük tərbiyəvi əhəmiyyət daşıyır.
Hüseyn HƏŞİMLİ
filologiya elmləri doktoru