Görkəmli şair Məmməd Araz müxtəlif vaxtlarda “Əməkdar mədəniyyət işçisi”, “Xalq şairi” fəxri adlarına, Dövlət mükafatına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ən ali mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif olunmuşdur. Onun üçün bütün mükafatların ən alisi ürəklərə köçüb yaşayası öz sözü, öz səsidir. Xalq şairinin yaradıcılığına verilən yüksək qiymətin, həyat və yaradıcılığının öyrənilməsinə göstərilən diqqət və qayğının davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 sentyabr 2013-cü il tarixli və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 8 iyun 2013-cü il tarixli sərəncamları ədəbiyyata, maddi-mənəvi irsə, ziyalılığa, milli poeziyaya göstərilən qayğının bariz nümunəsidir.
Məmməd Araz yaradıcılığı zəngin və çoxşaxəlidir. Sovetlər dövründə çoxlarının cəsarət edə bilmədiyi Vətən tarixinin ciddi problemlərini, parçalanmış Azərbaycanın yanğılı səsini yalnız Araz şairi yaza bilərdi. Məmməd Araz xalqın taleyüklü məsələlərini özünəməxsus sənətkar qələmi ilə, ahəngdar dil, təsvir və ifadə vasitələri ilə, ən başlıcası isə vətəndaş yanğısı ilə qələmə almışdır.
Bütün zamanlarda kamil insanlar iki ömür yaşayırlar: qısa fiziki ömür, bir də qərinələrə, əsrlərə sığmayan mənəvi və əbədi ömür. İkinci ömrü yaşayanlar həyatlarını xalqına təmənnasız xidmətə həsr edən şəxsiyyətlərdir. Belə insanlar yazarkən, yaradarkən “mən yazıram, yaradıram”, – deyə haray çəkmirlər. Bu, onlar üçün vətəndaşlıq mövqeyi, Vətənə övlad olmaq borcudur. Sadəlik və səmimiyyət, halallıq və düzlük, mənəvi zənginlik və ruhi təmizlik onların yaradıcılığının qayəsi, bəzəyidir. Təsvirçilikdən, ritorikadan uzaq olan Məmməd Araz poeziyasının məqsədi həmişə böyük olmuşdur. Bu poeziyada Vətən torpağının ətri, gözəlliyi, məhəbbət motivlərinin əks-sədası, dünənin, bu günün, sabahın səsi var. Məhz aşağıdakı misralarda şair sübut etməyə çalışır ki, bu yolda ən öndə getməyə və şəhid olmağa hazırdır:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub, qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim,
Xəzanımdır, xəzanımdır, xəzanım.
Dünənimi döşdən asan deyiləm,
Dünənimə qəbir qazan deyiləm,
Ürəyimsiz kəlmə yazan deyiləm,
Nə qədər ki öz əlimdir yazanım.
Yana-yana yaşamaq, bu yanğı ilə nurlu ömür sahibi olmaq Məmməd Arazın tale qisməti imiş.
Vətəni doğma ana qədər sevmək, ona bağlanmaq hər bir vətəndaşın borcudur. Şairin öz ata ocağı, doğulduğu dağ kəndi Nursu, uşaqlıqdan qarış-qarış gəzdiyi boz qayalar, çopurlu daşlar, buz bulaqlar, dağlar onun varlığında, qanında idi. M.Araz şeirlərində bu yerlərin tərənnümü son dərəcə təbiidir:
Budur, uşaqlığım keçən o yerlər –
Çadırdaş ətəyi, Nursu bulağı.
Burda böyümüşəm, burda deyirlər;
İnana bilmirəm, bilmirəm axı, –
deyən şair sonradan, bütövlükdə, Azərbaycanı eyni duyğu və istəklə, sevgi və yanğı ilə tərənnüm edirdi. Vətən torpağının bütövləşməsi onun poeziyasında qabarıq şəkildə özünü büruzə verir. Məhz bu poeziya müəllifi olduğuna görə ağır totalitar sovet rejiminin mənəvi qurbanlarından biri də məhz Məmməd Araz oldu. Öz sağlamlığını Vətənə, onun mayasına, qayəsinə qurban verdi. Bütün varlığı ilə milli-mənəvi dəyərlərimizə, Vətənin hər daşına, qayasına sahib çıxmağa çalışdı:
Azərbaycan – mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan”deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər!!!
Məmməd Arazın yaradıcılığında millilik bəşəriliklə vəhdət təşkil edir. Milli birlik, daxili zənginlik və bütövlük, mənəvi və ictimai azadlıq şairin ömürlük həyat amalı olmuşdur. Vətən tarixinin problemlərini Məmməd Araz öz yaradıcılığı boyu, çoxlarından fərqli olaraq, cərəyan edən tarixi hadisələri, bir növ, xüsusi xronoloji ardıcıllıqla xalqa zamanında poetik dillə çatdıra bilmişdir.
Zaman-zaman xalqa məqsədli şəkildə unutdurulan tarixi keçmişimizə həssaslıq Məmməd Araz yaradıcılığında önəmli yer tutur. O hələ sovetlər dövründə (1967-ci ildə) Vətən torpağında açılan “Araz boyda şırım”ı və bu parçalanmaya qədər Vətənin böyük kişilərinin bir araya gələ bilməmələrini xüsusi ürək yanğısı ilə qələmə almışdır:
“Mən-mən” dedi bir ölkədə nə qədər xan,
Onlar “mən-mən” deyən yerdə
Sən olmadın, Azərbaycan!
Bütövlükdə, ağrılı-acılı bir tarixi, zamanı və gerçəklikləri bu qədər açıq, eyni zamanda kəskin deyə bilmək, sözsüz ki, Məmməd Araz kimi cəsarət sahiblərinə nəsib ola bilərdi.
Məmməd Araz XX əsrin 60-cı illərində Azərbaycan poeziyasının fərqli parlayan ulduzu olmuşdur. Zaman keçdikcə bu ulduz daha da parlayacaq və ədəbiyyat tariximizdə “Məmməd Araz ulduzu” kimi əbədi mayak olacaq. Xalq şairi Məmməd Araz yaşadığı cəmiyyətdə, formalaşdığı ədəbi mühitdə həmişə söz-sənət sahəsində söz sahibi kimi tanınmış və öz müdrik kəlamlarını doğma xalqından əsirgəməmişdir.
Ədib yaşadığı ömrü bölünmüş, parçalanmış Azərbaycanın ağrılı-acılı yaralarına həsr etmiş, xalqın ağır tarixi taleyini zamanın axarına – bilinməyən bir cığıra, izə doğru getdiyini, bağırtılı bir səslə, bəzən də özünü qınayaraq xalqa çatdırmışdır:
Zirvədəki əl çatmayan qala mən,
Ətəkdəki sinə – cığır, tala mən,
Xudafərin harayından qalan mən...
Bu da belə bir ömürdü, yaşadım.
Ocaq oldum, ocaq daşı olmadım,
Hər çalaya axan naşı olmadım,
Arazımla yol yoldaşı olmadım,
Bu da belə bir ömürdü, yaşadım.
Məmməd Araz yaradıcılığında millilik, bütövlük məsələlərini, həmçinin Vətən məfhumunu, insan-təbiət anlayışlarını qabarıq şəkildə görə bilirik. Şairdə insanlara qarşı olan sevginin hüdudu yoxdur. Məmməd Arazın həyat fəlsəfəsinə görə, Tanrıya olan sevgi Vətəndən və millətdən keçir.
Məmməd Araz xalqın şairi idi və hər bir kəsin asanlıqla başa düşəcəyi çox sadə dildə yazırdı. Bu yalnız ustad sənətkarlara xas olan bir üslubdur.
Akademik İsa Həbibbəyli haqlı olaraq yazır ki, Məmməd Araz böyük ustadların təkcə söz sənəti sahəsində yox, həm də Vətən, milli mücadilə savaşındakı hələ də davam etməkdə olan yürüşünün keşikçisi, fəal iştirakçısı və hətta ağıllı-tədbirli sərkərdələrindən biridir. Şair lazım gələndə vətəndaş “qələmini hərbi nazirə”, “yazı masasını paytaxta”, “kağızını bayrağa” sevgisini, nifrətini “ən nizami qoşuna” çevirməyi bacarırdı. Şair öz şeirlərində milləti sınmamağa, məğrur qaya kimi dik durmağa çağırır, insanımız üçün onun yenilməz vüqarını, mübarizə əzmini bədii boyalarla canlandırırdı:
Bu döyüşdü – əzilən var, əzən var,
Ölüm hökmü qoltuğunda gəzən var,
Burda “bizik”, nə “mən” vardır, nə “sən” var.
Yox, ağlama, ana millət, ağlama,
Qorxuram ki, sına millət, ağlama.
Bu torpağın son qurbanı mən olsam,
Öz odumda yanıb külə tən olsam,
Eldən ötən güllələrə dən olsam,
Ata millət, “oğul”, deyib ağlama,
Ağlamağın yeri deyil, ağlama!
Vətənpərvərlik, vətəndaşlıq M.Araz sözünün, sənətinin ana xəttini təşkil edir. Onun yaradıcılığında tarixilik, millilik, bütövlük və digər milli anlayışlar həm də ona görə bir-birilə vəhdət təşkil edir ki, o, çağdaşlarının da fikri-hissi axtarışlarını, arzu və ideyalarını, sevinc, kədər, ümid və istəklərini, dövrün şirinli-acılı həqiqətlərini özünəməxsus tərzdə əks etdirmək qabiliyyətinə malikdir.
M.Araz sözünün gücü, qüdrəti, çoxlarından fərqlənən üslubu bir də ondadır ki, o, öz doğma elinin, obasının tarixi keçmişini, coğrafiyasını, ədəbiyyatını, maddi-mənəvi irsini, dilini, dinini və fəlsəfi irsini hərtərəfli, yüksək səviyyədə bilirdi. Bundan başqa, onun poetik düşüncələri ümumbəşəri məsələlərə, bəşəriyyəti düşündürən vacib problemlərə diqqəti daha tez cəlb edir. Onun şeirləri tariximizi poetik gözlə, şair fəhmi ilə oxuyur, eyni zamanda oxucuları tarixi taleyimizə dünya səviyyəsindən nəzər salmağa sövq edir. Şairin yaradıcılığında xalqın tarixi keçmişi ilə bu günü arasında xüsusi olaraq Xudafərin körpüsü yaranır. Və bu körpü bizə gerçək tarixi aşılayır:
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
Azərbaycan xalqının tarixində həmişə gücün və ağılın, yəni qılınc və qələmin bir yerdə olması qüdrətlilik simvolu kimi görsənmişdir. Qılınc tarix yaratmış, qələm o tarixi yazıb yaşatmışdır. Bunlar bir-birindən ayrı düşəndə millətin faciəsi başlamışdır. Orta əsrlərdə Şah İsmayıl Xətai bir əlində qılınc, bir əlində qələm olanda böyük Azərbaycan dövləti yarada bilmişdir.
Məmməd Araz Vətən torpağının bütövlüyü, istiqlal savaşında öz qılınc kimi kəsərli qələmi ilə Vətən övladlarını alov dilli ox olmağa səsləmişdir.
Ölməz Xalq şairi Məmməd Arazın bütün yaradıcılığı, ədəbiyyat tariximizə, maddi və mənəvi irsimizə verdiyi töhfələrin ümumi xarakteri Azərbaycançılıq ideologiyasından qaynaqlanmış və bütövlükdə, milliləşmişdir.
Zaman keçdikcə Məmməd Arazın zəngin poeziyasının daha dərin qatları üzə çıxacaq, yeni gələn nəsillərin də ürəklərini öz sehrkar ağuşuna alacaq. M.Araz poeziyasının mayası Vətənin daşından, torpağından yoğrulub, rəngləri, boyaları təbiidir. Bu poeziya əbədiyyət qazanmışdır. Əbədiyyət çələnginə bürünmüş şair isə ölmür, qəlblərdə daim yaşayır! Buna görə şairin özünün dediyi kimi:
...Bütün keçilməzliyi, Vətən, adınla keçdim.
Haqqın var, Məmməd Araz,
Haqqın var yaşamağa!
İbrahim KAZIMBƏYLİ
tarix üzrə fəlsəfə doktoru, dosent