22 Dekabr 2024, Bazar

Azərbaycanın professional musiqisinin şifahi irsini təşkil edən aşıq sənəti, əsrlərin süzgəcindən keçərək formalaşmış, xalqımızın mədəni ənənələrinin və tarixi köklərinin bir növ daşıyıcısına çevrilmişdir. Qədim ozan-aşıq sənəti həm də Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin qolunu təşkil edir.
Müasir aşıq sazının sələfi sayılan üçsimli “qolça qopuz” isə Azərbaycan türklərinin istifadə etdikləri ən qədim simli musiqi aləti hesab olunur. “Kitabi-Dədə Qorqud” dastanında qolça qopuz bir neçə adda təqdim olunur. Kitabda adları çəkilən “quruluca qopuz”, “alça qopuz” ayrı-ayrı alətlərin deyil, eyni bir alətin müxtəlif cəhətlərini açıqlayır. Əbdülqadir Marağayi “Məqasid əl-əlhan” əsərində qopuzun iki növünün – “rumlular qopuzu” və “ozan qopuzu”nun quruluşu barədə məlumat verib.

“Qopuz” sözünün etimologiyasına baxsaq, görərik ki, “qop” qədim türkcədə “ucalıq”, “yüksəklik”, uz isə “avaz”, “sehrli musiqi ahəngi” anlamını verir. Tarixi və etnoqrafik məlumatlara görə, qopuz türk xalq söyləyicilərinin, əsasən, qəhrəmanlıq nəğmələrini, dastanları ifa zamanı istifadə etdikləri başlıca simli musiqi aləti olub, kütləvi şənliklərdə, toy-düyünlərdə çalınırdı. Elin müdrik ağsaqqalı Dədə Qorqud oğuznamələr söyləyir, düzüb-qoşur, gənclərə öyüd-nəsihətlər verir, qəhrəmanlıq göstərən ərənləri öyürdü. Müdrik ozanın döyüşə gedənləri qopuza and verməsi, ona yadların əl vurmasına icazə olmaması kimi misallar bu alətin türk xalqları üçün müqəddəs hesab edildiyini sübut edir.
Qopuz bir musiqi aləti kimi əsrlərboyu təkmilləşərək öz yerini tədricən saza verib. Saz mizrabla çalınan musiqi alətidir. Onlar ölçülərinə, pərdələrin və simlərin sayına görə üç yerə bölünür: 4-6 simi olan cürə saz, 6-7 simi olan qoltuq saz, 8-9 simi olan ana saz və meydan sazı adlanan tavar sazdır. Əksər hallarda Azərbaycan aşıqları səkkiz və yaxud doqquzsimli sazdan istifadə edirlər. Saz aləti kəllə, qol və çanaq adlanan üç hissədən ibarətdir. Mərhum professor Məmmədhüseyn Təhmasib isə onun hazırda az işlənən və qədim türk sözü olan “aş”dan törədiyini iddia edib. Tarixi məlumatlara istinad etsək, onu XVI əsrdə geniş yayılmış hərbi himnlərlə əlaqələndirə bilərik. Belə ki, türkü adlanan bu türkü-himnlərin yaradıcılarını “aşiq” adlandırırdılar. Sonralar fəxri “aşıq” adı saz-söz sənətkarlarının adına əlavə olunub. Saz artıq Şah İsmayıl Xətainin dövründə indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir:

Bu gün ələ almaz oldum mən sazım
Ərşə dirək-dirək çıxar mənim avazım
Dörd iş vardır hər qarındaşa lazım
Bir elm, bir kəlam, bir nəfəs, bir saz.

Naxçıvanda da aşıq musiqisinin tarixi çox qədimdir. Professor, Azərbaycan Yazıçılar Birliyi və Aşıqlar Birliyinin üzvü Yusif Səfərov qələmə aldığı “Naxçıvan aşıqları və el şairləri” kitabında qeyd edir ki, Naxçıvan aşıq mühiti keçdiyi inkişaf mərhələlərində öz yaradıcı ənənələri və tanınmış sənətkarları ilə Azərbaycan aşıq sənətinə dəyərli töhfələr verib.
Ağ Aşıq Allahverdi Kosacanlı, Aşıq Süleyman, Aşıq Əli, Xanxanımoğlu, Aşıq Fətulla, Aşıq Nabat, Aşıq Cəlil, Aşıq Məmmədcəfər, Qonçabəyim, çobankərəli Aşıq Cəfər, Allahverdi Əliyev, Aşıq Bəhman, Aşıq Nəcəfalı, Aşıq Mirzalı, Aşıq Hidayət, Aşıq Həmid, Kazım Abdullayev, Aşıq Əbülfəz, Aşıq Həmid, Aşıq Bayraməli, Aşıq Ehsan, Aşıq Əzim, Aşıq Vəli, ordubadlı Kərim, Aşıq Abbas Dəhri, Məmmədxan Məmmədov, Aşıq Həbib kimi Naxçıvan mühitinin yetirməsi olan aşıqlar ölkəmizdə və onun hüdudlarından kənarda şöhrət qazanıb, tanınıblar.
Azərbaycan aşıq musiqisinin “Ağır şərili”, “Orta şərili”, “Yüngül şərili”, “Cəlili”, “Baş cəlili”, “Orta cəlili”, “Naxçıvan gülü”, “Naxçıvani”, “Ordubadi”, “Dərələyəz gəraylısı” və digər saz və aşıq havaları Naxçıvan aşıq mühiti ilə bağlı yaranıb.
Müstəqillik illərində aşıq sənətinin tədqiqi yeni mərhələyə qədəm qoydu. Belə ki, Naxçıvan folkloru nümunələri əsasında Azərbaycan folkloru antologiyasının ilk cildi çap olundu. Aşıq sənətinin YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi isə bu sənətin inkişafı üçün daha əlverişli mühit yaratdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2009-cu il 7 fevral tarixli “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” Sərəncamı da diyarımızda aşıq sənətinin inkişafı, tədqiqi, təbliği, dəyərli nəşrlərin işıq üzü görməsi işində canlanma yaratdı və nəticədə, bu sənət özünün ən yüksək inkişaf dövrünü yaşayır.
Muxtar respublikamızda Xalq yaradıcılığı günlərinin keçirilməsi ilə bağlı Ali Məclis Sədrinin imzaladığı müvafiq sərəncamın icrası istiqamətində atılan mühüm addımlardan biri də Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin yaradılması oldu. Birliyin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırovla söhbətimiz zamanı qeyd etdi ki, bununla diyarımızda aşıq sənətində yeni inkişaf mərhələsi başladı və bu sahənin inkişafına göstərilən qayğı Naxçıvan aşıqlarının yaradıcılıq imkanlarını daha da genişləndirdi.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Musiqi Kollecinin Aşıq sənəti ixtisası üzrə təhsil alan tələbələrinin hamiliyə götürülməsi, istedadlı aşıqların yetişdirilməsi və bu qədim sənətin yaşadılması baxımından çox təqdirəlayiqdir.
Həmsöhbətim bildirdi ki, Aşıqlar Birliyi öz işini günün tələbləri çərçivəsində qurmağa çalışır. Birliyin üzvləri tələbələrin fəallığının artırılması məqsədilə mütəmadi olaraq kollecdə onlarla görüşlər təşkil edir, ustad dərsləri ­keçirlər.
Tural Bağırov söylədi ki, hazırda birliyin 30 üzvü var. Hər il olduğu kimi, birliyə üzv olmaq üçün müraciət edən aşıqlar da az deyil. Ötən illərdə olduğu kimi, çalışırıq ki, bura gənc və istedadlı aşıqları cəlb edək. Musiqi Kollecinin Aşıq sənəti ixtisası üzrə təhsil alan 5 tələbəsinin bu gün sıralarımızda təmsil olunması da bunun nəticəsidir. Həmçinin birliyimizin üzvləri muxtar respublikamızda keçirilən xalq mərasimlərində, eyni zamanda dövlət səviyyəli tədbirlərdə fəal iştirak edirlər.
Müsahibim onu da qeyd etdi ki, bu gün Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində, Naxçıvan Musiqi Kollecində, bütün musiqi məktəblərində saz siniflərinin fəaliyyət göstərməsi təqdirəlayiq haldır. Bu, Naxçıvanda qədim köklərə malik aşıq sənətinin inkişafına göstərilən qayğının bariz nümunəsidir. Bu gün Naxçıvan aşıqları yaradılan şəraitdən yararlanaraq yaradıcılıqlarını aşıq sənətinin tarixi, sənətkarlıq xüsusiyyətlərini dərindən öyrənməklə davam etdirirlər.
Naxçıvan ta qədimdən igidlər oylağı, mərd insanlar məkanı və onları tərənnüm edən saz, söz, sənət yurdu olub. Qədim Oğuz yurdunda tarixən inkişaf edən aşıq sənəti özündə qəhrəmanlıq, alicənablıq, xeyirxahlıq kimi ali dəyərləri yaşadıb və zamanla cilalanaraq müasir səviyyəyə çatıb. Bu gün haqqında fəxrlə söhbət açdığımız aşıq sənəti həm də folklorumuzun zənginliyinin təsdiqidir. Bu sahədə görülən işlərə əsaslanıb əminliklə qeyd etmək olar ki, bu gün muxtar respublikamızda aşıq sənətinin inkişafı yüksək səviyyədədir və bu sənət sahəsi layiqincə yaşadılır.

 Pərviz HACILI

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR