22 Dekabr 2024, Bazar

İrsi qədər könül dünyası da zəngin, dəyərli olan böyük şairimiz Nizami Gəncəvi deyirdi:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
İnci tək sözlər seç, az danış, az din,
Qoy öz sözlərinlə dünya bəzənsin.
Bəli, daşdan süzülə-süzülə damlayan su saflaşaraq şəffaf hala gəldiyi kimi, düşünülüb ifadə edilən, yerində, zamanında lakonik şəkildə deyilən sözün qiyməti də böyükdür. Elə güclü zəkaya əsaslanan söz sənəti hesab olunan jurnalistikada da belədir. Zaman-zaman çox insan əlinə qələm alıb fikir yürütməyə, cəmiyyəti istiqamətləndirməyə çalışsa da bu çətin və məsuliyyətli peşənin yükünü çiyinlərində layiqincə daşımaq hər kəsə nəsib olmayıb...

 

Düz 145 il bundan öncə isə söz, fikir tariximizin üfüqlərində dünya durduqca qürub etməyəcək bir Günəş parladı. Məhz 1875-ci il iyulun 22-də görkəmli maarifpərvər Həsən bəy Zərdabi milli mətbuat baharının ilk qaranquşu – “Əkinçi” ilə sözün dəyərini, qüdrətini, çəkisini, amalını müəyyən etdi bugünkü və gələcək media nümayəndələri üçün. İki ildən artıq qısa zaman kəsiyində dövrün tanınmış ziyalılarını ətrafına toplayan, cəmi 56 nömrəsi işıq üzü görən mətbu orqan oxucularının şüuruna maarifçilik toxumu səpərək onları gerilikdən, xurafat buxovlarından azad edib elmə, təhsilə yönləndirməyi bacardı. İşini maarifçilik fəlsəfəsi, etik, estetik ideyalar üzərində bərqərar edən qəzet: “Ey elm təhsil edən cavanlarımız! Doğrudur, bizim Vətən qardaşlarımız ilə üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əhvalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər! Amma insaf deyil, beş gün ömrün ləzzətindən ötrü milləti, qardaşlarınızı atıb, onları kor və sərgərdan qoyasınız... Qoy şüaralar sizi həcv etsin, mollalar lənət oxusun, avamşünas daşa bassın, siz millət üçün zəhmət çəkərsiniz və bişək, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaqlar”, – deyərək Vətənin, millətin maraqlarını, doğma dilin saflığını hər şeydən üstün tutmağa çağırırdı. Dərc olunan məqalələrin böyüklüyü həm də onda idi ki, sosial-ictimai həyatın aynası kimi cəmiyyətdəki nöqsan və bəlaları sadə, müfəssəl şəkildə öz ana dilimizdə təsvir etməklə kifayətlənməyib, onları aradan qaldırmağın yollarını da göstərirdi...
Sonrakı illərdə “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Açıq söz”, “Füyuzat”, “Zənbur”, “Babayi-əmir” kimi qəzet və jurnallar “Əkinçi” ilə başlayan milli şüurun oyanışı prosesini davam etdirərək onun fikir, əqidə yoluna işıq tuta bilsələr də sovet dönəmində sözün kəsərinin və dəyərinin müəyyən qədər axsadığı təəssüf doğurmaya bilməz. Lakin totalitar rejimin buxovlarının da milli mətbuatın şəfəqlərini qaranlığa qərq etmək, ziyalı sözünü dəyərdən salmaq kimi bədnam cəhdləri səmərə vermədi, kommunist ideologiyasının təsiri altında çıxan dövrün qəzet və jurnallarına qismən də olsa, sadə xalqın mövqeyinə xidmət edən, ictimaiyyəti düşündürən materiallar yol tapdı. Ölkəmiz müstəqillik qazandıqdan sonra milli mətbuatımız da 70 illik əsarətdən xilas olaraq toz basmış köhnə siması ilə vidalaşıb, sanki yenidən dünyaya daha açıq, aydın gözlə baxmağa başladı...
“Jurnalist əməyi qeyri-adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədakarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin böyük himəyadarlığı ilə kütləvi informasiya vasitələrinə yeni nəfəs, ruh yüksəkliyi gəldi, media nümayəndələri əllərinə götürdükləri qələmin məsuliyyətini dərk etməklə yanaşı, həm də sözün əsl gücünün nələrə qadir olduğunu hiss etdilər. Dahi siyasətçinin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla ölkəmizdə senzura ləğv edildi, bir vaxtlar qəddi qırılmaq həddinədək əyilən sözün müqəddəratı düzəldi, mətbuat cəmiyyəti maarifləndirmək, düzgün istiqamətə yönləndirmək kimi prinsipləri özündə ehtiva edən müstəqil inkişaf, yüksəliş yoluna qədəm qoydu. 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun və bu istiqamətdə digər normativ-hüquqi aktların qəbul edilməsi, eləcə də 2001-ci ildə Azərbaycan jurnalistlərinin I qurultayının keçirilməsi və Mətbuat Şurasının yaradılması da milli mətbuatın dirçəlişində, “Əkinçi”dən miras qalan ənənələrin davam etdirməsində əsl mayak rolunu oynadı.
Təməli ulu öndər tərəfindən qoyulan kütləvi informasiya vasitələrinin inkişafına dəstək prinsipi bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda uğurla davam etdirilir, ötən dövr ərzində söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılaraq medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılıb. Müstəqillik illərində Ali Məclis Sədrinin rəhbərliyi ilə muxtar respublikamızda gedən sürətli sosial-iqtisadi inkişaf bütün sahələrlə yanaşı, medianı da əhatə edib, Naxçıvanda işinin öhdəsindən layiqincə gələ bilən, günün nəbzini tutan, mövzunun mahiyyətini ortaya çıxarmağı bacaran peşəkar jurnalist kadrlar yetişib. Kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı görülən mühüm əhəmiyyətə malik işlərin nəticəsidir ki, hazırda “Universitet” televiziyası və “Nuhçıxan” radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio, “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri, ali təhsil və elm müəssisələrinin qəzet və jurnalları, “Naxçıvan xəbərləri” informasiya saytı, “Nuhçıxan” İnformasiya Agentliyi, Televiziya və Radio, Mətbuat şuraları, mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri fəaliyyət göstərir, ümumilikdə, kütləvi informasiya vasitələrində çalışanların sayı 400-ə yaxındır.
Bu gün peşəkar və bacarıqlı kadr potensialına, zəngin maddi-texniki bazaya malik Naxçıvan Dövlət Televiziya və Radiosu, “Nuhçıxan” İnformasiya Agentliyi ictimai-siyasi önəm kəsb edən məlumatları operativ şəkildə tamaşaçı və oxucularına çatdırmaqla bir növ muxtar respublikanın gündəlik həyatının güzgüsü rolunu oynayır. 100 yaşının astanasında olan, muxtariyyət illərinə işıq salan aparıcı mətbu orqan sayılan “Şərq qapısı” qəzeti də dövlətimizin hərtərəfli diqqət və qayğısı sayəsində əsl tərəqqi yoluna qədəm qoyub. 2010-cu il iyulun 22-də milli mətbuatımızın yaranmasının 135 illiyi münasibətilə redaksiya üçün yeni inzibati bina istifadəyə verilib, qəzetin rəngli nəşrinə başlanılıb. 2012-ci ildə qəzetin internetə çıxış imkanları təmin edilib, ötən il isə internet saytı dizayn və imkanlar baxımından tam yenilənərək aktuallığını artırıb. Bundan başqa, ötən dövr ərzində redaksiyaya kompüter dəstləri verilib, hər cür iş avadanlıqları ilə təminat diqqətdə saxlanılıb. Bildiyimiz kimi, televiziyada video kadr hansı meyarda önəmlidirsə, qəzet nəşrində də fotojurnalistika o dərəcədə əhəmiyyətlidir. Məhz bu məqsədlə həm “Şərq qapısı”, həm də şəhər, rayon qəzet redaksiyaları yüksək potensial imkanlara malik fotoqrafiya avadanlıqları ilə təmin olunub, bu sahə də günün tələbləri səviyyəsində qurulub. Həmçinin ötən dövr ərzində kütləvi informasiya vasitələrində çalışan əməkdaşların sosial müdafiəsi də gücləndirilib, əməkhaqları dəfələrlə artırılıb. Muxtar respublikamızda gedən böyük inkişaf prosesləri jurnalistlərə fəaliyyətlərini müasir dövrün çağırışlarına uyğun şəkildə qurmaları üçün geniş imkanlar açır, qəzetlərdə oxucu maraqlarına uyğun mövzu rəngarəngliyi diqqəti çəkir. Ali Məclis Sədrinin 2019-cu il 19 sentyabr tarixli Fərmanına uyğun olaraq yaradılan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu muxtar respublikada fikir, söz və məlumat azadlığını, plüralizmi inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin müstəqilliyini dəstəkləmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq kimi ali məqsədlərə xidmət etməkdədir. Ötən il Naxçıvan Mətbuat Şurasının Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına üzv olması ilə bağlı ikitərəfli memorandumun imzalanması naxçıvanlı jurnalistlərin dünyada baş verən prosesləri daha yaxından izləyə bilməsinə geniş şərait yaradaraq Naxçıvan mətbuatının dünya mediasının tərkib hissəsi olaraq daha da inkişaf etməsinə yeni imkanlar açıb.
Həyata keçirilən tədbirlərlə yanaşı, Ali Məclis Sədrinin mətbuat işçiləri ilə keçirdiyi görüşlər, jurnalistlərin problemləri ilə müntəzəm maraqlanması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması ilə bağlı atdığı mütərəqqi addımlar media orqanlarının inkişafı üçün geniş imkanlar açır. Muxtar respublikada kütləvi informasiya vasitələri sahəsində çalışanların dövlət mükafatları və fəxri adlarla təltif olunması jurnalist əməyinə verilən qiymət kimi onları yeni yaradıcılıq nailiyyətlərinə daha da ruhlandırır. Bu istiqamətdə görülən işlərin ən mühümü isə muxtar respublika rəhbərinin verdiyi dəyərli tövsiyə və tapşırıqlar, müəyyənləşdirdiyi fəaliyyət prinsipləridir. Bu məqsədlə ötən il keçirilən növbəti görüş zamanı Ali Məclis Sədrinin media nümayəndələrinə xitabən dediyi “Sizinlə qürur duyuram!” sözləri isə hər bir kütləvi informasiya vasitəsi əməkdaşında böyük fəxarət hissi yaratmaqla, həm də yaradıcılığına, gələcək perspektiv imkanlarının inkişafına böyük mənada stimul vermiş oldu...
Muxtar respublikanın media əməkdaşları hər il milli mətbuatımızın yaranması gününü böyük maraq və həvəslə gözləyirlər. Çünki bu əlamətdar hadisə muxtar respublikamızda yüksək səviyyədə qeyd olunur, yaradıcılıq müsabiqələri keçirilir, qələm sahiblərinin əməyi qiymətləndirilir. Yaşadığımız 2020-ci ilin də jurnalistlər üçün bu baxımdan olduqca əlamətdar və yaddaqalan olacağı şübhəsizdir. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı hər bir jurnalistin hədsiz sevincinə səbəb oldu. Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar “Tədbirlər Planı”nın qəbul edilməsi, silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulması jurnalist əməyinə verilən önəmin daha bir təzahürüdür...
Deyirlər, yaşamağa haqq qazanan düşüncə və fikirlər, ancaq yaşanaraq söylənən, əməldə əksini tapan sözlərdir. Bu baxımdan muxtar respublikanın kütləvi informasiya vasitələrində ifadə olunan fikir, deyilən söz bünövrəsi Vətən, xalq, dövlət təəssübkeşliyinə əsaslanan möhkəm fakt və arqumentlərə söykənir. Sözün həqiqi mənasında, əli qələm tutan jurnalistlərin 145 yaşlı sözün ziyasında ifadə etdikləri fikirlərin, dedikləri sözlərin daha da kəsərli, dəyərli və uzunömürlü olması diləyi ilə...

- Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR