Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx müsabiqəsinə yekun vurulub və qaliblər müəyyənləşdirilib.
İki yaş kateqoriyası üzrə (14-25) və (26-35) aparılan qeydiyyat 1-25 iyun tarixlərində aparılıb, 26-27 iyun tarixdə videoçarxlara baxış olub və hər iki kateqoriya üzrə müsabiqənin qalibləri seçilib. Münsiflər heyəti tərəfindən seçim zamanı təqdim olunan videoçarxların mövzunu əhatə etməsi, çəkilişin keyfiyyəti, şəxsi yaradıcılıq, nitq mədəniyyəti və videoçarxın heç yerdə yayımlanmaması nəzərə alınıb. Nəticələrə əsasən 14-25 yaş kateqoriyası üzrə I yerə Həcər Əsgərova, II yerə Nəzrin Nuriyeva, III yerə Nail Nağıyev, 26-35 yaş kateqoriyası üzrə I yerə Tural Əliyev, II yerə Sərxan Abdullayev, III yerə Əbülfəz Məmmədov layiq görülüblər. Qaliblər pul mükafatı, həmçinin müvafiq diplomla təltif olunublar.
Qeyd edək ki, Bakı şəhərindən qatılan və qalib olan iştirakçıların mükafatları onların ünvanlarına çatdırılacaqdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti