25 Dekabr 2024, Çərşənbə

Arazın sol sahilində, düzənlik ərazidə yerləşən Bulqan kəndi 2009-cu ilə qədər Babək rayonunun tərkibində olmuş, sonra “Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Naxçıvan şəhər inzibati ərazi vahidinin hüdudlarına daxil edilmişdir. 

“Bulqan” qədim bolqarlarla bağlı kənd adıdır
Bulqan Naxçıvanın qədim yaşayış məntəqələrindən biridir. Kənd ərazisində orta əsrlərə aid  yaşayış yeri  olmuş, buradan sənduqətipli bir neçə qəbirüstü abidə, müxtəlif dövrə aid çəhrayı rəngdə bişirilmiş sadə və şirli qab qırıntıları tapılmışdır. Bulqan kəndi yarandığı vaxtdan Araz çayının kənarında yerləşmiş, 1963-1969-cu illərdə Araz Su Anbarının tikintisi ilə əlaqədar əvvəlki yerindən indiki əraziyə köçürülmüş, keçmiş kənd Araz dəryaçasının altında qalmışdır.
Mənbələrdə “Bulğan” adı ilə qeydə alınmış kənd  XVI əsrdə Naxçıvan nahiyəsinə, XVIII əsrdə Qarabağ nahiyəsinə, XIX əsrdə Naxçıvan mahalına, 1925-30-cu illərdə Naxçıvan dairəsinə daxil olmuşdur. XIX əsr və ondan əvvəlki dövrlərdə kənddə kəngərlilərin Qızılqışlaq tayfasına məxsus 29 ailə yaşamış, kəndin torpaq sahələri Əmir Suar bəyə və üç qardaşa məxsus olmuş, ərazidə daha çox buğda və arpa əkilmişdir. Bulqanda yaşayan Qızılqışlaq tayfası və tirələrinin, eləcə də kəngərlilərin Əlixanlı tayfasına məxsus ailələrin yaylaq yeri  XIX əsrdə  Əli Məmməd qışlağı,  “Güllü qışlaq”, “Kalançı qışlaq” və “Mağara qışlaq” adları ilə tanınmış indiki Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndləri olmuş, bu kəndlərin əsası kəngərlilər tərəfindən qoyulmuşdur.

Dilimizdə “Bulqan” adının mənası haqqında yekdil fikir yoxdur. Məsələn, xalq arasında, eləcə də bəzi elmi mənbələrdə  belə fikir söylənilir ki, kənd Araz çayının qıjov yerində yerləşdiyi üçün buraya “Bulqan” – yəni “burulğan, qıjov yer” deyilmişdir. Bu söyləməyə əsaslanan K.N.Smirnov da adın mənasını “girdab, burulğan, qıjov” mənasında açıqlayır. Ancaq bundan fərqli olaraq, tədqiqatçılaın bir qismi toponimin monqol dilində bulqaan – “yurd”, “düşərgə”, türk dillərində isə “bulmaq”, “tapmaq”, “əldə etmək” sözlərindən əmələ gəldiyini yazırlar. Bizim fikrimizcə, “Bulqan” adının məna açımını yuxarıdakı şəkildə yozmaq özünü doğrultmur. Əvvəla, keçmiş Bulqan kəndi yaxınlığında Araz çayı burulğan, qıjıltılı şəkildə axmırdı və ya Türkiyədən başlayan Araz çayının qıjıltılı, burulğan yerlərinə yaxın ərazilərdə yerləşən kəndlərə də belə ad verilməmişdir. Ona görə  toponimin mənasını çayın axma forması, sürəti ilə əlaqələndirmək düzgün deyil. Çünki “Bulqan” adı kəngərlilərin “Bolqar” tayfa adı əsasında yaranmış toponimdir. Mənbələrə əsaslanıb deyə bilərik ki, tarixin müəyyən mərhələlərində Azərbaycana gəlmiş bolqarlar bulqan, kuyvar, çakar, kuruqir, qul, qazan, iskilv kimi qollara ayrılmış və Azərbaycanın müxtəlif ərazilərinə səpələnmişlər. Odur ki, respublikada qədim bolqarların adı ilə bağlı yer-yurd adları öz əksini tapır. Çox güman ki, oykonim Bolqar tayfa adının fonetik transformasiyası nəticəsində (Bolqar-Bulqar-Bulqan) əmələ gəlmişdir. Naxçıvan ərazisində bu tayfa adı öz izini “Qazançılı”, “Qullar” kimi adı passiv toponimik fonda keçmiş oykonimlərdə və “Bulqan”, “Vənənd”, “Qazançı” kimi müasir yaşayış məntəqə adlarında saxlayır.  
İki kənddən biri haqqında
Orta əsrlərdə Naxçıvan ərazisində iki “Xəlilli” kənd adı qeydə alınmışdır. Onlardan biri 1727-ci ildə Azadciran nahiyəsində (Ordubad  rayonu) keçmiş Azad şəhərinin yaxınlığında yerləşmiş və Osmanlı-Səfəvi müharibələri nəticəsində dağılmış, kəndin adı passiv toponimik fonda keçmişdir. Dağılmış kəndin əkin sahələri və üzüm bağlarından  qonşu kəndlərin əhalisi istifadə etmiş, əldə edilən gəlirdən 4150 ağça vergi (rüsumat) toplanmışdır.
Digər Xəlilli kəndi Babək rayon  mərkəzindən 16 kilometr məsafədə,  Naxçıvançayın sol sahilində, relyefi düzənlik olan bir ərazidə yerləşir. Muxtar respublikanın abad kəndlərindən biri olan Xəlillidə orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Kənd əhalisi heyvandarlıq, taxılçılıq, tərəvəzçilik və quşçuluqla məşğuldur.
Yaşayış məntəqəsi qədim dövrlərdən məlumdur. Kənd adı XVI əsrə aid mənbədə “Xəlilli”, XVII-XVIII əsrlərə aid mənbələrdə isə “Xəlil”, “Xəlil xarabası” kəndi (Naxçıvan nahiyəsi) adları ilə qeydə alınmışdır. Tədqiqatçıların bir qismi  kənd adının mənşəyini eyniadlı türk tayfa adı ilə əlaqələndirərək yazır ki, XIII yüzilliyin ortalarında İranda hakimiyyət Hülakülərə – monqollara keçən vaxt onlar Azərbaycana iki min türk ailəsi gətirtmişdilər. Bu türklər “kai” adlanan və qərbi Türküstanda yerləşən xüsusi türk qoluna (ağ hunlara) məxsusdur ki, onların da əsas tayfalarından biri Xəlilli tayfasıdır.  Bu fikirdən fərqli olaraq, belə qənaətə gəlirik ki, Xəlilli və ona yaxın olan bütün ərazilər kəngərlilərin torpaq mülkiyyəti olmuş, ətrafdakı Şıxmahmud, Uzunoba, Didivar, Nəzərabad, Həsənağa, Kükəli kəndlərinin əsası kəngərlilərin  tayfa və tirələri tərəfindən qoyulmuş, XVII əsrdən xeyli əvvəl kənddə kəngərlilərin Cümşüdlü tayfasına məxsus ailələr yaşamışdır. Bu səbəbdən də kənd  həm də “Cümşüdlü” adı ilə tanınmışdır. Kənd əhalisi, əsasən, əkinçilik və heyvandarlıqla məşğul olurmuş.
Xəlilli kəndinin kəngərlilərə məxsusluğunu 1768-ci il iyul ayında tərtib olunmuş qəbalə sənədləri də təsdiqləyir. Sənəddə yazılır ki, Xəlil kəndi Cəmşidli (Cümşüdlü) tayfasının ağsaqqalı  İmamverdi Soltan Kəngərliyə ata-babadan qalma mülk imiş. Bu kənd Naxçıvan ölkəsinin şah sarayına vergi ödəyən dövlət yanında vergi mənbəyi kimi böyük əhəmiyyətə malik idi. İmamverdi Soltan Kəngərli vəfat etdikdən sonra kənd bütün mülkü ilə onun ”Zəhrabanu” ləqəbi daşıyan iffətli və ismətli qızı Əsmər xanıma məxsus olmuşdur. Əsmər xanım 1768-ci ildə şəriət məhkəməsinə gələrək Naxçıvan ölkəsinin tabeliyindəki  ata-babadan qalma irsi əmlakı olan bütün Xəlil kəndinin arx və əkin sahələri, su ehtiyatları, dəyirmanları və ümumiyyətlə, kəndin özünə xas bütün aidiyyətilə birlikdə hamısını tədavüldə olan səkkiz tümən Təbriz məbləğində pula Kəngərli elinin yüksəkməqamlı vəkili Əliməmməd bəyin oğlu Məmmədkərim Soltana satmışdır. Satılan mülk dörd tərəfdən  bu qayda üzrə məhdudlanır: birinci hədd: Şeyx Mahmud əmlakı, ikinci hədd: böyük Naxçıvan çayı, üçüncü hədd: Uzun oba əmlakı, dördüncü hədd: Cəhri.
Məmmədkərim Soltan sağlığında kəndin əmlakına məxsus qəbaləni oğluna verdiyi üçün atasının ölümündən sonra kənd bütünlüklə Lütfəli Soltan Kəngərliyə çatmışdır. Bu faktlar sübut edir ki, “Xəlilli” adı kəngərlilərə məxsus tayfa başçısının adı əsasında yaranmış etnonim səciyyəli addır. Kənddə yaşayan indiki ailələrin bir qismi  Cümşüdlü tayfasının nəsilləridir. Kəndin alğı-satqısı ilə bağlı qəbaləni imzalayan 69 nəfər şəxsin Kəngərli, Yurtçu, Qızıllı, Qaraxanbəyli, Naxçıvani, Bilici, Bərguşadi, Cümşüdlü və sair soyadlarını daşıması kənddə kəngərlilərə məxsus tayfaların yaşamasını bir daha təsdiqləyir.

Adil BAĞIROV
filologiya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR