25 Dekabr 2024, Çərşənbə

Naxçıvan Dövlət Universitetində İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Mərkəzi ilə birgə “Şəhriyarın söz çeşməsi” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığının tədqiqinin və təbliğinin əhəmiyyətindən danışmış, onun nəinki XX əsr Azərbaycan və Yaxın Şərq poeziyasının, bütövlükdə, dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri olduğunu vurğulamışdır.
Görkəmli şairin yaradıcılığına aid videoçarxın nümayişindən sonra İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Məhəmmədtağı Məhəmmədəli ustad Şəhriyarı dünya şöhrətli şair kimi tanıdan çoxcəhətli yaradıcılığından bəhs etmişdir.
İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Mərkəzinin rəisi Əli Əkbər Talibi Mətin çıxışında Məhəmmədhüseyn Şəhriyarı  türkdilli və farsdilli poeziyanın zirvəsində dayanan şair kimi dəyərləndirmişdir.

Konfransda Naxçıvan Dövlət Universitetinin xarici tələbələrlə iş üzrə dekanı, dosent, şair Xanəli Kərimlinin “Şəhriyarın “Heydərbabaya salam” əsərində milli adət-ənənələrin təcəssümü”, Poldəşt Pəyame Nur Universitetinin rektoru Höccətullah Qəhrəmaninin “Şəhriyarın şerində vəzn və musiqi”, Naxçıvan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Hüseyn Həşimlinin “Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığında sənətkarlıq xüsusiyyətləri”, Tarix-filologiya fakültəsinin dekanı, dosent İman Cəfərlinin “Şəhriyar yaradıcılığında ənənə və novatorluq”, Hadişəhr Azad İslam Universitetinin rektoru Rza Qasımzadənin “Heydərbabaya salam” mənzuməsində adət-ənənələr”, Naxçıvan Dövlət Universitetinin “Qeyrət” nəşriyyatının direktoru, dosent, şair-publisist Vaqif Məmmədovun “Azərbaycan şerində Şəhriyar mövzusu”  adlı məruzələri dinlənilmişdir.
Məruzələrdə görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın yaradıcılıq  məziyyətlərindən, klassik-romantik poeziyanın ənənələrini yaşadaraq ona yeni ruh gətirən əsərlərindən, bu əsərlərin çağdaş poeziyaya təsirindən bəhs olunmuşdur.
Sonda universitetin aktyor sənəti ixtisası tələbələrinin ifasında ustad şairin “Heydərbabaya salam” poemasından parçalar səsləndirilmişdir.

Mehriban SULTAN

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR