22 Dekabr 2024, Bazar

Qoca Şərqin qapısı, İslam mədəniyyətinin əsas inkişaf mərkəzlərindən biri, qədim sivilizasiyaya malik Naxçıvan tarixin dəyərli abidələrini ən qiymətli sərvət, ata-babalarımızın yadigarları kimi özündə böyük məhəbbətlə qoruyub saxlayır. Müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri – möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəllər, buzxanalar, hamamlar, qədim məscidlər, türbələr və digər nadir nümunələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Muxtar respublikamızda mütəmadi olaraq tarixi-mədəni abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən tarixi-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsi kimi Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də bərpa olunub. Tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliği sahəsində həyata keçirilən tədbirlər barədə AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevlə həmsöhbət olduq.

 – Vəli müəllim, sizin fikrinizcə, Naxçıvanı ölkəmizin digər tarixi şəhərlərindən fərqləndirən nədir?

– Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindən biridir. Araşdırmalar göstərir ki, Naxçıvan şəhəri ərazisində ilk məskunlaşmaya hələ eramızdan əvvəl VI minilliyin sonunda başlanılıb. Bu həmin ərazinin əlverişli təbii-coğrafi mövqeyi ilə bağlıdır. Naxçıvançayın sağ sahilində yerləşən bu ərazi Zəngəzur və Dərələyəz dağlarındakı mis və obsidian kimi faydalı qazıntılara yaxın olduğundan qədim dövrlərdən başlayaraq iqtisadi-mədəni əlaqələrin mərkəzinə çevrilib, bu əlaqələr isə Naxçıvan şəhərinin formalaşmasında mühüm rol oynayıb.

– Naxçıvan özünün tarixi-mədəni abidələri, memarlıq nümunələri ilə seçilir, dünyada tanınır...

– Bəli, bu qədim diyar xalqımızın tarixini, sənətkarlıq xüsusiyyətlərini, təfəkkür və düşüncə tərzini yaşadan abidələri özündə cəmləşdirir. Ölkəmiz müstəqillik qаzаndıqdаn sоnrа хаlqımızın ümummilli lidеri Hеydər Əliyеvin tövsiyəsi ilə Аzərbаycаn tаriхi milli kоnsеpsiyа əsаsındа yеnidən işlənib. Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənab İlhаm Əliyеv və Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisinin Sədri cənab Vаsif Tаlıbоvun аrхеоlоji аbidələrin öyrənilməsinə göstərdikləri qаyğı bu sаhədə mühüm işlərin görülməsinə səbəb оlub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra bu sahəyə diqqət daha da artırılıb. Hazırda muxtar respublikamızda 1200-dən artıq abidə qeydə alınaraq pasportlaşdırılıb ki, onların da bir qismi dünya əhəmiyyətli abidələrdir.

– AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu tarixi abidələrimizin təbliğ edilməsi və tanıdılması istiqamətində hansı tədbirləri həyata keçirir?

–İnstitutun əməkdaşları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamından irəli gələn vəzifələri yerinə yetirmək üçün muxtar respublikada olan abidələr haqqında ətraflı məlumatlar toplayıblar. Onların böyük bir qismi haqqında məlumatlar “Naxçıvan Abidələri Ensiklopediyası”nda əks olunub. Bundan başqa, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvanın tarixi abidələri” adlı ümumiləşdirici əsərlərdə, həmçinin onlarla kitab və yüzlərlə məqalədə Naxçıvan abidələri haqqında həm Azərbaycanın, həm də dünyanın beynəlxalq elmi ictimaiyyətinə və geniş oxucu kütləsinə məlumat verilib. Naxçıvan abidələrinin əksəriyyəti haqqında internet resurslarında məlumatlar yerləşdirilib. Abidələrin tədqiqi, bərpası və qorunması işinin təşkili ilə əlaqədar televiziya və radioda mütəmadi çıxışlar təşkil edilir, elmi-kütləvi məqalələr yazılır. 2018-2020-ci illər ərzində institutumuzun əməkdaşları tərəfindən Naxçıvanın tarix və mədəniyyət abidələri ilə bağlı çoxsaylı vikipediyalar yaradılıb. Abidələrimizin tədqiqində və vikipediyaların yaradılmasında Elmar Baxşəliyev, Turan Həşimova, Kamran Mehbalıyev, Aysel İsmayıl­ova və digər gənclərimiz fəal iştirak edib. Bu iş hazırda davam etdirilir.

– Bu yaxınlarda Ali Məclis Sədrinin tapşırığına əsasən ikinci həyat verilən Yusif Küseyir oğlu türbəsi barədə fikirlərinizi öyrənmək istərdik...

– Yusif Küseyir oğlu türbəsi Naxçıvan-Marağa memarlıq məktəbinin ən gözəl nümunələrindən biridir. Türbə yeraltı və yerüstü hissələrdən ibarət olub, hər iki hissədə səkkizbucaqlı formada inşa edilib. Konstruktiv həllinin harmoniyası və gözəlliyi ilə diqqəti cəlb edən türbənin sərdabəsi yuxarıdan yastı olan günbəzlə örtülüb. Yerüstü hissəsi içəridən çatmatağ şəkilli sferik günbəzə, xaricdən prizmatik gövdəyə malik olan türbə səkkizüzlü piramidal örtüklə tamamlanıb. Həm içəridən, həm də xaricdən bişmiş kərpiclə üzlənib. Türbənin xarici səthinin hər biri müxtəlifşəkilli həndəsi ornamentlərlə bəzədilib. Bu ornamentlər kiçik kərpiclərdən quraşdırılıb, sonra gəc məhlulu ilə tavanlar şəklində birləşdirilərək səthlərin üzərində möhkəmləndirilib. Quruluş etibarilə türbənin qərb tərəfə baxan səthi fərqli şəkildə həll edilib və burada türbənin giriş qapısı yerləşdirilib. Çatmatağ şəkilli bu qapının üzərindəki kitabədə yazılıb: “Bu türbə xacə, şanlı rəis, dinin zəkası, İslamın camalı, şeyxlər başçısı Yusif Küseyir oğlunundur”. Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayında (miladi 1162) tikildiyini bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” yazısı ilə türbənin memarının adı qeyd olunub. Onu da qeyd edim ki, Yusif Küseyir oğlu orta əsrlərdə Naxçıvan şəhərində yaşamış nüfuzlu dövlət və din xadimlərindən biri olub. Türbənin kitabəsində onun adının xacə, şanlı rəis, İslamın camalı, şeyxlər başçısı kimi epitetlərlə xatırlanması da Yusif Küseyir oğlunun dövrünün görkəmli ictimai-siyasi xadimi olduğunu göstərir.

– Maraqlıdır, bu memarlıq nümunəsi Naxçıvandakı digər tarixi abidələrdən nə ilə fərqlənir?

– Yusif Küseyir oğlu məqbərəsinin bəzəklərində şirli kərpiclərdən istifadə olunmayıb. Bu abidədə yazılar müxtəlifölçülü kərpiclərin hörgüyə düzülüşü nəticəsində əldə edilib. Memar taxçaların içərisini də naxış kompozisiyaları ilə yüngülləşdirib, künclərin vertikal ritmini, konstruktiv dəyərini artırıb. Bişmiş kərpiclə işlənən türbənin xarici səthlərində mürəkkəb kompozisiyalı həndəsi ornamentlərdən geniş istifadə olunsa da, kərpiclərin birrəngli olması onun görkəminə sadəlik verib, aydın və təmiz həndəsi biçiminin bütövlüyünü gücləndirib, ifadəli kolorit verib.
Prizmatik gövdə, piramidal günbəz, girintili-çıxıntılı üzlər, onları tamamlayan horizontal friz bol kölgə-işıq effekti yaradaraq abidənin baxımlılığını artırıb.

– Tarix və mədəniyyət abidələrimizi bərpa etmək milli-mənəvi və mədəni dəyərlərimizə ən böyük ehtiramın ifadəsidir...

– Doğrudur, muxtar respublikamızda tarix və mədəniyyət abidələrinin tədqiqi sahəsində xeyli işlər görülüb. Naxçıvan Muхtаr Rеspublikаsı Аli Məclisinin Sədri cənab Vаsif Tаlıbоvun аrхеоlоji аbidələrin öyrənilməsinə qаyğısının nəticəsidir ki, hаzırdа Nахçıvаndа bir nеçə аrхеоlоji, о cümlədən iki bеynəlхаlq еkspеdisiyа fəаliyyət göstərir. Müstəqillik illərində abidələrimizin tədqiqi ilə yanaşı, onların qorunması və bərpası ilə bağlı xeyli işlər görülüb. Məlum olduğu kimi muxtar respublikamızda 70-dən artıq abidədə təmir-bərpa işləri aparılıb. Bunlar arasında Əlincəqala, Şeyx Xorasan xanəgahı, Xan sarayı, Ordubad buzxanası, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Naxçıvan şəhər buzxanası, Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu türbələri və onlarla digər abidələrimiz vardır. Tarix və mədəniyyət abidələrimizin bərpa olunması və gələcək nəsillərə çatdırılması olduqca təqdirəlayiqdir, muxtar respublikada tarixi-mədəni irsimizə göstərilən qayğının ifadəsidir. Abidələr bizim tariximiz, xalqımızın daş pasportlarıdır. Bu abidələri qorumaq, nəsillərdən-nəsillərə çatdırmaq bizim hamımızın borcudur.

             – Müsahibə üçün sağ olun.

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR