Dil xalqın milli varlığı, milli sərvətidir. Dil millətin torpağı, bayrağı qədər müqəddəsdir. Dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlıdır. Ona görə də dil dövlətçiliyin ən aparıcı atributlarından biri hesab olunur. Bu amillər qloballaşma dövrü olan müasir dövrümüzdə dövlət dilinin istifadəsinə və inkişafına yüksək həssaslıq və diqqətlə yanaşmağı tələb edir.
Bildiyimiz kimi, dilimizin hamisi, görkəmli dövlət xadimi Heydər Əliyevin bütün fəaliyyəti dövründə ana dilinə, dövlət dilinə sevgi mühüm yer tutmuşdur. Ümummilli lider doğma dilimizə yüksək qiymət vermiş: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”- demişdir. Dahi rəhbərin fəaliyyətinin birinci mərhələsində, konkret olaraq 1978-ci ildə - sovet ideologiyası şəraitində Azərbaycan dilinin konstitusiyaya dövlət dili kimi daxil edilməsi zamanına görə əsl qəhrəmanlıq və uzaqgörənlik mümunəsi olmuşdur. Həmin dövrdə Azərbaycanda ana dili - dövlət dili uğrunda mübarizə milli istiqlal mübarizəsinin ana xəttini təşkil etmişdir. Bu fenomen dövlət xadimi öz siyasi təcrübəsi, yüksək intellekti ilə milli dilin inkişafı istiqamətində məqsədyönlü iş aparmış və bu siyasəti bütün çətinliklərə baxmayaraq, dönmədən həyata keçirmişdir. Ümummilli lider mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl bir dil siyasəti yürütmüşdür.
Azərbaycan milli müstəqilliyini elan etdiyi 1991-ci ildən sonra dövlət dil siyasəti xüsusi keyfiyyət qazandı. Müstəqil dövlətin iradəsini ifadə edən bu siyasəti Azərbaycan xalqının ümummilli lideri həyata keçirdi. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə respublika hərcmərclik mərhələsindən çıxıb həqiqi müstəqillik yoluna qədəm qoydu. Əlbəttə, müstəqillik dövründə müəyyənləşən dövlət dil siyasəti yoxdan yaranmamış, ciddi və əsaslı bir şəkildə əvvəlki dövrlərin tarixi təcrübəsinə dayanmışdı. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayan müstəqil Azərbaycan Respublikası hər sahədə olduğu kimi, dil siyasəti sahəsində də bu varisliyi qoruyub saxlamışdır.
Azərbaycan dilinin müstəqil Azərbaycan Respublikasının ulu öndərinin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmlş Konstitusiyasında təsbit edilmiş dövlət dili statusu isə artıq deklorativ yox, tam əməli xarakter daşıyır. Konstitusiyanın qəbulundan keçən sonrakı illər ərzində bu məsələnin ayrı-ayrı konkret cəhətlərinə dönə-dönə qayıdılması, ana dilimizin rəsmi statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə bağlı müxtəlif qanun, fərman və sərəncamların verilməsi dövlətimizin bu məsələyə nə qədər böyük önəm verdiyini sübut edir.
1995-2000-ci illərdə Heydər Əliyev dilimizin Azərbaycan Respublikasının dövlət dilinə çevrilməsi üçün bütün enerjisi, siyasi iradəsi ilə çalışmış, bu dilin böyük Azərbaycanın milli-mənəvi dəyəri olması uğrunda mübarizə aparmış, Azərbaycan dilinə sevgini Azərbaycançılıq ideologiyasının əsas əlamətlərindən biri kimi təsbit etmişdir.
Ümumilli liderin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən ikinci mərhələsində -- 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında(18 iyun 2001-ci il)”fərmanı ilə yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyası daha da genişləndi. Bu fərmanla Azərbaycan dövlətinin müstəqillik təcrübəsinə əsaslanan ümummilli lider dövlət dilinin tətbiqi sahəsində görülməli olan zəruri işlərin proqramını verdi.
Ümumiyyətlə, bu dövrdə Heydər Əliyevin təşəbbüsü ilə ədəbi dilimiz sözün əsl mənasında yüksək status qazanmış, dövlət dili haqqında qanun qəbul edilmiş, latın qrafikası bərpa edilmişdir. 2001-ci ilin 9 avqustunda imzalanmış möhtəşəm bir fərmanla 1 avqust tarixi ölkəmizdə Ana dili və əlifba günü elan olunmuşdur. Azərbaycan əlifbası və ana dili gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, 1993-cü ildən etibarən həyata keçirdiyi milli dövlətçilik siyasətinin davamı və qanunauyğun nəticəsidir.
Bir az sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun (30 sentyabr 2002-ci il); “Azərbaycan Respublikasında Dövlət Dili haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanı kimi ictimai-siyasi əhəmiyyət daşıyan sənədlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin dövlət dilinin inkişafına verdiyi töhfələrin mühüm bir hissəsidir.
Heydər Əliyevin milli dil siyasəti onun layiqli varisi ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkə prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram çərçivəsində dövlət dil siyasəti bütün parametrlər üzrə həyata keçirilir. Bu Dövlət Proqramı çərçivəsində Dil komissiyası, Terminologiya kommissiyası, Toponimika komissiyası, Orfoqrafiya komissiyası yaradılmış və bu komissiyalar zaman keçdikcə xeyli təkmilləşdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”kı 1 noyabr 2018-ci il tarixli möhtəşəm fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilmiş tədbirlərin yeni mərhələsi sayılmalıdır.
Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında dilimizin saflığının qorunub inkişaf etdirilməsi və Dövlət proqramının tətbiqi istiqamətində mühüm işlər həyata keçirilməkdədir. Ali Məclis Sədrinin bu sahədə gördüyü mühüm işlərdən biri, bəlkə də ölkəmizin tarixində ilk dəfə, muxtar respublikanın mərkəzində möhtəşəm ana dili abidəsinin ucaldılmasından ibarətdir. Digər diqqətəlayiq fakt dilimizi qoruyub inkişaf etdirən Naxçıvan Yazıçılar Birliyinin fəaliyyətinin genişləndirilməsindən ibarətdir. Bu birliyin nəzdində Tərcümə Mərkəzi fəaliyyətə başlamış və bu qurum qısa müddət ərzində xeyli faydalı işlər görmüşdür. Ali Məclis Sədrinin sərəncamı ilə oxunması zəruri olan kitabların, bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin diyarımızın gəncləri tərəfindən geniş şəkildə öyrənilməsi də dilimizin, sözümüzün təbliğinə, onun keçmişinə, klassik ədəbi irsə hörmətin artmasına münbit zəmin yaratmışdır. Bu istiqamətdə dilimizin qədim yadigarı sayılan XI əsrdə qələmə alınmış“Kutadqu bilik” poemasının, Nemətullah Naxçıvaninin XV əsrin sonlarında qələmə alınmış “Əl-fəvatihül-ilahiyyə vəl-məfatihül qeybiyyə” adlı üçcildlik traktatının nəşri də böyük mədəni-ictimai əhəmiyyət daşımaqdadır. Bu məqsədyönlü fəaliyyətin nəticəsi olaraq dilimizin tarixinin öyrənilməsi, onun qorunub inkişaf etdirilməsi çərçivəsində Ali Məclis Sədrinin göstərişi ilə son dövrlərdə “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, ”Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” kitablarının nəşri də milli dil siyasətinin tərkib hissəsi olan mənəvi dəyərlərin inkişafına göstərilən dövlət qayğısının bariz təzahürlərindən biridir.
Beləliklə, qloballaşma dövründə ulu öndər Heydər Əliyevin ideyaları işığında ölkə miqyasında ana dilimizin, Azərbaycan dilinin inkişafında, yeni mərhələ başlamışdır. Yeni mərhələdə dilçilər və ümumiyyətlə ziyalılar qarşısında duran əsas məsələ ana dilinimizn saflığını qorumaqdan, ədəbi dil normalarına riyayət olunmasına nəzarət etməkdən, dili yad ünsürlərdən təmizləməkdən ibarətdir.. Ulu öndərin göstərdiyi kimi: “Dilimizi qorumaq, daha da inkişaf etdirmək bizim ən müqəddəs vəzifəmizdir”.
Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü