Qədim və zəngin tarixə malik Naxçıvanın iyirminci əsrdə yetirdiyi görkəmli ziyalılar sırasında yazıçı, tərcüməçi, publisist və ictimai xadim Əli Səbri Qasımovun (1892-1983) özünəməxsus yeri vardır. Onun qələmə aldığı roman, povest və hekayələr, sayı yüzlərlə ölçülən ədəbi-tənqidi və publisistik məqalələr, müxtəlif xalqların ədəbiyyatlarından etdiyi tərcümələr öz dəyərini bu gün də saxlamaqdadır. Vətənpərvər ədibin milli mücadilədə fədakarlığı da böyük tarixi əhəmiyyətə malikdir.
Görkəmli ziyalının çoxşaxəli fəaliyyətinin, zəngin yaradıcılığının sistemli, əhatəli şəkildə öyrənilmədiyini nəzərə alan AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, Əməkdar elm xadimi, professor Hüseyn Həşimli uzunmüddətli araşdırmalarının nəticəsi olaraq “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiya nəşr etdirmişdir. Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə çapdan çıxmış 232 səhifəlik bu dəyərli kitabın elmi redaktoru AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA Naxçıvan Bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyev və bu sətirlərin müəllifidir.
Kitabın giriş hissəsində Əli Səbri Qasımovun ədəbi və ictimai fəaliyyətinin əsas mündəricəsindən söz açılarkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Naxçıvanın muxtariyyət statusu qazanmasının doxsan illiyinə həsr olunmuş tədbirdəki çıxışında (8 aprel 2014-cü il) Əli Səbrinin tarixi xidmətlərinə verdiyi aşağıdakı yüksək qiymət nəzərə çatdırılır: “Naxçıvan ziyalıları yaxşı başa düşürdülər ki, mübarizə aparmadan muxtariyyət qazanmaq mümkün deyil. Odur ki, əlində qələm tutanlar da siyasi mübarizə cəbhəsində vuruşurdular. Onlardan yazıçı-publisist Əli Səbri Qasımovun və Naxçıvanın ləyaqətli oğlu Behbud ağa Şahtaxtinskinin adını xüsusi qeyd etmək istəyirik”. Vətənpərvər ziyalı Əli Səbri Araz-Türk Cümhuriyyəti dövründə Naxçıvanın erməni basqınlarından qorunması üçün aparılan mübarizələrdə yaxından iştirak etmiş, özünün qətiyyətli milli mövqeyini ortaya qoymuşdur.
Hüseyn Həşimli belə bir görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş kitabı yazmaq üçün arxivlərdən, kitabxanalardan, yüz ildən artıq bir dövrün mətbuatından çoxsaylı və müxtəlif səpkili materiallar toplamış, onları ilk dəfə sistemli tədqiqata cəlb etmişdir.
Monoqrafiyanın “Şərəfli ömür yolu” adlanan ilk fəslində yazıçının 1892-ci ildə Naxçıvandan başlanıb 1983-cü ildə Bakıda tamamlanan doxsan bir illik həyatının əsas bioqrafik faktları, mərhələləri, fəaliyyətinin başlıca istiqamətləri ardıcıllıq və dəqiqliklə nəzərə çatdırılmışdır. İlk təhsilini Naxçıvan şəhərində alan Əli Səbrinin 1909-1913-cü illərdə Qori Müəllimlər Seminariyasında oxuması, sonra Bakıda müəllimliklə yanaşı, ədəbi-mədəni mühitdə fəallığı, Birinci Dünya müharibəsi illərində Osmanlı türklərinə yardım hərəkatında yaxından iştirakı, Araz-Türk Cümhuriyyəti dövründə və sonrakı vaxtlarda Naxçıvanın qorunması istiqamətində mübarizələrdə fədakarlığı, sovet dövründəki məşəqqətli taleyi, stalinizm dönəmində dəfələrlə həbsə alınması, ömrünün on səkkiz ilini həbsdə və sürgündə keçirməsi, 1950-ci illərin ortalarından sonrakı fəaliyyəti və digər məsələlərin böyük qismi ilk dəfə aşkara çıxarılan çoxsaylı faktlar və materiallar əsasında diqqət mərkəzinə çəkilmişdir.
“Əli Səbri Qasımovun bədii yaradıcılığı” adlanan ikinci fəsildə yazıçının müxtəlif vaxtlarda yazdığı oxunaqlı nəsr əsərləri tədqiqata cəlb olunmuşdur. Onun hələ tələbə ikən, 1912-ci ildə çap etdirdiyi “Şəbi-hicran, yaxud müsibəti-Şadi” povesti hərtərəfli şəkildə araşdırılmışdır. Onu da demək yerinə düşər ki, yazıçının sonralar kitablarında yer almayan bu əsərini monoqrafiya müəllifi bir neçə il bundan əvvəl nəşr etdirərək ilk dəfə müasir oxuculara çatdırmışdır. Əli Səbri yaradıcılığının ən qiymətli nümunələrindən olan “Solğun çiçək” romanı 1913-cü ildə qələmə alınsa da, indi də maraqla oxunur, ideya-bədii mükəmməlliyi ilə diqqəti çəkir. Həmin romanı da ilk dəfə əhatəli araşdırmaya cəlb edən ədəbiyyatşünas alim müxtəlif vaxtlarda ədəbi-tənqidi fikrin əsərə münasibəti barədə diqqətəlayiq faktları da aşkara çıxararaq dəyərləndirmişdir. Kitabda Əli Səbrinin qələmindən çıxmış “Qaraçılar”, “Ümid işıqları”, “Himayə”, “Firuzun kədəri” kimi mükəmməl hekayələr də elmi-ədəbi təhlilə cəlb olunmuş, onların bir qismi həm də uşaq ədəbiyyatımızın səciyyəvi örnəkləri sırasında nəzərdən keçirilmişdir. Bütövlükdə, yazıçının roman, povest və hekayələri Azərbaycan sentimentalist ədəbiyyatının təşəkkülü və inkişafında, nəsrimizdə psixologizmin möhkəmlənməsində, ictimai mündəricənin fərdi talelər timsalında təqdimində mühüm rol oynayan bədii nümunələr kimi öz elmi qiymətini almışdır.
1910-cu ildən mətbuata qədəm qoyan Əli Səbri Qasımov fəaliyyəti boyunca sosial-siyasi həyatın müxtəlif məsələlərinə, maarif, mədəniyyət, bədii yaradıcılıq, ədəbi dil problemlərinə dair dörd yüzdən çox məqalə yazaraq dərc etdirmişdir. 1920-ci ilədək “Səda”, “İqbal”, “Yeni füyuzat”, “Məlumat”, “Yeni irşad”, “Açıq söz”, “Sovqat”, “Al bayraq”, “Azərbaycan”, “Gənclər yurdu” kimi qəzet və jurnallarda çıxış edən publisistin sovet dövründə də bir sıra mətbuat orqanlarında məqalələri dərc olunmuşdur. Bütün bunlar görkəmli ədibin ədəbi-tənqidi və publisistik irsinin tədqiqinə həsr olunan üçüncü fəsildə özünün dolğun elmi qiymətini almışdır. Bu fəsildə də araşdırılan çoxsaylı materialların əksəriyyəti ilk dəfə elmi dövriyyəyə gətirilmişdir. Yazıçının müxtəlif vaxtlarda qələmə aldığı memuarları, xatirat səpkili məqalələri də bir sıra tarixi fakt və hadisələri, sosial-mədəni prosesləri, ədibin müasiri olmuş görkəmli ziyalılarla bağlı maraqlı məqamları aydınlaşdırmaq baxımından əhəmiyyətli mənbələr kimi təhlilə cəlb olunmuşdur.
Monoqrafiyanın sonuncu fəsli Əli Səbrinin tərcüməçilik fəaliyyətinə həsr olunmuşdur. Tədqiqatçı müəyyənləşdirmişdir ki, Ə.Səbrinin ilk tərcümə kitabı 1911-ci ildə seminariya tələbəsi ikən rus yazıçısı A.P.Çexovun “Qız istəmək” adlı dramatik əsərini tərcümə və nəşr etdirməsidir. Bundan sonra o, məşhur rus ədibi L.N.Tolstoyun bir sıra əsərlərini dilimizə çevirmişdir. İstedadlı mütərcimin rus yazıçısı V.İ.Dmitriyevadan “Balaca və Xallı” adlı tərcümə-təbdili, həmçinin M.F.Çumandrin, P.P.Verşiqora kimi rus yazıçılarının, ingilis ədibi V.Şekspirin, hind yazıçısı R.Taqorun bəzi əsərlərini, gürcü ədəbiyyatından müxtəlif hekayələri, həmçinin çoxsaylı ictimai-siyasi, elmi-kütləvi, pedaqoji materialları Azərbaycan dilinə çevirməsi də maraqlı faktlardır. Ə.Səbri, həmçinin Azərbaycan ədəbiyyatının və filoloji fikrinin M.S.Ordubadi, Y.V.Çəmənzəminli, S.Şamilov, F.Qasımzadə kimi tanınmış nümayəndələrinin bəzi əsərlərini rus dilinə tərcümə etmişdir.
Bütövlükdə, professor Hüseyn Həşimlinin “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyası həm ictimai fəaliyyəti, həm də çoxşaxəli yaradıcılığı ilə xalqa, Vətənə ləyaqətlə xidmət göstərmiş unudulmaz ziyalıya həsr olunan dəyərli tədqiqat kimi mühüm əhəmiyyətə malikdir.
Əbülfəz Quliyev
AMEA-nın müxbir üzvü,
professor