Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” 2013-cü il 8 iyun tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin sifarişi ilə Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş poçt markası hazırlanaraq poçt tədavülünə buraxılmışdır. Üzərində Məmməd Arazın portreti əks olunmuş marka 20 min tirajla buraxılmışdır. Markanın nominal dəyəri 20 qəpikdir. Bundan başqa, Məmməd Arazın 80 illik yubileyinə həsr edilmiş suvenir bukleti və “Birinci gün” zərfi də hazırlanmışdır.
Qeyd edək ki, Məmməd Arazın müasir Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus yeri və rolu vardır. Onun dərin fəlsəfi məzmunlu lirikası zəngin ənənələrə malik milli poeziyamızı keyfiyyətcə yeni mərhələyə qaldıraraq daha da zənginləşdirmişdir. Məmməd Arazın gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Doğma Vətənə bağlılıq, istiqlalçılıq, vətəndaşlıq hisslərinin tərənnümü, fikir dərinliyi və sadəlik, poetik təfəkkürün genişliyi kimi yüksək keyfiyyətlər Məmməd Araz yaradıcılığına uzunömürlülük bəxş etmiş, onun qələminə məxsus əsərlər geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Məmməd Arazın əsərləri dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuş, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının ən yaxşı nümunələri ilə tanış olmaq imkanı əldə etmişdir.
Parlaq istedadı və təkrarolunmaz yaradıcılığı ilə böyük şöhrət qazanan Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının “İstiqlal” ordeni ilə təltif olunmuş, adına “Məmməd Araz” ədəbi mükafatı təsis edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti