Tanınmış musiqiçi, bəstəkar, dirijor, xormeyster, pedaqoq, ictimai xadim Məmməd Məmmədovun adı çəkiləndə doğma diyarım Naxçıvanla, bu möhtəşəm yurdun qaynar, inkişaflı musiqi həyatı ilə bağlı bir çox unudulmaz xatirələr gözümün önündə canlanır. Məmməd Məmmədov şəxsiyyəti və onun yorulmaq bilmədən yaşadığı, yaratdığı və yaşatdığı məqsədyönlü musiqi həyatı, musiqi dünyası hər zaman olduğu kimi, yenə də heyrətləndirir məni. Təkcə məni yox, onu tanıyan hər bir kəsi.
1950-1960-cı illərin məhsul bayramlarını yada salaq... Payız aylarında Naxçıvan şəhərində keçirilən bu möhtəşəm tədbirlərdə dirijor Məmməd Məmmədovun rəhbərliyi ilə minlərlə orta məktəb şagirdləri – birləşmiş xor onlarla populyar melodiyaları, mahnıları böyük həvəslə, məhəbbətlə ifa edərək məhsul bayramlarına rövnəq, gözəllik bəxş edirdilər.
Bu tədbirlərdə muxtar respublika zəhmətkeşləri öz nailiyyətlərini nümayiş etdirirdilərsə, Məmməd Məmmədov da musiqi həyatımızın inkişafını təqdim edirdi. Həmin gün şagirdlərlə birgə, sanki bütün şəhər oxuyurdu, sevinirdi, şənlənirdi.
Həmin illər hər tədris ilinin sonunda – may ayında orta məktəblərdə “Mahnı və çiçək” bayramı keçirilirdi. Yadımdadır, səhər-səhər hər bir şagird, müəllim evlərindən məktəbə güllər, gül dibçəkləri gətirərdi. Məktəb həyətləri gül-çiçəklə bəzənərdi. Bu bayramlarda şagirdlərdən ibarət xor kollektivi Məmməd Məmmədovun rəhbərliyi ilə Vətən, gənclik, dostluq, məktəb həyatını vəsf edən mahnılar ifa edərdi. Bu mahnıları Məmməd müəllimin rəhbəri olduğu nəfəsli orkestr müşayiət edərdi. Bu tədbirlərdə müxtəlif xalqlara məxsus musiqi əsərləri ilə yanaşı, bəstəkarın özünün də gözəl, sadə melodik dilə malik, bu gün də unudulmayan mahnıları şagirdlər tərəfindən sevilərək oxunardı. Nəinki şəhər məktəblərində, hətta kənd məktəblərində də xor kollektivləri, nəfəsli alətlər ansamblı yaradırdı Məmməd müəllim.
Məmməd müəllim yüzlərlə şagirdin birlikdə, vəhdət şəklində oxumasına necə nail olurdu?
O, orta məktəblərdə hər bir sinifdə şagirdlərlə ayrı-ayrı məşğul olar, müxtəlif siniflərdən istedadlı şagirdləri seçərək hər məktəb üzrə xor kollektivi təşkil edirdi. Bayramlarda isə şəhər üzrə orta məktəb şagirdləri həmin mahnıları birlikdə ifa edərdilər. Həmin ifalar, tədbirlər bu gün də xoş xatirələrə çevrilərək yaddaşlarda yaşamaqdadır.
Sanki gördüyü xeyirxah, nəcib işləri ilə nəfəs alırdı Məmməd müəllim. Və bu yaradıcı işləri ictimai əsaslarla, təmənnasız görürdü pedaqoq, qayğıkeş insan olan Məmməd Məmmədov. Həmin illər onun Naxçıvan Pioner və Məktəblilər Evində yaratdığı və bədii rəhbəri olduğu “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblı Naxçıvan musiqi tarixinin önəmli səhifəsinə çevrildi. Görkəmli bəstəkar, dirijor Əfrasiyab Bədəlbəyli bu ansamblın fəaliyyətini yüksək qiymətləndirərək onu Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının “kiçik qardaşı” adlandırmışdır. Bu da təsadüfi deyildi. Hər il Bakı şəhərində keçirilən məktəblilərin olimpiadalarında bu kollektiv birinci mükafata layiq görülürdü. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının repertuarında olan hər bir əsər ikinci həyatını “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblında yaşayırdı. O əsərlər görkəmli bəstəkarlar – Cahangir Cahangirovun dördsəsli xor üçün yazdığı süitalar, Səid Rüstəmovun, Tofiq Quliyevin, Rauf Hacıyevin, Rəşid Əfəndiyevin rəqs süitaları, eyni zamanda müxtəlif xalqların rəngarəng melodiyaları idi. Hətta illər sonra “Əlvan çiçəklər”in üzvlərindən olan ifaçıların Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında çalışmaları hər iki ansamblda olan yaradıcılıq əlaqələrinin davamı kimi qiymətləndirilirdi. “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblı bir çox şəhərlərdə, dövlət tədbirlərində çıxışlar edir, geniş tamaşaçı auditoriyası tərəfindən alqışlanır, şöhrətlənirdi. 1966-cı ildə ansamblın 50 nəfərdən ibarət üzvü Ümumittifaq “Artek” pioner düşərgəsində 1 ay istirahət və eyni zamanda konsert vermək hüququnu qazanaraq mükafatlandırılmışdı. Bu, böyük qələbə idi. Kollektiv sovet məkanında Azərbaycanı təmsil edirdi. Bir ayın hər bir günü kollektivin çıxışları alqışlarla qarşılanırdı. Sovet və Kanada kinorejissorları tərəfindən “Əlvan çiçəklər”ə ekran həyatı ərməğan edilir. Kollektivin hər bir üzvü fəxri fərmanlarla, medallarla doğma Naxçıvana qayıdır. Sonralar “Əlvan çiçəklər” Mahnı və Rəqs Ansamblının bir çox üzvləri respublikamızın tanınmış sənətçiləri kimi fəaliyyətlərini davam etdirdilər və bu gün də sayılıb-seçilən sənətkarlardır.
1974-1978-ci illərdə keçirilən genişmiqyaslı məktəb bədii özfəaliyyət kollektivləri müsabiqəsinin sədri olan Məmməd Məmmədovla birlikdə biz – münsiflər heyətinin üzvləri muxtar respublikanın şəhər, rayon, kənd orta məktəblərinə gedərək onların hazırlıqlarına diqqət yetirirdik, məsləhətlər verirdik. Məmməd Məmmədovun böyük təcrübəsi, musiqiyə, insanlara, doğulduğu məkana olan sonsuz sevgisi, məqsədyönlü musiqi təbliğatının nəticəsində həmin və sonrakı müsabiqələr gözəl nəticələr verirdi. Yeni-yeni ifaçılar üzə çıxırdı və hər kəs – şagirdlər, müəllimlər, valideynlər səbirsizliklə məktəb bədii özfəaliyyət kollektivlərinin televiziyada çıxışlarını gözləyirdilər. Bir sözlə, həmin tədbirlər müsabiqə çərçivəsindən çıxaraq musiqi bayramına çevrilirdi. Qeyd etmək istərdim ki, həmin illər, eyni zamanda Naxçıvan Televiziyasında da mədəniyyət evləri bədii özfəaliyyət kollektivlərinin müsabiqəsi yüksək səviyyədə keçirilirdi. Əlbəttə ki, ömrünü sənətə, doğma torpağına bağlayan və bu sənətin, bu torpağın vurğunu olan Məmməd Məmmədov kimi şəxsiyyətlərin sayəsində.
Məmməd müəllim pedaqoji texnikumda oxuduğu zaman yaradıcılıq taleyini aparıcı nəfəsli alətlərdən biri olan truba ilə bağlamışdı. O, xalq musiqi nümunələrini həvəslə öyrənir və gözəl ifa tərzi ilə tələbə yoldaşlarını heyran edir, bu aləti onlara da sevdirirdi. Bu da səbəbsiz deyildi. Çünki ona da bu aləti sevdirən, bu alətdə çalmağı öyrədən, musiqini onun həyatının ayrılmaz hissəsinə çevirən ömrünün sonunadək unutmadığı bir şəxsiyyət olmuşdu – Məmməd Kəngərli!
1938-ci ildə gənc Məmməd müəllimi Məmməd Kəngərli ilə birlikdə muxtar respublikada ilk dəfə olaraq Naxçıvan Tibb Məktəbində qızlardan ibarət nəfəsli alətlər orkestri yaradırlar. Getdikcə incəsənət Məmməd Məmmədovun mənəvi tələbatına çevrilir. Musiqiyə olan sonsuz həvəsi gənc Məmmədi Bakı şəhərinə – musiqi texnikumuna aparır. Lakin çox təəssüf ki, səhhəti üzündən Bakıda görkəmli sənətkarlardan, böyük musiqi aləmindən ayrılıb Naxçıvana qayıtmalı olur. Buna baxmayaraq, gənc Məmməd öz üzərində səylə çalışır, ifaçı kimi çıxışlar edir, nəfəsli alətlər üçün kiçik pyeslər, marşlar, xor üçün kütləvi mahnılar bəstələyir. Muxtar respublikanın mədəni həyatında fəal iştirakı onu bir bəstəkar kimi daha da şöhrətləndirir. Muxtar respublikanın rəhbərliyi gənc bəstəkara Bakı şəhərində keçiriləcək mühüm, respublika səviyyəli bir tədbirin – idman bayramının musiqisini yazmağı sifariş edir.
1940-cı ildə Bakı şəhərində keçirilən idman bayramında Naxçıvanın 350 nəfər idmançısı Məmməd Məmmədovun şən musiqi təranələri altında öz istedadlarını nümayiş etdirir. Bir il sonra müharibə başlayır. Çoxları kimi Məmməd Məmmədov da Vətəni qorumaq üçün cəbhəyə yollanır. Onun doğma qardaşı, AMEA-nın eks-prezidenti, akademik Fərəməz Maqsudovun xatirələrindən:
– Qardaşım Məmməd böyük bəstəkarlar Fikrət Əmirov, Cahangir Cahangirovla bir sinifdə oxuyurdu. Bəlkə də, onlar səviyyəsində bir bəstəkar olacaqdı. Məmmədin böyük bir bəstəkar kimi formalaşmasında ən böyük maneə müharibə oldu. Kiyev altında onların diviziyası mühasirəyə düşdü. Bir qrup döyüşçü yoldaşı ilə mühasirəni yarıb Stalinqrad cəbhəsinə – döyüşlərin ən qızğın nöqtəsinə yollandı. Müharibəni döyüşə-döyüşə başa vurdu, orden-medallara sahib oldu. Ancaq döyüşlər qurtarandan sonra bütün yaxşı işlərinə görə ondan cavab tələb etdilər; Kiyev altında əsir düşmüş bir döyüşçü yoldaşı dindirilərkən onun adını çəkmiş, bir yerdə əsir düşdüklərini demişdir. Onu çağırıb Vətənə xəyanətdə təqsirləndirmiş, millətini təhqir etmişlər. O isə millətinə ünvanlanmış təhqirə dözməyərək müstəntiqə qarşı təzyiq göstərmişdir. Beləliklə, yalnız 1954-cü ildə – Stalinin ölümündən sonra onun da günahsız yerə 9 il Həştərxan düşərgəsində yatdığı məlum oldu. Canından artıq sevdiyi ailəsini təhlükəyə düçar etməmək üçün bu 9 ildə evə məktub yazmamış, öz halından xəbər verməmişdir. Soyadını da dəyişərək Maqsudov əvəzinə Məmmədov yazdırmışdı.
Yadıma gəlir, 70-ci illərin sonunda mərkəzi televiziya tez-tez reportaj verərək, onlara məxsus çoxsəsli xor kollektivlərini təbliğ edirdi. Halbuki Məmməd müəllim bundan xeyli əvvəl – 50-60-cı illərdə 1000 nəfər uşaqdan ibarət birləşmiş xor yaradır və bu böyük kollektivi zərgər dəqiqliyi ilə idarə edirdi.
O, böyük musiqi kollektivlərinin təşkilatçısı, musiqi təbliğatçısı idi. Muxtar respublikanın indiki nəslinin musiqi zövqünün inkişafında Məmməd Məmmədovun rolu əvəzedilməzdir.
Bəstəkar Məmməd Məmmədov həm də 30-dan artıq müxtəlif janrlarda yazılmış tamaşalara musiqi bəstələmiş və bir çox əsərlərə musiqi tərtibatı vermişdir.
Bəstəkarın “Gənclik mahnısı”, “Dostluq mahnısı”, “Azərbaycanım”, “Ana Vətən”, “Olaydım mən”, “Nəğmə çalır ürəyim” mahnıları Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən nəşr olunan “Naxçıvan təranələri” adlı məcmuəyə daxil edilmişdir. Nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün “Kiçik prelüdiyalar”, klarnet və fortepiano üçün “Miniatürlər”, “Qaytağı”, fortepiano üçün mahnı və romanslar bəstəkarın yüksək sənətkarlıqla yazdığı əsərlərdəndir. Dahi dramaturq, şair Hüseyn Cavidin cənazəsinin doğma şəhərinə – Naxçıvana gətirilməsi mərasimi Məmməd Məmmədovun fortepiano üçün yazdığı “Marş” əsərində həm böyük sevinc, həm də kədər hisslərilə əks olunmuşdur. Həmin əsərləri “Bəstəkar Məmməd Məmmədov” adlı kitaba daxil edilmişdir.
Məmməd Məmmədovun bədii rəhbəri olduğu tədbirlər Bakı şəhərində musiqisevərlər tərəfindən dəfələrlə alqışlarla qarşılanmış, yüksək qiymətləndirilmişdir. Onun çoxsahəli yaradıcı fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Bu gün Məmməd müəllimin tələbələri, tələbələrinin şagirdləri onun adını daşıyan 1 nömrəli uşaq musiqi məktəbində görkəmli pedaqoqun – müəllimlərinin ənənələrini yaşadır, gənc musiqiçilər yetişdirirlər.
Fərəhli haldır ki, həyatını, ömrünü Naxçıvan musiqi mədəniyyətinin inkişafına həsr etmiş tanınmış sənətkarın fəaliyyəti unudulmur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov görkəmli musiqiçi, bəstəkar, dirijor, xormeyster, pedaqoq, ictimai xadim Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında 2020-ci il 28 yanvarda Sərəncam imzalayıb. Onu da qeyd edək ki, bir sıra incəsənət xadimlərinin yubileylərinin keçirilməsi Naxçıvanda mədəniyyətimizə xüsusi diqqət və qayğının bariz nümunəsidir. Yəqin ki, musiqi tədqiqatçılarımızın əsərlərində Məmməd Məmmədovun həyat və yaradıcılığı bundan sonra daha əhatəli tədqiq ediləcək, bir çox görkəmli sənətkarlarımız onun əsərlərinə yenidən müraciət edəcəklər.
Nazim Paşa QULİYEV
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, bəstəkar