Bu gün Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nəbi Xəzrinin “Burla Xatun” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa onlayn formada tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, əsərin müəllifi Nəbi Xəzri 20-ci əsr Azərbaycan ədəbiyyatının tanınmış şair-dramaturqlarındandır. Onun mənzum dramları Azərbaycan teatrlarında dəfələrlə səhnələşdirilmişdir. Xalq şairinin “Burla Xatun” mənzum pyesi “Kitabi-Dədə Qorqud” dastanının “Qazan xanın evinin yağmalanması” boyunun motivləri əsasında yazılmışdır. Əsərdə vətənpərvərlik ruhu, düşmənə nifrət hissi və Oğuz elinin qadınlarının mübarizliyi öz əksini tapmışdır. Müəllif Şöklü Məlik obrazı ilə Oğuz qadınları arasında gedən dialoqlar vasitəsilə güclü dramatik konflikt yarada bilmişdir ki, bu da tamaşaya dinamiklik və emosionallıq bəxş edir.
Mənzum pyesdə Dədə Qorqud dilinin qorunub saxlanması, epik janrın estetik prinsiplərinə uyğun işlənməsi vətənpərvərlik ruhunu daha qabarıq verməyə imkan yaradır. Sonda Burla Xatunun Şöklü Məliyə qalıb gəlməsi və Dədə Qorqudun Oğuz elini vətənpərvərliyə çağırması əsərin bədii gücünü daha da artırır.
Tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Tamaşada əsas rolları Azərbaycan Respublikasının Əməkdar artisti Nazlı Hüseynquliyeva (Burla Xatun), Nəsimi Məmmədzadə (Şöklü Məlik), Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy (Dədə Qorqud) ifa etmişdir. Bundan əlavə Azərbaycan Respblikasının Əməkdar artistləri Əbülfəz İmanov və Behruz Haxverdiyev, aktyorlar Səkinə Məmmədova, Zülfiyyə Zeynalova, Mehri Nəbiyeva, Heyran Abdullayeva, Rəhman Dünyamalıyev və Səyyad Məmmədov rolları xüsusi peşəkarlıqla təqdim etmişlər.
Səhnə əsəri Naxçıvan Dövlət Televiziyası ilə yanaşı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında da canlı yayımlanmışdır. Naxçıvanda ilk dəfə onlayn olaraq təqdim edilən tamaşa izləyicilər tərəfindən maraqla qarşılanmışdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
mətbuat xidməti