22 Dekabr 2024, Bazar

  

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “İbrahim Safi: albom-kataloq”unun təqdimatı olub, görkəmli rəssamın əsərlərindən ibarət sərgi açılıb. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, milli dəyərlərimizin və mədəni irsimizin qorunmasında və yaşadılmasında böyük  tarixi rolu olan Ali Məclisin Sədri cənab Vasif Talıbovun “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan və Türkiyədə rəssamlıq sənətinin inkişafında böyük xidmətləri olan tanınmış sənətkarın 120 illik yubileyi muxtar respublikamızda geniş qeyd olunub. Müvafiq sərəncamın işığında Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda böyük sənətkarın 54 əsəri nümayiş etdirilib, Bakıda Atatürk Mərkəzində görkəmli rəssam İbrahim Səfiyevin yaradıcılığına həsr edilmiş elmi-praktik konfrans keçirilib, mətbuatda sənətkarın yaradıcılığı ilə bağlı yeni tədqiqatlar üzə çıxıb.

 Vurğulanıb ki, görkəmli rəssamın həyat və fəaliyyətinin, sənət irsinin elmi tədqiqi və təbliği ilə bağlı görülən işlərin davamı olaraq əsərləri əsasında nəşr edilən albom-kataloqu böyük rəssamın 120 illik yubileyinə layiqli töhfədir. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyət və nəfis tərtibatla hazırlanan albom-kataloqda rəssamın 88 portret, 107 dəniz mənzərəsi, 76 natürmort, 36 qış mənzərəsi, 25 kompozisiya, 3 avanqard, 163 Avropa mənzərəsi və 12 eskiz olmaqla, 510 əsəri yer alıb. Bundan əlavə yeni nəşrdə rəssamın indiyədək dərc olunmayan fotoşəkilləri, sərgilərindən fotolar, həyat və fəaliyyəti ilə bağlı arxiv sənədləri öz əksini tapıb. Əminliklə qeyd etmək olar ki, bu albom-kataloq dünya şöhrətli rəssamın həyat və yaradıcılığının daha geniş şəkildə tədqiqinə, ictimaiyyətə, sənətsevərlərə təqdim olunmasına şərait yaradacaq, müasir gəncliyə, gələcək nəsillərə sanballı yadigar qalacaqdır.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxışında qeyd edib  ki, əslən naxçıvanlı olan İbrahim Səfiyev türk rəssamlıq sənəti tarixində özünəməxsus üslubu ilə tanınıb və Türkiyə rəssamlığına yeni nəfəs gətirib. Dünya incəsənətinin mütərəqqi ənənələrinin davamçısı olan rəssam boyakarlığın müxtəlif janrlarında çoxlu tablo, o cümlədən mənzərələr, portretlər yaradıb. Onun rəsm əsərlərində hiss və duyğular, biçim və forma, rəng fırçanın gücü ilə böyük ustalıqla təsvir olunub. Görkəmli rəssam sənətə bağlı ömrünü saysız-hesabsız qiymətli əsərləri ilə zənginləşdirib.

 Vurğulanıb ki, 120 illik yubiley tədbirləri çərçivəsində muxtar respublikamızda görkəmli rəssamın əsərlərindən ibarət sərgi keçirilib, albom-katoloq halına salınıb. Nəşrin ayrı-ayrı bölmələrində zəngin rəng mozaikasından yoğurulmuş portretlərə, rəssamın uşaqlıq xatirələrinə əsaslanan doğma yurdun məişətinə dair mövzularda çəkdiyi rəsmlərə rast gəlmək olar. Kataloqda İstanbulun, Avropanın mənzərələrini  özündə əks etdirən müxtəlif fəsillərə aid portretlər heyrətamiz gözəllikləri ilə diqqəti çəkir. 

Sonra tədbir iştirakçıları görkəmli rəssama həsr olunan albom-kataloqa və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Qeyd edək ki, “İbrahim Safi: albom-kataloq”unun və 45 rəsm əsərinin nümayiş olunduğu sərgi bir həftə davam edəcək.

Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR