Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı teatrsevərlərə təqdim etdiyi şair-dramaturq İslam Səfərlinin “Göz həkimi” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa ilə 131-ci teatr mövsümünü açmışdır. Tamaşa başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək yeni teatr mövsümünün açılışı münasibətilə teatrsevərləri təbrik etmişdir. Naxçıvan teatrının 130 il ərzində keçdiyi tarixi inkişaf yolundan danışan nazir qeyd etmişdir ki, dramaturgiyamızın elə görkəmli sənətkarı yoxdur ki, onun əsəri Naxçıvan teatrında səhnələşdirilməmiş olsun. Teatr həmçinin Avropa, rus, türk dramaturgiyasından ən gözəl nümunələri səhnələşdirməklə tamaşaçıların bəşəri sərvətlər xəzinəsinə yiyələnməsində əvəzsiz xidmətlər göstərmişdir.
Vurğulanmışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan teatrına daim diqqət və qayğı göstərmiş, dəfələrlə bu teatrın tamaşalarına baxmışdır. Ulu öndər Naxçıvan teatrı haqqında demişdir: “Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır”.
Nazir bu gün muxtar respublikamızda mədəniyyətə, incəsənətə, eləcə də teatr sənətinə göstərilən dövlət qayğısından söz açmış, sənət adamlarının əməyinin qiymətləndirilməsindən danışmışdır.
C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktor əvəzi, Azərbaycan Respublikasının xalq artisti Rza Xudiyev çıxış edərək teatrın yaradıcılıq ənənələrindən bəhs etmiş, bu mövsümdə səhnəyə qoyulacaq tamaşalar haqqında məlumat vermişdir.
Sonra İslam Səfərlinin ikihissəli “Göz həkimi” dramı əsasında hazırlanmış eyniadlı səhnə əsəri tamaşaçılara təqdim edilmişdir. Tamaşada peşəsini sevən, həkim adını uca tutan bir insanın mübarizəsindən bəhs olunur.
“Göz həkimi” tamaşası müasir həyat həqiqətləri ilə səsləşməklə bu gün də bədii aktuallığını qorumaqdadır. Professor Şahbazov (Azərbaycan Respublikasının əməkdar artisti Xəlil Hüseynov) öz lovğalığı və qüruru ilə tibdə elmi yenilikləri rədd edir. Yeniliyə laqeydlik, gənclərlə işləmək bacarığının olmaması onun tipik xarakteridir.
Professorun oğlu Raufun (aktyor Elnur Rzayev) nişanlısı İradə (aktrisa Zəminə Baxşəliyeva) yeniliyi təmsil edən, sadə, peşəsini sevən, təvazökar bir göz həkimidir. Tamaşa boyu professor Şahbazovla göz həkimi İradə arasında gedən mübarizə və konfliktin açılması maraqla izlənir.
Tamaşada Nina Nikolayevna (aktrisa Nazlı Hüseynquliyeva) və Nərminə (Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Günay Qurbanova) bir-birinə zidd mövqedə duran personajlar kimi diqqəti cəlb edirlər. Tamaşaya şən gülüş gətirən Həsənağa obrazı (Azərbaycan Respublikasının əməkdar artisti Bəhruz Haqverdiyev) yumoristik obraz kimi yadda qalır. Qeyd edək ki, bu obrazı Naxçıvan teatrında ilk dəfə Bəhruz Haqverdiyevin atası, Xalq artisti Əyyub Haqverdiyev canlandırmışdır.
Tamaşada Azərbaycan Respublikasının əməkdar artisti Yusif Allahverdiyevin, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Kəklik Novruzovanın, aktyorlardan Zakir Fətəliyevin, Cəbrayıl Nəbiyevin, aktrisalardan Nurbəniz Niftəliyevanın və Zülfiyyə Zeynalovanın da ifaları öz təbiiliyi ilə seçilir.
“Göz həkimi” tamaşasının quruluşçu rejissoru Xalq artisti Rövşən Hüseynov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramov, bəstəkarı və musiqi tərtibatçısı Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevdir.
Məlumat üçün qeyd edək ki, “Göz həkimi” tamaşası ilk dəfə Naxçıvan teatrında 1955-ci ildə səhnələşdirilmişdir.
Əli RZAYEV