22 Dekabr 2024, Bazar

Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasından 114 il ötür. Böyük demokrat ədibimiz Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxan bu jurnalın  ilk sayı 1906-cı ilin 20 aprelində Tiflisdə işıq üzü görmüşdür. “Molla Nəsrəddin” qısa fasilələrlə 25 il nəşr olunub. Jurnalın ümumilikdə 748 sayı işıq üzü görüb, o cümlədən 1906-1917-ci illərdə Tiflisdə 340, 1921-ci ildə Təbrizdə 8, 1922-1931-ci illərdə  isə Bakıda 400 nömrəsi çapdan çıxmışdır. 

Bütün varlığı ilə xalqa, vətənə bağlı olan redaktorun: “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” - xitabı ilə fəaliyyətə başlayan “Molla Nəsrəddin” jurnalı qısa müddətdə böyük nüfuz qazanmış, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə demokratik mətbuatın, ədəbiyyatın, mədəniyyətin, ictimai fikrin inkişafına mühüm təsir göstərmiş, bu sahədə yeni mərhələ yaratmışdır. 

 “Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı”-deyən ustad Mirzə Cəlilin bu sözləri təkcə onun öz yaradıcılığı üçün deyil, bütövlükdə “Molla Nəsrəddin”çilərin əsl fəaliyyət devizi idi. Doğrudan da, ötən yüzilliyin ilk onilliklərində Azərbaycanda milli şüurun oyanışında, xalqın özünü dərk etməsində, hüquqları, istiqlalı uğrunda mübarizəyə hazırlanmasında “Molla Nəsrəddin” jurnalı çox mühüm rol oynamışdır. 

“Molla Nəsrəddin” jurnalı başda Mirzə Cəlil olmaqla o dövr Azərbaycan ziyalılarının böyük bir qisminin yaradıcılıq fəaliyyətinn parlaq bəhrəsi, şah əsəri  idi. C.Məmmədquluzadə bu barədə obrazlı şəkildə belə deyirdi: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”.Xalqın üzləşdiyi sosial-siyasi, iqtisadi və mədəni prob­lemləri satirik üslubun imkanları vasitəsilə, sadə, anlaşıqlı tərzdə oxu­culara çatdıran Mirzə Cəlil və onun Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Əli Razi Şamçızadə və s. kimi məslək yoldaşları bütün fəaliyyətləri boyunca Vətənə, millətə layiqincə xidmət göstərmişlər. Xalqın milli mənafelərinin ardıcıl ifadəçisi və müdafiəçisi olan “Molla Nəsrəddin” azadlıq mücadiləsinə, xalqımızın hərtərəfli yüksəlişinə misilsiz töhfələr vermişdir. Jurnalı Mirzə Cəlil dühasının parlaq ifadəsi sayan ulu öndərimiz bütövlükdə  “Molla Nəsrəddin”çilərin milli tərəqqiyə göstərdikləri çoxşaxəli xidmətləri yüksək qiymətləndirərək demişdir:  “Cəlil Məmmədquluzadə dühası “Molla Nəsrəddin” jurnalında öz əksini tapdı. “Molla Nəsrəddin”, onun vasitəsilə Cəlil Məmməd­qulu­zadə və jurnalın işinə cəlb olunmuş Azərbaycanın başqa mütəfəkkir adamları xalqımızın milli şüurunun formalaşmasında, milli ruhunun yüksəldilməsində, milli oyanışında böyük rol oynadılar”. 

 Dahi rəhbər “Mollanəs­rəd­din”çilərin öz fəaliyyətləri və yaradıcılıqlarında milliliklə bəşəriliyin üzvi vəhdətinə nail olmalarını da xüsusi qiymətləndirmişdir. Mirzə Cəlilin nəşr etdirdiyi ”Molla Nəsrəddin” jurnalının sadə xalq dilində yazmasını məxsusi dəyərləndirən ümummilli liderimiz rabitənin zəif olduğu XX əsrin əvvəllərində bu mətbuat orqanının böyük sürətlə yayılmasının səbəbini də məhz onun yüksək ideya-bədii dəyərə malik olması ilə əlaqələndirmişdir: “Molla Nəsrəddin” jurnalı dünyada məşhurdur. O vaxtlar rabitə­nin çox zəif olmasına baxmayaraq, “Molla Nəsrəddin” jur­nalı dünya­nın bir çox ölkələrində yayılırdı, hörmətlə qarşıla­nırdı, oxunurdu və hər yerdə öz təsirini göstərirdi. Azərbay­ca­nın həyatında “Molla Nəs­rəddin” jurnalının xüsusi yeri vardır. O dövrün şəraitinə uyğun olaraq Cəlil Məmmədquluzadə “Molla Nəs­rəddin” jurnalını xalqın əksər təbəqələri üçün oxuna bilən, anlaşıqlı səviyyədə nəşr edirdi”. 

Görkəmli dövlət xadimi Heydər Əliyev “Molla Nəsrəddin”çilərin mühüm xidmətləri sırasında ana dilinə böyük məhəbbətlərini, onun saflığının, təmizliyinin qorun­ması yolunda fədakar, ardıcıl səylərini  xatırlatmış, jurnalda Mirzə Cəlilin  ön mövqeyə çək­­diyi “Vətən, millət, dil” amalına yüksək qiymət verərək  demişdir: “Cəlil Məmmədquluzadənin fəaliyyətində ən dəyərli cəhət­lərdən biri də Azərbaycan xalqının dilinin inkişafı üçün göstər­diyi xidmət­lərdir. Onun daim işlətdiyi “Vətən, Vətən, Vətən! Mil­lət, millət, millət! Dil, dil, dil!” sözləri xalqımızın, millətimizin arzularını ifadə edir. Ədibin ana dilinə – Azərbaycan dilinə böyük diqqəti, ana dilini təbliğ etməsi, insanların hamısını ana dilini bilməyə səsləməsi və ana dilinin, Azərbaycan dilinin hər yerdə hökm sürməsinin zəruriliyinə dair fikirləri, yazıları o vaxt üçün vacib idi, bu gün üçün də çox aktualdır”.  

“Molla Nəsrəddin”çilər Azərbaycanda eyniadlı ədəbi məktəbi yaratmış, bu mətbuat orqanı ətrafında Mirzə Cəlilin rəhbərliyi ilə cəmləşmiş ədiblər ötən əsrin ilk onilliklərində ədəbiyyatımızın ən geniş və aparıcı ədəbi cərəyanı olan tənqidi realizmi formalaşdırmış və inkişaf etdirmişlər. Bu ədəbi cərəyan ədəbiyyatımızın hərtərəfli yüksəlişində, yeni mövzu və ideyalarla, janr və üslublarla zənginləşməsində böyük rol oynamışdır. 

 “Molla Nəsrəddin” jurnalı rəssamlığın, karikatura sənətinin inkişafına da geniş meydan açmışdır. Jurnaldakı dərin mənalı yazılarla diqqə­tə­layiq karikaturalar vahid məqsədə xidmət etmiş, həm yazarlar, həm də rəssamlar ideya-sənətkarlıq baxımından bir-birini uğurla tamamlamışdır. 

“Molla Nəsrəddin” jurnalı Azərbaycan mətbuatı tarixində yeni bir səhifə açmış, satirik publisistikanın inkişafında böyük rol oynamışdır. Bu jurnalın təsiri ilə nəşr olunan “Kəlniyyət”, “Arı”, “Tuti”, “Babayi-Əmir”, “Şeypur”, “Zənbur” kimi satirik mətbuat orqanları onun ənənələrini davam etdirmişlər.  Ümummilli liderimiz Heydər Əliyev bu məsələyə də diqqət yetirmiş, “Molla Nəsrəddin”in bütün zamanlarda öz aktuallığını saxlamasına böyük önəm vermiş, mətbuatda onun ənənələrinin davamını və inkişafını  vacib saymışdır. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev  zamanın, dövrün ən mürəkkəb sınaqlarından mərdliklə çıxaraq heç vaxt öz amalından, xalqa xidmət yolundan dönməyən “Molla­ Nəs­­rəddin”çilərin fəaliyyətinə, zəngin yaradıcılıq irsinə  həmişə böyük qiymət vermişdir. 

 Müstəqil Azərbaycanda bütün sahələrdə olduğu kimi, ədəbiyyat və mədəniyyətə qayğı istiqamətində də ümummilli liderimizin siyasi kursu uğurla davam etdirilir. O cümlədən Mirzə Cəlilin və digər “Molla­ Nəsrəd­din”çilərin  irsinə də xüsusi diqqət yetirilir, böyük qayğı göstərilir. 2006-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması, 2009-cu ildə C.Məmmədquluzadənin 140 illik, 2019-cu ildə 150 illik yubileylərinin, həmçinin digər “Molla Nəsrəddin”çilərin yubileylərinin keçirilməsi barədə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlar məhz ulu öndər Heydər Əliyevin möhtəşəm siyasətinin uğurlu davamının təzahürüdür. “Molla Nəsrəddin” jurnalının bütün saylarının toplanılıb transliterasiya edilərək çoxcildlik nəşrinin başa çatdırılması da bu baxımdan xüsusi dəyərə malikdir. 

Naxçıvan Muxtar Respublikasında da Mirzə Cəlilin və digər “Molla Nəsrəddin”çilərin xatirəsi uca tutulur, ehtiramla yad edilir. Bu istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlər, hazırlanan nəşrlər, təşkil olunan elmi konfranslar, tamaşaya qoyulan əsərlər, keçirilən “Mirzə Cəlil günləri” “Molla Nəsrəddin”çilərin yaradıcılıq irsinə ümummilli liderimiz Heydər Əliyevin  göstərdiyi böyük diqqətin, verdiyi önəmin muxtar respublikamızda layiqincə davam etdirilməsinin əyani təcəssümüdür. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na görkəmli ədibin “Hekayələr”i də daxil edilmişdir. 2009-cu ildə isə ədibin 140 illiyi münasibətilə Naxçıvanda “Əcəmi” Nəşriyyat - Poliqrafiya Birliyində “Seçilmiş əsərləri” iki cilddə nəfis tərtibatla çap olunmuşdur. 

Görkəmli yazıçı Cəlil Məmmədquluzadənin Naxçıvan Muxtar Respublikasında xatirəsi əbədiləşdirilmiş, Naxçıvan şəhərində onun əzəmətli heykəli ucaldılmışdır. Naxçıvan Dövlət Musiqili Dram Teatrı, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi onun adını daşıyır. Ölməz yazıçının Naxçıvan şəhərində ev-muzeyi, Şərur rayonunun Cəlilkənd kəndində və Babək rayonunun Nehrəm kəndində Xatirə muzeyləri fəaliyyət göstərir. 

“Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələri, mollanəsrəddinçilik təlimi bundan sonra da yaşamaqda davam edəcək, inkişafa, tərəqqiyə özünün böyük və təmənnasız köməyini göstərəcəkdir. 

Hüseyn  Həşimli

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, əməkdar elm xadimi, professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR