22 Dekabr 2024, Bazar


Qədim sivilizasiya mərkəzlərindən biri olan Naxçıvan diyarı tarixi abidələrlə zəngindir. Onlar həm yazıyaqədərki, həm də yazının meydana çıxmasından sonrakı tariximizi öyrənmək üçün əvəzsiz mənbələrdir. Abidələrimizin tədqiqi zamanı əldə olunmuş elmi nəticələr nəinki Azərbaycan, eləcə də dünya arxeologiyasının öyrənilməsində müstəsna əhəmiyyət kəsb etməkdədir.

Naxçıvan Muxtar Respublikasının ərazisindəki Qazma, Kilid, Daşqala mağaraları və digər Daş dövrünün abidələri Naxçıvanın ilk insan məskənlərindən biri olduğunu sübut edir. Bu abidələrdən tapılan fauna və flora qalıqları, müxtəlif formalı əmək alətləri və digər arxeoloji materiallar Naxçıvanda Daş dövrünün bitki və heyvanat aləmi ilə yanaşı, insanların həyat tərzi, məşğuliyyət sahələri haqqında da məlumatlar verir. Qazma mağa­rasından tapılan sümük qalıqlarının əksəriyyətinin iri heyvanlara məxsus olması göstərir ki, Mustye mədəniyyəti dövründə (eramızdan 120-100-40-35 min il bundan əvvəl) bu abidədə məskunlaşmış insanların həyatında ovçuluq xüsusi yer tutubdur. Oradan əldə olunmuş işlənmiş daş və sümük materiallar Naxçıvanda daşişləmə və sümükişləmə sənətkarlıq sahələrinin tarixinin qədim olduğunu da sübut edir. 

Ovçular təpəsi abidəsindən son dövrlərdə eramızdan 500-300 min il bundan əvvələ, Alt Paleolit dövrünə aid yeni əmək alətlərinin tapılması sübut edir ki, Naxçıvanda ilkin məskunlaşmanın, insanların bu ərazidə yaşamağa başlamalarının tarixi həmin dövrdən başlanır. Gəmiqayadakı qayaüstü təsvirlər, piktoqrafik işarələr tarixi baxımdan böyük elmi əhəmiyyət daşıyır və Anadolunun qədim incəsənət abidələri ilə sıx bağlılıq təşkil edərək tarixən bu ərazidə qədim türk etnoslarının yaşadığını sübut edir. Bu abidədəki qayaüstü təsvirlər Kür-Araz, Boyalıqablar, Xocalı-Gədəbəy mədəniyyəti abidələrindən tapılan arxeoloji materiallarla bağlılıq təşkil edərək Naxçıvanın qədim və zəngin tarixinin müxtəlif dövrlərini əks etdirir. Naxçıvandakı arxeoloji abidələrdə aparılan tədqiqatlar zamanı yalnız Azərbaycanın dеyil, həmçinin Cənubi Qafqazın Neolit, Еnеоlit, Tunc və Еkən Dəmir dövrü abidələrinin dövrləşdirilməsi üçün mühüm еlmi əhəmiyyət daşıyan nəticələr əldə оlunubdur. I Kültəpə arxeoloji abidəsindən tapılmış müxtəlif növ taxıl növləri və onlara məxsus əmək alətləri Eneolit dövründə Naxçıvanda əkinçilik mədəniyyətinin inkişaf etdiyini, Naxçıvanın Cənubi Qafqazda dənli bitkilərin becərildiyi ilk ocaqlardan biri olduğunu sübut edir. Naxçıvanda Eneolit dövrünə aid maraqlı arxeoloji materiallar I Kültəpə ilə yanaşı, Ovçular təpəsi, Xələc, I Maxta, Sədərək, Zirincli və digər abidələrin tədqiqi zamanı da aşkar edilibdir. Ovçular təpəsindən körük ucluğunun, Zirinclidən yastı baltalar tökmək üçün qəlibin, I Kültəpə abidəsindən müxtəlif metal əşyaların tapılması Eneolit dövründə Naxçıvanda metallurgiya və metalişləmə sahəsində yerli istehsalın formalaşmağa başladığını göstərir. I Kültəpə abidəsinin VIII tikinti qatından aşkar edilmiş və ritual məqsədlə istifadə olunmuş ocaqların bənzərləri Şərqi Anadolunun Neolit və Eneolit abidələrindən də aşkarlanıb. I Kültəpə abidəsinin Eneolit dövrünə aid təbəqəsindən aşkar olunmuş sağ və ya sol böyrü üstə dəfnetmə qədim Şumer, Ubeyd mədəniyyətində geniş yayılıb. Yaşayış yerinin Eneolit dövrü təbəqəsindən tapılmış Xələftipli keramika və firuzə bəzək əşyaları bilavasitə həmin dövrdə Naxçıvanla İkiçayarası arasındakı iqtisadi-mədəni əlaqələrdən xəbər verir. I və II Kültəpə abidələrindəki daş təməl üzərində çiy kərpicdən, yaxud möhrədən olan tikililər Cənubi Qafqazın bir çox abidələri ilə yanaşı, Urmiya hövzəsinin, Şimali Mesapotamiyanın qədim arxitekturaları ilə bənzərlik təşkil edir. Plovdağda aşkar edilmiş Erkən Tunc dövrünün yaşayış və təsərrüfat tikililəri, Ovçular təpəsi, I Maxta Kültəpəsi, Xələc abidələrindən tapılmış Proto Kür-Araz keramikası, Oğlanqaladan əldə olunmuş saray qalıqları, sütun altlıqları və üzərində mixi işarələr olan təsərrüfat küpünün parçası Naxçıvanın qədim və zəngin tarixindən xəbər verir. Ovçular təpəsi, I Maxta Kültəpəsi, Xələc, Ərəbyengicə abidələrindən tapılmış Proto Kür-Araz keramikası Naxçıvanda Kür-Araz mədəniyyətinin formalaşması tarixinin qədim olduğunu sübut edir. Tədqiqatçılar Ovçular təpəsindən götürülən kömür analizinə əsasən, abidənin eradan əvvəl 4335-3980-ci illərə aid olduğunu qeyd edirlər. Xələcin Son Eneolit keramikası eradan əvvəl 4300-3800-cü illərə aid edilir. Naxçıvandakı arxeoloji abidələrdən Proto Kür-Araz keramikasının tapılması faktı sübut edir ki, bu ərazidə Kür-Araz mədəniyyətinin formalaşmasının tarixi qədimdir. Naxçıvan Kür-Araz mədəniyyətinin əsas mərkəzlərindən biridir. Oğlanqalada aparılan arxeoloji tədqiqatlar zamanı müəyyən olunubdur ki, bu abidə Şərur düzənliyini əhatə edən, Atropatena dövründə mühüm inzibati mərkəzə çevrilən, özünəməxsus yazı sisteminə malik yerli krallığın mərkəzi olub. Duzdağda aparılan arxeoloji araşdırmalar zamanı abidədən tapılan daş əmək alətləri və gil qabların öyrənilməsi nəticəsində oranın dünyanın ən qədim duz mədənlərindən biri olduğu, Naxçıvanda mədənçiliyin tarixinin eradan əvvəl V minilliyin ikinci yarısından başlandığı müəyyən edilibdir. Duzdağdan Son Eneolit və Tunc dövrlərinə aid gil qablar I və II Kültəpə abidələrində olduğu kimi daş əmək alətləri ilə birlikdə aşkar edilib. Naxçıvandakı Erkən Tunc dövrünə aid arxeoloji abidələrin tədqiqi zamanı Maxtadan tapılan metal istehsalı ilə bağlı daş qəlib və metalın ilkin əridilməsi üçün istifadə olunan ocaq maraqlı arxeoloji materiallardan olub, Naxçıvanın qədim tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb etməkdədir. Bunun səbəbi ondan ibarətdir ki, həmin tapıntıya qədər Naxçıvandakı Kür-Araz mədəniyyətinə aid abidələrdən daş qəlib aşkar edilməyibdir; metalişləmə alətləri, körük ucluğu, metal emalı ilə bağlı ocaqlar və gil qəlib tapılıb. Onlar Erkən Tunc dövründə Naxçıvanda metallurgiyanın inkişaf etdiyini göstərən arxeoloji materiallar kimi tariximizin öyrənilməsində mühüm elmi əhəmiyyət daşıyırlar. Maxta abidəsindən tapılmış Erkən Tunc dövrünə aid metal istehsalı ilə bağlı daş qəlib və metalın ilkin əridilməsi üçün istifadə olunan ocaq onu göstərir ki, bu dövrdə Naxçıvanda metallurgiyanın inkişafında qeyd olunan yaşayış yeri də mühüm yer tutub, orada metal istehsalının bütün mərhələləri icra olunub. II Kültəpə, Şahtaxtı, Qızılburun, Nəhəcir və digər arxeoloji abidələrin tədqiqi nəticəsində Naxçıvanın Boyalıqablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğu, beş min il bundan əvvəl Naxçıvanda şəhərtipli yaşayış yerlərinin salındığı və şəhərsalma mədəniyyətinin formalaşdığı sübut edilib. II Kültəpədəki yaşayış yerinin küçələrinə daş döşənməsi, çirkab suların şəhərdən çıxarılması üçün burada müəyyən kanalların olması eramızdan əvvəl III minillikdə Naxçıvanda şəhərsalma mədəniyyətinin əsas xüsusiyyətlərindən biri olan təmizlik sisteminin olduğunu sübut edir. Naxçıvandakı şəhərtipli yaşayış yerlərində tikililərin küçələr boyunca salınması onların, bir qayda olaraq, müəyyən plan əsasında tikildiyini göstərir. II Kültəpə abidəsindən tapılan dulusçuluq məhəlləsi və mükəmməl quruluşlu dulus kürələr, içərisi boya ilə dolu olan küpələr, bütöv boyalı qablar Orta Tunc dövründə II Kültəpənin Naxçıvanın mühüm dulusçuluq mərkəzi, Boyalı qablar mədəniyyətinin isə əsas istehsal ocağı olduğunu sübut edir.

Naxçıvan Muxtar Respublikasının ərazisində qədim dövrlə yanaşı, orta əsrlər dövrünə aid də çoxlu abidələr mövcuddur. Möminə Xatın türbəsi (1186-cı il), Yusif Küseyr oğlu türbəsi (1162-ci il),  Gülüstan türbəsi (XII əsr), Qarabağlar Türbə Kompleksi (XII-XIV əsrlər)Naxçıvan şəhər buzxanası (ХII-XIV əsrlər), Xan Sarayı (ХVIII əsr), Zaviyə-mədrəsə (ХVIII əsr), Aza köprüsü (XVI-XVII əsrlər) və digərlərini buna nümunə göstərmək olar. Bu abidələrin hər biri Naxçıvanın qədim tarixi yaşamaqdadır. Qarabağlar Türbə Kompleksi Azərbaycanın qülləvari türbələri tipinə aid olan, on iki yarımsilindirin birləşdirilməsindən əmələ gətirilən, diametri 10 metrə yaxın, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin "əl-Mumin" surəsindən 16-cı ayənin son hissəsi yazılıbdır. Türbənin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx xətli kitabələr ilə bəzədilibdir. Bu kitabələrin hamısı Quran ayələri və dini xarakterli kəlamlardır. Abidənin gövdəsində yaradılan iri həcmli rombların içərisində kufi xəttilə yerinə yetirilib və dəfələrlə təkrarlanan kitabələrin mətni belədir: "Allahdan başqa Allah yoxdur. Məhəmməd - Allahın ona salavatı olsun - Allahın elçisidir".

Memar Əcəminin şah əsəri olan Mömünə Xatın türbəsi Naxçıvanın Tac-Mahalıdır. Türbə təkcə Azərbaycanda deyil, islam dünyasında ən uca və incə kompozisiyalı abidələrdən sayılır. O, 1186-cı ildə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Mömünə Xatının qəbrüstü məqbərəsi kimi ucaldılıb. El arasında bu türbəyə "Atabəy günbəzi" də deyilir. Türbənin üzərində olan əsas kitabədə türbənin təyinatı ilə əlaqədar verilən məlumatlarla yanaşı "Biz gedirik ancaq qalır ruzigar, Biz ölürük, əsər qalır yadigar! İlahi, bəd nəzərdən uzaq elə!" sözləri yazılıbdır. Türbənin tağları boyunca Qurani-Kərimin Yasin surəsi haşiyə şəklində iki dəfə, tağlarının hamısının baş tərəfində isə Qurani-Kərimin "Hakimiyyət vahid, qadir Allaha məxsusdur" ayəsi yazılıbdır. Türbənin daxilində, bir neçə metr yüksəklikdə qurşaq şəklində yazılan kitabədə Qurani-Kərimin "Bəqərə" surəsinin 255-ci ayəsi - "Ayətəl-kürsü" həkk edilibdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Möminə Xatın türbəsinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək deyibdir: "...Bu abidənin qiyməti yoxdur. Möminə Xatın türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir".

Memar Əcəminin  əsərlərindən olan Yusif Küseyir oğlu türbəsi də öz orijinal quruluşuna görə xüsusi diqqəti cəlb edir.  Yusif Küseyir oğlu türbəsi yeraltı sərdabadan və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə örtülüb. Türbə ölkəmizin qülləvari türbələri içərisində üst piramida örtüyü olduğu kimi bu günə qədər qalan yeganə abidədir. Giriş qapısının baş tərəfindəki kitabədə türbənin hicri təqvimi ilə 557-ci il, yəni 1162-ci ildə Yusif Küseyir oğlunun xatirəsinə inşa edildiyi göstərilib. Abidənin qurşağında “Qurani-Kərim”in “Al-i İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsinin bərpasına 2019-cu ilin iyun ayında başlanılıb. Türbənin bərpası 2020-ci ilin aprelin 15-də başa çatıbdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov türbədə aparılan bərpa işləri ilə maraqlanıb.  Bildirilib ki, “…muxtar respublika ərazisindəki digər abidələrimiz kimi, bu abidə də tədqiq olunmalı, abidə ilə bağlı materiallar toplanılaraq kitab halında nəşr edilməlidir. Çünki abidələrin bərpası ilə yanaşı, həm də onların öyrənilməsi qarşıda duran əsas vəzifədir. Tariximiz həm abidələrdə, həm də yazılı mənbələrdə - kitablarda yaşadılmalıdır.

Mədəniyyətimizi, abidələrimizi qoruyub saxlamaq, onları dərindən öyrənmək şəhər mədəniyyətinin yaradıcıları olmuş əcdadlarımızın xələfləri kimi müasir nəslin qarşısında duran ən müqəddəs vəzifələrdəndir. Hər birimiz çalışmalıyıq ki, bu vəzifənin öhdəsindən layiqincə gələk.                                                                                

Toğrul Xəlilov
AMEA Naxçıvan Bölməsi, tarix üzrə fəlsəfə doktoru, dosent

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR