Dünya mədəniyyəti tarixinə Leonardo da Vinçi rəssam kimi daxil olub. Onun sənət əsərləri dünya mədəniyyətinin ən qiymətli incilərindən hesab edilir.
İtaliyalı rəssam, heykəltəraş, memar, alim və mühəndis Leonardo da Vinçi 1452-ci il aprelin 15-də İtaliyanın Vinçi şəhəri yaxınlığında yerləşən kiçik Ankiano kəndində anadan olub. Leonardonun babası Antonio da Vinçinin öz gündəliyində bu barədə etdiyi qeyd belə səslənir: “Şənbə günü, 15 apreldə gecə saat 3-də nəvəm - oğlum Pyeronun oğlu anadan oldu. Uşağa Leonardo adı verildi. Onu Pyero di Bartolomeo xaç suyuna çəkdi”.
Leonardo varlı notarius Pyeronun və Katerina adlı gözəl bir qadının nikahdankənar oğlu idi. Bu hadisədən az sonra notarius nüfuzlu ailənin qızı ilə evlənir. Onların övladları olmur və Pyero həyat yoldaşı ilə birgə 3 yaşlı Leonardonu oğulluğa götürür.
Çox keçmədən ailə Florensiyaya köçür və atası oğlanı məşhur usta Andrea del Verokkonun yanına şagird qoyur. Gənc Leonardo emalatxanada rəsm və heykəltəraşlıqdan başqa mexanika və riyaziyyatın əsaslarını, anatomiyanı, metal və gipslə işləmə texnikasını, dəri aşılama üsullarını öyrənmə imkanı qazanır. Sonradan o, əldə etdiyi biliklərdən öz fəaliyyətində uğurla istifadə edir.
Emalatxanada usta köməkçisi olan Leonardo rəssamlıq və heykəltəraşlıq sənətini dərindən öyrənir və bu sənət sahəsində istifadə olunan alətlərlə tanış olur. 20 yaşına çatanda Leonardo da Vinçi Rəssamların Florentina Qildiyasının üzvü olur. Elə həmin dövrlərdə öz müəllimi Verokkonun “Məsihin xaç suyuna salınması” işinə öz töhfəsini verir. Müasiri Vazarinin sözlərinə görə, rəsmin sol tərəfindəki ağbəniz mələyin simasını və mənzərənin bir hissəsini məhz gənc Leonardo çəkir.
Tələbələr bəzən öz müəllimlərinin işlərinin bir hissəsini görürdülər və sonradan Leonardonun da ona kömək edən öz şagirdləri olur. “Məsihin xaç suyuna salınması” əsərində Leonardo öz istedadını və orijinallığını ortaya qoyur. O, həmin zamanlar İtaliyada yenilik olan yağlı boyaları tətbiq edərək işıq və rənglərdən istifadədə öz müəllimini üstələyir.
İntibah dövründə rəsm əsərlərinin əksəriyyəti dini mövzuda çəkilib və ya portretlər olub. Mənzərələri isə yalnız belə rəsmlərin fonunda görmək olardı.
Dahi rəssamın ilk rəsm əsəri qələmlə çəkilən “Arno vadisi” (1473) kənd mənzərəsidir.
Leonardo da Vinçi tək dahi rəssam, heykəltəraş və memar deyil, həmçinin riyaziyyat, mexanika, fizika, astronomiya, geologiya, botanika, insan və heyvan anatomiyası və fiziologiyası ilə məşğul olan böyük alim olub. O, həmçinin ərazinin yaxşılaşdırılması üçün kanalların və şlüzlərin yaradılmasında iştirak edib və memarı layihələr hazırlayıb.
1480-ci ildə Leonardo artıq iri sifarişlər alırdı. Lakin 1482-ci ildə o, Milana köçməyə məcbur olur. Onun Milanda keçirdiyi dövr müxtəlif fəaliyyətlərlə zəngindir. Burada Leonardo bir neçə rəsm əsərini və dövrümüzə yarım dağılmış şəkildə çatan məşhur “Sonuncu şam yeməyi” freskasını çəkir. O, bu kompozisiyanı Milanın Santa Mariya delle Qratsie monastırının yeməkxanasının divarına həkk edir.
Rəssam həmişə öz rəsmlərini sol əli ilə, sağdan sola doğru imzalayıb. O, hətta eyni zamanda iki əli ilə də yaza bilirdi.
1504-cü ildə Leonardo özünün ən məşhur rəsmi “Mona Liza” əsərinin - florentinalı tacir Françesko del Cokondonın həyat yoldaşı Liza Cerardininin portreti üzərində işləməyə başlayır. Mona Lizanın dodaqlarında onun simasına sirr və ecazkarlıq verən və çətin nəzərə çarpan gülüş sezilir. Bu əsər Fransanın Luvr Milli Muzeyində saxlanılır və indiyə qədər də dünyanın hər yerindən dahi Leonardo da Vinçinin məşhur “Cokondasına” baxmaq üçün gələn turistlərin diqqətini cəlb edir.
Leonardo da Vinçinin təxminən 7 min vərəq əl işi dövrümüzə qədər gəlib çatıb. Onların ən böyük topluları Parisdəki Fransa İnstitutunun kolleksiyasında, Milandakı Ambroziana Kitabxanasında, Turində, Vindzorda və Madriddə saxlanılır. “Mona Liza”, “Sincab ilə qadın”, “Madonna Benua”, “Sonuncu şam yeməyi”, “Musiqiçinin portreti”, “Məsihin xaç suyuna salınması” əsərləri onun ən məşhur rəsmlərindəndir.
Leonardo da Vinçinin bir çox ideyası yalnız yüz illər sonra həyata keçirilib. Bunlara akvalanq, velosiped, paraşüt, xizək, fırlanan körpü, üçlüləli top, hava vinti və bir çox başqaları daxildir. İndiyə qədər də dahi rəssamın bir çox sirləri insanlar üçün tapmaca olaraq qalır.