22 Dekabr 2024, Bazar

Azərbaycan bədii dili zaman-zaman zənginləşən, obrazlılıq keyfiyyəti ilə dolğunlaşan maraqlı mənəvi sərvətlərimizdən biridir. Xalqımız şair təbiətli xalqdır. Bütün tarixi dövrlərdə söz qoşmaq, söz demək, təzə-tər fikirlər söyləmək qabiliyyətinə malik olan ədəbi simalarımız bu xalqın şairlik duyğularını yaşadan əsərləri ilə ədəbi-bədii dilimizin inkişafına öz töhfələrini vermişlər. Düşündüklərini, hiss etdiklərini, gördüklərini şeirə çevirmək ənənəsi indi də davam edir. Poeziyaya təzə qədəm qoyan Eyvaz Səmədovun “Elə həmin insanam” adlı kitabı poetik yollara cığır axtaran bir gəncin mənəvi aləminə işıq salır. Kitabda gənc şairin 28 şeiri verilmiş və bu əsərlər üç başlıqda toplanmışdır: 1. Vətən. 2. Məhəbbət lirikası. 3. Qarışıq şeirlər.           

Bu poetik nümunələr maraqlıdır və bir-birini təkrar etmir. Gənc şairin yaradıcılıq məziyyətlərindən biri budur ki, kitabda onun öz qələminə məxsus orijinal dil-üslub faktları ilə qarşılaşırıq. Məsələn, onun “Ey odlar ölkəsi, Azərbaycanım” adlı şeirində Vətən haqqında dediyi “Səni məndən artıq axı kim umar?” misrası diqqəti çəkir. “Vətəni ummaq” maraqlı və uğurlu dil faktorlarından biridir. Şair bu söz birləşməsi ilə sanki Vətənə olan məhəbbətinin böyüklüyünü bildirməyə çalışır. Başqa bir Vətən mövzusundakı əsərində “Vətənlə insanın ruhu da vardır” misrası ilə müəllif insanın ruhunun Vətənlə bağlı olduğunu, Vətənsiz insanın ruhsuz bədən olduğunu göstərir.                                                                                           Üç bənddən və hər bəndi beş misradan ibarət olan “Bayrağım” şeiri xüsusi zövq və şövqlə yazılmış şeirlərdəndir. “BMT zalında, iclaslarda türklüyü bəyan edən” bayrağımızla qürur duyan şair onu vəsf etməklə yanaşı, alqışını, arzusunu da ifadə edir:

Səni düşmənlərdən bac alan görüm,

Səni rəhbərindən güc alan görüm,

Səni Qarabağda ucalan görüm!

Səndən qibləgahım, nurlu çırağım,

Ey qədim tarixim, şanlı bayrağım! (səh. 13).

Eyvazın dilində elə ifadələrlə qarşılaşırıq ki, onların şairin öz nəfəsindən qidalanması hiss olunur. Onun “2015-ci ilin aprel döyüşlərində şəhid olmuş Qabil Orucəliyevin əziz xatirəsinə” adlı şeirindəki “şəhidlik şərbəti” ifadəsi belələrindəndir. Adətən bu mövzuda daha çox işlənən ifadə “şəhidlik zirvəsi”dir. “Şəhidlik şərbəti” isə orijinallığı ilə seçilən dil vahidlərindəndir. Gənc şairin həmin şeirdə “Vətənlə yaşayır Vətənçün gedən” misrası sanballı fikir ifadə etməsi ilə fərqlənir. Şair “nə qədər Vətən yaşayırsa, şəhidlər də yaşayacaq” fikrini sadə və mənalı şəkildə kiçik bir misraya sığışdırsa da, böyük mənanın ifadəsinə çalışmışdır.   Eyvaz Səmədovun “Anadır, ana” adlı şeirində ana haqqında bənzətmələr vermək üçün “fikirlər dünyası”, “məhəbbət binası” kimi ifadələrdən istifadə etməsi anaya isti münasibətinin təzahürü kimi yadda qalır. Şairin qələmindəki “ürəyin üşüməyi”, “yorğunbəniz”, “xəyal sirdaşı” kimi dil vahidləri də diqqəti cəlb edir. Onun aşağıdakı misraları hikmətli məzmunu ilə seçilir:

İllərin xəyalın qurmaqdı sevgi (səh. 23).

Dünyanın əvvəli, sonudur sevgi (səh. 28).

Ən böyük qiymətlər ürəklərdədir (səh. 37).

Mərd olan dostuyla çörəyin bölüb (səh. 43) və s.

Eyvaz nədən yazır-yazsın, nə isə təzə bir söz demək istəyir. Bəzən bu məqsədə nail olur, bəzən də klassik üslubun təsiri ilə arxaik ifadələr də işlədir. Fikrimizcə, bu cəhət Eyvazın ədəbiyyatçı olmağından, klassik üslubu yaxşı bilməyindən irəli gəlir və söz sənətkarlarının poetik irsi üzərindəki araşdırmalar göstərir ki, onların çoxunda bu xüsusiyyəti görmək mümkündür. Əsərlərində “ahu-zar”, “ləli-simuzər”, “dərdi kədər” kimi köhnəlmiş dil vahidlərinin işlənməsi keçici haldır, şair təkmilləşdikcə belə dil faktları onun qələmini tərk edəcək. Əsas məsələ bundadır ki, Eyvaz səmimidir, ürəyindən keçənləri yazır, gördüyü, bildiyi kimi yazır, yalan uydurmur, hiss və duyğularını olduğu kimi ifadə etməyə çalışır. Onun öz iş yeri – Naxçıvan Beynəlxalq Hava Limanı haqqında yazılan şeiri maraqla oxunan əsərlərdəndir, ürəyə və qulağa yatımlılığı ilə seçilıirlər. Şair bu əsərində də xoşagələn ifadələr işlədib. Onun “Vüsal ocağısan Nəqşi-Cahanın” misrasını oxuyanda bəlkə də fərqinə varmadığımız bir gerçəklik yadımıza düşür. Doğrudan da, hava limanı müəyyən müddət bir-birindən ayrı qalanların görüş yeridir.                                                                                 

  Eyvaz şeir, söz adamıdır. Hələ tələbəlik illərində o, dərslərinə aid suallara cavab verəndə bir-birinin ardınca əzbər dediyi şeirlərdən istifadə edirdi. Eyvaz istedadlı və mənəviyyatlı, insanlara dəyər verməyi bacaran, az yaşı ilə böyük ürək sahibidir. Bu isti ürək onu əlinə qələm almağa, dəyərli poetik sözlər demək yoluna qədəm qoymağa vadar edib. Bu ürəyin işığında oxucular Eyvazdan yeni şeirlər gözləyirlər. Azərbaycan dilini qorumaq, yaşatmaq, bu dildə daha gözəl əsərlər yaratmaq naminə gənc şairə uğurlar diləyirik.

Sədaqət Həsənova

professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR