“Dövrünün yaxşı şairi idi”, “öz dövrü üçün doğulmuş şair idi”... Bu elə sözləri tez-tez eşidirik. Dövrünün şairi olmağı bir çoxları bacardı. Ancaq nəinki öz dövrünün, keçmişini və gələcəyin də şairi olmağı bacarmaq hər kəsə nəsib olmur. İllər keçsə də unudulmayan, bütün dövrlərdə aktuallığını qoruyub saxlayan, heç vaxt öz əhəmiyyətini itirməyən şeirlər yazmaq, heç kimin demədiklərini demək onun nəsibi oldu. Yaradıcılığı boyu toxunduğu bütün mövzularda ən yüksək zirvəyə çatdı. Görün nə boyda bir xəzinənin açarını özü ilə apardı! Daha heç kim o xəzinənin açarını tapa bilməyəcək! Onun açarı da özü ilə torpağa qovuşdu. Lakin yazıb yaratdığı poeziya nümunələri ilə, özünün də dediyi kimi, zirvələrin əlçatmaz qayası oldu:
Zirvədəki əl çatmayan qala mən,
Ətəkdəki sinə, cığır, tala mən.
Xudafərin harayından qalan mən,
Bu da belə bir ömürdü yaşadım.
Qüdrətli söz ustaları haqqında danışmaq çətin və məsuliyyətlidir. Bu, axı hər hansı bir adamın könlünü xoş etmək üçün deyilmiş tərif, arzu, istək deyil! Söhbət zirvələri fəth edən sənətkarlar haqqında olanda bir anlıq duruxursan. Ədəbiyyatımızda söz sahibi olmuş biri haqqında söz demək çox çətindir, çox məsuliyyətlidir, həm də qürürvericidir.
O, mənim orta məktəb dövründə şeir müsabiqələrində şeirlərini fəxrlə səsləndirdiyim uşaqlığımın şairi idi. Onunla eyni kənddə doğulub böyüsəm də, keçdiyi yerlərdən keçib, içdiyi sulardan içsəm də, etiraf etməliyəm ki, bu torpağı, bu daşı, bu kəndi məhz onun Vətən qoxulu əsərlərini oxuduqdan sonra daha çox sevmişəm. Bu tanışlıqda qüdrətli söz ustadı, Xalq şairi Məmməd Araz mənim ən sevimli, ən mehriban, ən səmimi müəllimim olub. O, hər zaman özünə inamlı olmağı öyrədib, yeri gələndə atatək öyüd-nəsihət verib, həyatı bütün rəngarəngliyi, acısı-şirini, dərdi-səri ilə qəbul edib, yaxşılıqları görməyə səsləyib, öz yerini, mövqeyini, özünü tapmağı öyrədib. Məmməd Araz hər şeydən əvvəl Azərbaycan qızı olmağımın qürurunu yaşadıb mənə:
Gör, Azəri qızı, düşündüm nəyi,
Sən kişi ömrünün dəyirman pəri.
Koroğlu Misrinin Nigar dəstəyi,
Nəbi Aynalının Həcər səngəri.
Bu görkəmli şairin yaradıcılığı bir vətənpərvərlik dərsliyi kitabıdır. Vətəni uğrunda ölə biləcək qədər sevməyi, Vətəni hər şeydən, hər kəsdən üstün tutmağı, Vətənin daşı ola bilməyi, harda oluruqsa olaq, hər məqamda “Vətən, Azərbaycan” deməyi, əyilməzliyi öyrədib bizə. Xalq şairinin bu sözlərində məhz Vətənin çağırış nidaları səslənir, mübarizlərin himni təsirini bağışlayır:
Bu gun gərək hər anımız
Vətən desin!
Qılıncımız, qalxanımız
Vətən desin!
Qoca millət hər andımız, amalımız
əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən desin!
Yaradıcılığı bütün həyatıma təsir edən Məmməd Arazın ev muzeyində işə başlamağımı isə o vaxta qədərki uğurların ən böyüyü hesab edirəm. Bununla böyük şairimizin həyat və yaradıcılığı ilə daha yaxından tanışolma imkanı tapdım. Əslində Məmməd Araz hələ uşaqlıqdan çox keşməkeşli, məşəqqətli bir həyat yaşayıb. Məmməd Arazın ata-anası Zəngəzurda doğulub. Atası İnfil kişi Qara kilsənin Ağdü kəndində, anası Cahan xanım isə Urudda anadan olub. İllər boyu bu ailə erməni zülmündən minbir bəla çəkib. 1918-ci il hadisələri zamanı ailə Şahbuzun Nursu kəndində məskunlaşmalı olub.
İnfil kişinin beş övladı olub. Böyük oğlu İbrahim doğma kəndində müəllim işləyib. Kiçik oğlu Əbülfəz də müəllim olub, həm də istedadlı nasir kimi yazıb-yaradıb. O, “İldırım bulağı” kitabının müəllifidir. İnfil kişinin qızları Gülsüm və Məryəm də kənddə yaşayıblar. Ustad şairimizin uşaqlığı ağır repressiya illərinə təsadüf edib. 1945-ci ildə atası İnfil kişini “siyası dustaq” kimi həbs edərək 1955-ci ilə qədər Qazaxıstanda həbs düşərgəsində saxlayıblar. Atası həbs olunanda Məmməd Arazın cəmisi 12 yaşı var imiş. Böyük qardaşı orduda imiş. Ailə bir parça çörəyi güclə tapırmış. Ən yaxın qohumları belə bu ailəyə yardım etməyə qorxurmuşlar. Həyatın amansızlığı, insanların riyakarlığı qarşısında çox əzab çəkən, lakin heç vaxt sınmayan, əyilməyən İnfil kişi ömrü boyu el üçün çalışıb, millət üçün xeyirxahlıq etmişdi, yaşadığı kənddə bağ salıb, körpü tikdirib, su çəkdirmişdi. Nursu kəndində həmin o alma bağını bu gün də İnfil kişinin bağı adlandırırlar. Görkəmli elm adamı akademik İsa Həbibbəyli yazır: “İnfil kişinin halallığı, şəxsiyyət kimi bütövlüyü, ömür boyu yalnız alın təri ilə yaşamağın qovğalarına qatlaşması şairin dünyagörüşündə, gələcək mərdanə poeziyasının formalaşmasında mühüm rol oynamışdır”. Məmməd Araz atasından aldığı həyat dərsləri nəticəsində poemalarının ən güclüsü, qüdrətlisi olan “Atamın kitabı” poemasını yazdı. Bu poemada ömrünün yüz ilinə qədəm qoymuş, vətəndaş müharibəsinin, kolxoz hərəkatı dövrünün, İkinci Dünya müharibəsinin və ümumən ömrün illərinin qınaqlarından keçmiş, ən çətin anlarında torpaqdan güc almış bir kəndli qocanın həyatından söz açmışdır.
Anası Cahan xanım isə sözlü-söhbətli dünyası ilə oğlunu gələcək həyata hazırlamışdı. O da nəğməkar olub: çoxlu şeirlər qoşar, bayatılar deyərmiş. Bəlkə də Məmməd Araz şairlik istedadını anasının laylalarından, bayatılarından almışdı. Hətta yaxın qohumları ilə söhbət zamanı dedilər ki, şairin bibisi qızı Cumayə nənə Cahan xanımın oxuduğu nəğmələri qeyd edib saxlayıb. Cumayə nənədən eşitdiyim və Cahan xanımın oğlu Məmmədə qoşduğu bir neçə bənd şeir mənim də diqqətimi çəkdi. Oğlunun şair olduğunu öyrənən Cahan xanım sevincini belə ifadə edib:
Ağa bəy gəldi yanıma,
Bir sevda saldı canıma.
Xəbər verin Cahan xanıma,
OğlunMəmməd şair olub.
Qurban olum hacısına,
Şirininə, acısına.
Xəbər verin Gülsüm bacısına,
Oğlun Məmməd şair olub.
Şairlik sənətinin Məmməd Arazı elindən, obasından uzaq salmağı hərdən anası Cahan xanımın gileyinə də səbəb olub:
Qələmini alıb ələ,
Sığal verib qara telə.
Gələ bilmir bizim elə,
Yaman qarışıqdır başı Məmmədin!
Yaxud:
Düşübdü dillərə sözü Məmmmədin,
Qalıbdı bir qızda gözü Məmmədin.
Araz qırağında, Şahbulağında,
Gəleydi, gəzeydi özü Məmmədin!
Anasının davam etdirə bilmədiyi şairlik sənəti oğluna nəsib oldu. Bu səmimi ana-oğul münasibəti şairin ana mövzusunda yazdığı ən zərif, ən incə, ən orijinal şeirlərini də təzahür etdi. Məmməd Arazın ana haqqındakı hər misrası zərb-məsəl kimi səslənir: “Uşaqlıq itirmək, gənclik itirmək, Ana itirəndə yada düşərmiş”, yaxud “Çırağı anaymış ata yurdunun” və sair.
Səsi bunca yüksəklərdən gələn şairin uşaqlıq və gənclik çağlarında çəkdiyi əzab-əziyyətlər sonralar da bitmir. Təssüf ki, ömrünün daha yaxşı yaza biləcəyi ən yaxşı illərini amansız bir xəstəliklə mübarizədə keçirdi; nə az, nə çox, düz 30 il parkinson xəstəliyindən əziyyət çəkdi. Çox maraqlıdır, şairin hələ çoxdan ürəyinə bir qorxu düşmüşdü, hələ çoxdan narahat idi şeirlərində:
Vay odu, olasan yataq yorğunu,
Vay odu, vədənə ölüm gecikə,– deyən şairin qorxduğu başına gəlmişdi.
Biganəlik də gördü, laqeydlik də, yataq yorğunu olmaq da, gözü yolda qalmaq da. Özünün də vaxtilə yazdığı kimi, böyüklərin faciəsi də böyük olur... Amma nə qədər çətin də olsa, öz bənzərsiz ömür yolunda heç kəsi acılarına şərik etmədi. Bu məşəqqətli həyat yolunu “bir mərd qadınla keçdi”, “sizə yetim deyən olsa, qızlarım” deyə bir ata kimi nigarançılıq yaşadı, “haqqın yox, Məmməd Araz, haqqın yox yaşamağa” deyə öz-özünü bəzən ittiham etdi, bəzən də vətəndaş əməllərinin qarşılığında “haqqın var, Məmməd Araz, haqqın var, yaşamağa” deyə vicdanını rahat tutdu. Heç vaxt əyilmədi, əqidəsindən dönmədi. Çox keşməkeşli, məşəqqətli bir həyat yaşayıb, maddi və mənəvi sıxıntılardan, imtahanlardan keçərəkən yüksək mərtəbəyə, zirvəyə – “İstiqlal” ordenli Xalq şairi adına layiq oldu, milyonların qəlbində taxt qurdu, Azərbaycan daşında bitdi. Fəxri xiyabanda bir daş var, bu daş altda Məmməd Araz uyuyur. Böyük şairimiz illərdir cismən bizi tərk etsə də ruhu ilə, əqidəsi, əməlləri ilə qəlbimizdə yaşayır, yaşayacaq! Misra-misra, sətir-sətir xalqımızın qəlbinə, ruhuna hoparaq Azərbaycan şeiriyyətinin ömrü qədər bir ömür yaşayacaq, yaşadacaq!..
Əzizə SÜLEYMANOVA
Şahbuz rayon Nursu kəndindəki
Məmməd Arazın Ev Muzeyinin direktoru