Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəyovun anadan olduğu günün – 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən sentyabrın 18-i hər il ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
Dünən bu münasibətlə Naxçıvan şəhərindəki C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının ətrafında tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək milli musiqi sənətimizin inkişafında Üzeyir Hacıbəyovun misilsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, məhz Üzeyir Hacıbəyovun zəngin yaradıcılığı ilə Azərbaycanda bəstəkarlıq məktəbinin əsası qoyulmuşdur. Bu bəstəkarlıq məktəbində neçə-neçə bəstəkar-musiqiçilər yetişmişdir.
Azərbaycan musiqisinin inkişafında ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə əldə olunan uğurlardan bəhs edən nazir qeyd etmişdir ki, milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Arif Məlikov kimi dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığı dahi rəhbər tərəfindən yüksək qiymətləndirilmişdir.
Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasımov çıxışında muxtar respublikamızda milli musiqimizin inkişafına göstərilən dövlət qayğısından danışmış, yeni istifadəyə verilən musiqi məktəblərinin musiqimizin gələcək inkişafındakı rolunu qeyd etmişdir.
Sonra Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı olmuşdur.
Konsert proqramında Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestrinin ifasında dahi Ü.Hacıbəyovun “Leyli və Məcnun”, M.Maqomayevin “Şah İsmayıl” operalarından “Müqəddimə”lər səsləndirilmişdir. Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Mübariz Əsgərovun ifasında “Sənsiz” romansı, Azər Cəfərlinin ifasında F.Əmirovun “Sevil” operasından “Balaşın nəğməsi” hissəsinin səsləndirilməsi tamaşaçılarda xoş ovqat yaratmışdır. Azərbaycan Respublikasının əməkdar artisti Gülyanaq Fərzəliyevanın, Naxçıvan Muxtar Respublikasının əməkdar artisti Tural Nəcəfovun, filarmoniyanın solistləri Yaşar Qurbanovun və Əli Davudinin ifalarında Üzeyir Hacıbəyovun bütün zamanların əbədiyaşar əsərləri dinlənilmişdir.
Həmin gün Naxçıvan şəhərindəki Heydər Əliyev Mədəniyyət və İstirahət Parkında Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin, Saat Meydanında Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti olmuşdur.
Qeyd edək ki, Milli Musiqi Günü münasibətilə muxtar respublikanın rayon mərkəzlərində də tədbirlər keçirilmiş, konsert proqramları təşkil edilmişdir.
Əli RZAYEV