İnsan kimi, sözün də heysiyyəti, qüruru var. Bu heysiyyət, qürur o zaman duyulur, o zaman dərk olunur ki, o, əsl sənətkar qələminə tuş gəlir. Ədəbi dilimizin zənginliyinin ən bariz göstəricilərindən olan sözün tuş gəldiyi ustad qələm sahiblərindən biri də Məmməd Arazdır. Məmməd Araz dilin ədəbi normaları içərisində bədii norma yaratmaqda, dilin fövqünə qalxmaqda böyük istedad sahibi şairlərimizdəndir. Onun şeirləri ötən əsrin 70-80-ci illər ədəbiyyatının təsvir diapazonunun genişlənməsində, təsvir və tərənnüm gücünün dolğunlaşmasında xüsusi rolu olmuş kamil yaradıcılıq nümunələridir. Bu xüsusilik şairin dilinin məntiqi və hissi cəhətləri ilə səciyyələnir. Bu baxımdan M.Araz yaradıcılığını bədii təfəkkürün mükəmməl nümunələri kimi də dəyərləndirirlər. M.Arazın dili həm də duyğuludur; bu dil insanı həyəcanlandırır, kövrəldir, onu yaşamadığı anların xəyalını qurmağa sövq edir. Ən maraqlısı budur ki, bu xəyaladalma qətiyyən xəyalpərəstlik deyil; bu, keçmiş üzərində gələcəyin qurulması aksiomunun xəyali təsviridir:
Bir gün həyatımda yellər qopacaq,
Ömür öz tağından salacaq məni.
Neçə il üstündə gəzdiyim torpaq
Bir gün də qoynuna alacaq məni.
M.Araz yaradıcılığında sözlərlə yanaşı, söz birləşmələri, hətta cümlələr belə, məcazi mənada işlədilməklə təsirli mətnaltı məna, şeriyyət yaradır:
Qopdu bir ömür də öz budağından,
Qopdu saralmamış bir yarpaq kimi.
Yuxarıdakı misralar bir-birini tamamlayan və oxucuya dərin məna ifadə edən mükəmməl şeriyyət nümunəsidir. Şair iki misra ilə öz qəhrəmanının hələ cavan yaşında ikən bu dünyadan köç etdiyini mətnaltı məna ilə ifadə etmişdir. İkinci misradakı “saralmamış yarpaq kimi” birləşməsində şairin qəhrəmanının ömrünün yaz çağında bitdiyi obrazlı şəkildə oxucuya çatdırılır.
Yaxud:
Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da, qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik –
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin!
“Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya” – bu həqiqəti Dədə Qorquddan sonra bu qədər tutarlı bədii, məcazi və mətnaltı formada ifadə edən uğurlu misralar yalnız Məmməd Araz qələmindən qopa bilərdi.
Ədib dilin normaları çərçivəsində yeni bədii norma yaratmış, dilin istər qrammatik, istərsə də leksik mənada fövqünə varmışdır. Bu isə insandan böyük istedad, yaradıcı münasibət tələb edir.
Sinəsi od tutsun soyuq məzarın,
Sənət çiçəyimiz nə vaxtsız solur.
Görünür, ürəklə yaşayanların
Elə ölümü də ürəkdən olur.
Bu bənddə Azərbaycan ədəbi dilinin həm leksik, həm də qrammatik normaları bilərəkdən pozulmuşdur. Məcazi mənada işlədilən “məzarın sinəsi”nin “od tutması” mümkün deyil, lakin şair bununla oxucu düşüncəsində dərin məna, eyni zamanda geniş anlayış yaratmağa müvəffəq olmuşdur. Bəndin sonuncu misrasında isə ədəbi dilin qrammatik norması “pozulmuşdur”. Belə ki, qrammatik normaya görə, köməkçi sözlər (misradakı “elə” ədatı) aid olduğu əsas sözün (“ürəkdən” sözünün) yanında işlənməlidir. Bu misradakı “elə” sözü “ürəkdən” sözünə aiddir. Lakin sənətkar bilərəkdən köməkçi sözü aid olduğu sözdən “uzaqlaşdıraraq” həmin köməkçi sözü hər iki sözə – “ölümü” və “ürəkdən” sözünə aid etməyi bacarmışdır. Beləliklə, şair hər iki sözü qüvvətli şəkildə diqqətə çatdırmaqla biz oxuculara təlqin edir ki, bəndin əsas qayəsi, ağırlığı məhz sonuncu misradadır. Başqa sözlə, fikri tamamlayan sonuncu misradır.
Görkəmli sənətkarın şeir dilinin özünəməxsusluğu bir də ondadır ki, şair sözü həqiqi mənada işlətməklə bədiilik, şeriyyət yaradır.
Vətən mənə oğul desə, nə dərdim:
Mamır olub qayasında bitərdim.
Vətən qayasında mamır olmağı şair məhz həqiqi mənada bir arzu, istək, həyat amalı kimi idrak edir.
Sözün həqiqi mənasını mühafizə etməklə əsl poetik əsər, bədii nümunə yaratmaq çox müşküldür. Xüsusilə poeziyada sözün həqiqi real mənası emosionallığa, emosional ifadə tərzinə həmişə əngəl törədir. Lakin belə bir cəhət M.Arazın bədii dil üslubuna mane olmur, əksinə, onu novator sənətkar kimi tanıdır. Sənətkarın böyüklüyü də məhz çətini asanlaşdıra bilməsindədir:
Duz axtaran körpə cüyür balası
Ağ daşlara körpə cığır salası...
Qayaların su saxlayan çalası,
Salamat qal, salamat!
İstiqlal şairinin dili bəzən oxucunu tarixi keçmişlə üz-üzə qoyur, onu tarixi vərəqləməyə sövq edir. Bu üzləşmə əsl həqiqət kimi oxucu ürəyini yandırır, onu keçmişin acı həqiqətlərindən nəticə çıxarmağa çağırır:
O qəhqəhin dalğasından,
O məstliyin başfırladan
Havasından qopan daşdı –
Azərbaycan torpağında
Araz boyda şırım açdı.
Və ya:
Dibək oldun öz duzunla, öz daşınla,
Ögey oldun doğma, əkiz qardaşınla...
Bu misralardakı mənanın gücü məhz sənətkarın ustalığındadır. Şair sözləri elə sıralayır, yerində işlənməni elə aparır ki, misralar oxunarkən oxucu sanki bu hadisənin səbəbkarı kimi gözlərini şeirdən ayırmaq istəmir, hətta buna görə şairdən üzr istəyir. Beləcə, Məmməd Araz yaradıcılığı su saxlayan qaya çalasıyla halal-hümmət edən bir obrazı, “Xətainin süqutuna qəh-qəh çəkənləri” söz qılıncı ilə doğram-doğram edən qəhrəmanı canlandıran mükəmməl ifadə üslubu ilə yoğrulmuş nümunələr toplusundan ibarətdir.
Beləliklə, Məmməd Araz üslubu müxtəlif xüsusiyyətləri ilə səciyyələnir. Və bu xüsusilik bir-birilə əlaqədə olub, bir vəhdətdə, vahidin daxilində – M.Araz imzalı şerin tərkibində şeriyyət yaranmasına xidmət edir. Bu şeriyyət azadlıq eşqi ilə çırpınan qalib xalqın istiqlal səsi idi.
M.Arazın əsərlərini, bədii irsini oxuduqca gözlərimiz önündə bədii dilin keşiyində dayanan söz sərkərdəsi canlanır. Bu sərkərdə Ana dilinin şirinliyini, ifadəliliyini, tarixiliyini öz nitqində daim canlı insan kimi yaşadır. Və bu sərkərdənin “silahı” ana dilinin qədim və zəngin tarixidir; gücü isə bu dilə olan sonsuz məhəbbətdədir. Ədibin bəzi şeirlərində mənası, tələffüzü tarix olmuş sözlərin, ifadələrin canlandığının şahidi oluruq:
Eh, nə bilim, hər bir dərdi taleyinə
İnsan özü gözəmirmi?
Yaxud:
Bu gileydən qəlbim yaman xallanır:
Çox ünvanda qaçaq tərif yallanır.
Əsl, həqiqi, böyük poeziya ümumbəşəri yaddaşdır. Və məncə, Məmməd Araz yaradıcılığı başdan başa düşüncədə, əxlaqda və qeyrətdə yaddaşın poetik ifadə tərzindən ibarətdir.
Poeziyanın dumduru, şəffaf bulağı başına o, Arazın bulanıq və paralı sahilindən ayrılıb gəldi; özü ilə poeziyaya Arazın dərdini, ağrısını da gətirdi, tarixdən və təbiətdən, Ana dilindən, bayatıdan, folklordan axan bir Araza döndu – Məmməd Araz oldu!
Xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə qəzetimizdə ədibin həyatının müxtəlif anlarına, yaradıcılığının əhatə etdiyi müxtəlif mövzulara həsr olunmuş xeyli məqalə dərc edilmişdir. Bu məqalələrin araya-ərsəyə gəlməsinə əsas stimul Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Xalq şairinin 80 illik yubileyinin keçirilməsi ilə bağlı 8 iyun 2013-cü il tarixli Sərəncamı olmuşdur. Məhz bu sərəncamla ədibin yaradıcılığı yenidən araşdırılır, həyatı və əsərləri haqqında yeni, orijinal fikirlər söylənilir. Sərəncamda deyildiyi kimi, “...yarım əsrdən artıq davam edən ədəbi fəaliyyəti mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti olan” ustad sənətkar bu qayğıya, diqqətə layiqdir.
Səyyar MƏMMƏDOV