25 Dekabr 2024, Çərşənbə

Şahbuz Rayon Xalq Teatrı yarandığı gündən musiqili komediyaların səhnələşdirilməsinə daha çox meyil edir. Tamaşalarda ifa olunan canlı musiqi səhnəyə qoyulan əsərlərin daha təbii təqdimində xüsusi rol oynayır. 

Ötən həftə Şahbuz Rayon Mədəniyyət Evində Zülfüqar Hacıbəy­ovun “Evliykən subay” pyesi əsasında hazırlanmış üçpərdəli səhnə əsərinin ilk tamaşası olmuşdur.
Tamaşada ötən əsrin əvvəllərində ailə-məişət münasibətlərində mövcud ziddiyyətlər gülüş hədəfinə çevrilmişdir. Əsərin əsas konflikti Kəlbə Hacı və onun arvadları Pərzadla Hürzad üzərində qurulmuşdur. Komediyanın əsas gülüş və tənqid hədəfi Kəlbə Hacıdır. İki arvad arasında qalan, tamaşanın finalına qədər gülüş doğuran bu obrazı Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyev tamaşaçıya uğurla təqdim edə bilmişdir.

Tamaşada Pərzad (İlahə Şəfiyeva) və Hürzad (Azadə Əsgərova) Kəlbə Hacı obrazının eybəcərliklərini ifşa edirlər. Bu, tamaşada gülüş yaradan əsas məqamlardır. Öz vadar edildikləri taleləri ilə barışmayan bu qadınlar ikinci pərdədə Kəlbə Hacını evdən çıxarırlar. Ortalıqda qalan Kəlbə Hacı Ü.Hacıbəyovun Məşədi İbad obrazını xatırladır. Kəlbə Hacının küçədə üz tutduğu tiplər də gülüş doğurur. Qospodin (Çingiz Kəlbiyev), Molla (İsa Qələndərov), Əmioğlu (Aslan Məmmədov), Xosrov bəy (Tahir Əsgərov), Rüstəm (Ehtiram Qurbanov) Köhnə paltarsatan kimi tiplər dövrün koloritini ifadə etmək baxımından canlı və yaddaqalandır. 
Tamaşanın rejissoru Ramiz Cəlilov, rəssamı Səxavət Paşayev, musiqi tərtibatçıları isə Murad Nəcəfov və Emin Hüseynovdur. Tamaşadakı musiqi nömrələrinin canlı ifası pyesin təsirli təqdimini səciyyələndirən amillərdəndir.
Sonda Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Nurəddin Quliyev və Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək uğurlu tamaşaya görə yaradıcı kollektivi təbrik etmişlər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR