22 Dekabr 2024, Bazar

Aprelin 7-də Milli mətbuatımızın inkişafında özünəməxsus rolu olan “Molla Nəsrəddin” jurnalının ilk sayının işıq üzü görməsinin 114 ili tamam olur. 1906-cı ildə Tiflisdə Azərbaycan dilində çap olunan Şərqin ilk satirik jurnalı müəyyən fasilələrlə 25 il öz mövcudluğunu qoruyub saxlaya bilib. Jurnal 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi görkəmli demokrat Cəlil Məmmədquluzadə olan jurnalın, ümumilikdə, 748 nömrəsi çıxıb. 

“Molla Nəsrəddin” “Əkinçi”dən başlanılan milli mətbuat ənənələrini davam etdirməklə bərabər, Azərbaycan mətbuatı və jurnalistikasına yeni ənənələr gətirdi və onu daha da zənginləşdirdi. Azərbaycan xalqının taleyində mühüm rol oynayan bu jurnal, jurnalistika peşəkarlığı, janr müxtəlifliyi, dilinin sadəliyi ilə seçilir, milli ideyalılığı, xalqa bağlılığı, ana dilinə məhəbbəti ilə səciyyələnirdi. Bu jurnal həm də yeganə mətbuat orqanı idi ki, özünəməxsus ənənələri ilə Azərbaycan ədəbi-ictimai fikrinin formalaşmasında mühüm rol oynayan “Molla Nəsrəddin” ədəbi məktəbinin yaranmasına vəsilə oldu. Satirik ruhu, şirin yumoru, sadə dili ilə sərhədlərimizdən kənarda da sevildi, oxundu. Onu bu gün də yaşadan isə “Dünyada sözdən böyük yadigar yoxdur” deyən böyük ustad Cəlil Məmmədquluzadənin və onun qələm yoldaşları olan mollanəsrəddinçi ədiblərin Vətəninə, xalqına olan sonsuz məhəbbəti, sevgisi, Azərbaycanın müasir gələcəyinə olan inam hissləri idi. 

Mollanəsrəddinçi ədiblərin ağsaqqalı, yolgöstərəni olan, mükəmməl yazıçılıq və qəzetçilik təcrübəsinə malik Cəlil Məmmədquluzadə gərginliklərlə dolu bir vaxtda çoxillik cəhdlərdən sonra əqidə və məslək dostu Ömər Faiq Nemanzadə ilə birgə “Molla Nəsrəddin” adlı məcmuənin yaranması yönündə istəklərini məharətlə gerçəkləşdirə bildi. Satirik-demokratik mətbuatın inkişafı sahəsində uca bir zirvəni fəth edən “Molla Nəsrəddin” jurnalı XX əsrin əvvəllərində baş verən ictimai-siyasi proseslərin fonunda meydana gəldi.
Həftədə bir dəfə çap olunan jurnal həcmi kiçik olmasına baxmayaraq, geniş proqramla çıxış edirdi. Buraya məqalələr, kəskin tənqidlər, felyetonlar, məzhəkişeirlər və elanlar, məzəli teleqramlar, satirik hekayələr, lətifələr, Poçt qutusu, xüsusi elanlar, kariktura və illüstrasiyalar adlı başlıqlar daxil edilmişdi. Proqram səciyyəli baş məqalədə Molla Nəsrəddin üzünü doğma xalqına tutub söyləyirdi:
“Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım o kəsləri deyib gəlmişəm ki, söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə. Çünki hükəmalar buyurublar: sözünü o kəslərə de ki, sənə qulaq vermirlər.
Ey mənim müsəlman qardaşlarım. Zəmanə ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qala bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib “lənət şeytana” dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz. Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxın camalınıza”.
Bununla da Mirzə Cəlil elə ilk məqalə ilə insanları “Molla Nəsrəddin”i başa düşməyə, xurafatdan uzaq olub dini-fanatizmə uymamağa, oyanışa səsləyirdi. “Molla Nəsrəddin”in tənqid hədəfi çox geniş idi. Amerika-İngiltərə imperialistləri, rus çarizmi, İran və Türkiyə despotları daxil olmaqla, adi tüfeyliyə qədər jurnalın tənqid hədəfinə çevrilib. Jurnal sonuncu nömrəsinədək din və mövhumata qarşı ardıcıl mübarizə aparıb.
Mollanəsrəddinçilər məqalələrini xalqın başa düşəcəyi “türkün ana dilində”, sadə danışıq tərzində yazır, sərt, islahedici gülüşdən əsas vasitə kimi istifadə edirdilər. Məhz cəlbedici və düşündürücü karikaturalar vasitəsi ilə jurnal geniş xalq kütləsinin bütün təbəqələrinin içərisinə yol tapa bildi. Birinci nömrəsi min nüsxə tirajla çap olunan jurnal tezliklə nəinki Qafqazda, digər ölkələrdə də əks-səda yaratdı. Əhməd bəy Ağaoğlu “İrşad” qəzetinin 1906-cı il 16 aprel tarixli sayında yazırdı: “Baxın “Molla Nəsrəddin”ə. Bu cəridə nə gözəl cəridədir. Nə qədər ağıl, zəka, məharət və zövq göstərir. Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar belə cəridələri ilə fəxr edirlər”.
Bu mətbu orqanın belə qısa bir zamanda tanınmasının bir səbəbi də həyat hadisələrini, gerçəkliyi özünəməxsus satirik üslubda ifadə edə bilmək qüdrətinə sahib olan ədbiləri, ziyalıları ətrafına toplaya bilməsi idi. Müxtəlif gizli imzalarla çıxış edən Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir bəy Hacıbəyli, Yusif Vəzir Çəmənzəminli, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Əli Nəzmi, Mirzə Əli Möcüz, Ömər Faiq Nemanzadə kimi demokratik düşüncəli, açıq fikirli şair, yazıçı və jurnalistləri, o cümlədən, Oskar Şmerlinq, İozef Rotter, Əzim Əzimzadə kimi rəssamları ətrafına cəm edə bilmişdi. Bununla da jurnal həm də Azərbaycanda satirik qrafika və karikatura sənətinin, sonralar isə məktəbinin yaranmasında, karikatura ustalarının yetişməsində, formalaşmasında mühüm rol oynadı.
Adından tutmuş üslubuna qədər xalq yaradıcılığı ənənələrinə söykənən “Molla Nəsrəddin” jurnalı vasitəsilə satirik publisistika Azərbaycanda məktəb səviyyəsinə yüksəldi.
Məcmuədə satirik şeir və hekayə janrlarından əlavə, açıq məktub, satirik dialoq, tapmaca, atalar sözləri, elan, teleqraf və lüğət formalarına da müraciət edilirdi ki, bu da jurnalistikada yeni bir istiqamət kimi qəbul edilir. Felyeton publisistika janrları sırasına məhz “Molla Nəsrəddin” jurnalı ilə daxil oldu. Bu jurnal bir çox satirik mətbu orqanlarının yaranmasına da öz təsirini göstərib. 1907-1917-ci illərdə “Bəhlul”, “Zənbur”, “Arı”, “Kəlniyət”, “Məzəli”, “Tuti”, “Babayi-Əmir” kimi Azərbaycan dilində nəşr olunan satirik jurnallar, hətta sovet hakimiyyəti illərində “Kirpi” adlı mətbuat orqanı da “Molla Nəsrəddin”in yaradıcılıq dəst-xəttini, yolunu davam etdirib. Millətin özünü dərk, özünü tənqid, və özünü təsdiq ideallarına xidmət edən “Molla Nəsrəddin”in davamçıları da tədricən bu ideallara sadiq qalıblar.
Təkcə Azərbaycanda yox, Şərqdə demokratik mətbuatın əsası “Molla Nəsrəddin”lə qoyulub, “Vətən, millət, ana dili”ni idealı ümummilli ideyalar səviyəsində mətbuata və ədəbiyyata bu jurnalla ayaq açıb. Bu mətbu orqan yarandığı gündən ictimai-mədəni həyatımızın təkmilləşməsində, xalqımızın ictimai-siyasi dünyagörüşünün formalaşmasında müstəsna rol oynayıb, həyatımızın müxtəlif sahələrinə işıq salıb, yenilikləri cəmiyyətimizə tətbiq etmə təcrübəsi qazandırıb. Görkəmli füyuzatçı alim Əli bəy Hüseynzadə öz yazılarında qeyd edirdi ki, “Molla Nəsrəddin” həyatımızın gerçək aynasıdır və bu jurnal bizə həqiqətləri göz yaşları içərisində gülüşlə nümayiş etdirir. Məhz “Molla Nəsrəddin”in sevilməsinin və geniş yayılmasının əsas səbəblərindən biri də gerçəkçi, realist olması, baş verən hadisəyə, mövcud fakt və problemlərə obyektiv yanaşmasında idi. Kəskin və tənqidi çıxışlarına, həqiqətləri söylədiyinə görə daim hücumlara məruz qalan “Molla Nəsrəddin” dəfələrlə çar senzurasının qadağaları ilə üz-üzə dayandı. Lakin Cəlil Məmmədquluzadə ona ünvanlanan sərt tənqidlərə baxmayaraq Vətənin, millətin xeyrinə olan ideyalarını hər vəchlə yerinə yetirməyə çalışırdı. Söz yox ki, məhz həyata keçirilən ardıcıl, məqsədəuyğun işlərin, əldə olunan milli-ictimai oyanış və birliyin nəticəsində 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında “Molla Nəsrəddin” jurnalının da xidmətləri əvəzsiz idi. Totalitar sovet rejimi dövründə isə jurnalın fəaliyyətinə olan təzyiqlər güclənmiş, jurnalın naşiri və redaktoru Cəlil Məmmədquluzadə jurnalın “Allahsız” adlandırılmasına qəti şəkildə etirazını bildirmiş, jurnalın öz adı ilə nəşrinə icazə istəmişdir. 1931-ci ilin yanvarında cəmi iki sayı çap edilən “Molla Nəsrəddin” jurnalı fəaliyyətini dayandırmış, 1932-ci ildə isə böyük mütəfəkkir-yazıçı Cəlil Məmmədquluzadə dünyasını dəyişmişdir.
Cəlil Məmmədquluzadə irsinə və şəxsiyyətinə yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyev demişdir: “Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə, əsərləri ilə, publisistikası ilə, böyük mətbuatçılıq fəaliyyəti ilə Azərbaycan xalqının milli oyanışında, milli dirçəlişində əvəzsiz rol oynamışdır. Xalqımızın milli şüurunun formalaşmasında məhz “Molla Nəsrəddin” jurnalının və Mirzə Cəlilin fəaliyyətinin rolu misilsizdir”. Ulu öndər təşəbbüs və tapşırığı ilə “Molla Nəsrəddin” jurnalının 8 cildi latın qrafikalı əlifba ilə çap edilib oxucuların ixtiyarına verilib, daha sonra bu proses Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla başa çatdırılıb. Bu cildlərin nəşri “Molla Nəsrəddin” məktəbinin əbədiyaşarlığına verilən yüksək qiyməti dolğun şəkildə ifadə etməklə yanaşı, təkcə mətbuatın və jurnalistikanın tarixini öyrənmək üçün deyil, həm də bugünkü Azərbaycan cəmiyyətinin tarixi köklərinə qayıtmaq, özünü yenidən dərk etmək baxımından da böyük əhəmiyyətə malikdir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR