22 Dekabr 2024, Bazar

Qədim tarixə malik Naxçıvan diyarı həm yerüstü, həm də yeraltı abidələrlə zəngindir. Onların milli dəyərlərimiz kimi qorunmasının vacibliyini qeyd edən ümummilli liderimiz Heydər Əliyev bu zənginliyi lakonik şəkildə belə ifadə etmişdir: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”. Həmin abidələrin ortaya çıxarılması və mühafizə altına alınması sahəsində mühüm tədbirlər müstəqilliyimizin qazanılması və siyasi sabitliyin təmin olunmasından sonra həyata keçirilməyə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün ölkə miqyasında həyata keçirilən mühüm qərar və sərəncamlar nəticəsində son dövrlərdə bu sahədə görülən işlər daha intensiv xarakter almışdır.

Naxçıvan Muxtar Respublikasında son 25 ildə bu sahədə daha genişmiqyaslı işlər aparılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamından sonra bu abidələrin sayı, statusu dəqiqləşdirilmişdir. Təkcə 2006-2007-ci illər ərzində 1162 abidə pasportlaşdırılmaqla qoruma altına alınmışdır. Daha sonralar qeydə alınanların da bu siyahıya əlavə edilməsi nəticəsində sayı 1200-dən çox olan abidələrdən 57-si dünya, 495-i ölkə, 665-i isə yerli əhəmiyyətli statusa malikdir.

Qədim diyarımızdakı tarixi əhəmiyyətli abidələrin hər birinin pasportlaşdırılması və dövlət tərəfindən qorunması tariximizə, dəyərlərimizə göstərilən qayğının bariz nümunəsidir. Bəs bununla bağlı vaxtdan bizim üzərimizə hansı vəzifələr düşür? Onları qorumaq, öyrənmək və təbliğ etmək. Həmin abidələrin sayı, kateqoriyalar üzrə adları, yerləşdikləri bölgələr haqqında az insanın məlumatı var, məktəblilər üçün isə tamamilə yenidir.
Naxçıvanın dünya əhəmiyyətli abidələrini daha geniş ictimaiyyətə, xüsusilə məktəblilərə tanıtmaq, tariximizin beynəlxalq miqyasda təbliğ olunmasında onların əhəmiyyətini diqqətə çatdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə işi olan “Sabahın tədqiqatçıları” proqramı çərçivəsində yeni layihə üzərində işləməyi qərara aldıq və maraqlı nəticələr əldə edildi. Bu nəticələrdən biri Naxçıvanın dünya əhəmiyyətli abidələrinin xəritəsinin hazırlanmasıdır. Xəritədə abidələrin bütün rayonlar üzrə say nisbəti əks olunmuşdur ki, bu da diyarımızın hər bir guşəsinin tarixin ən dərin qatlarına işıq salmaq baxımından qiymətli olduğunu əks etdirir. Onlardan 3-ü Sədərək, 16-sı Şərur, 9-u Kəngərli, 5-i Babək, 6-sı Şahbuz, 7-si Culfa, 4-ü Ordubad rayonlarının, 7-si isə Naxçıvan şəhərinin payına düşür. Bu faktın özü Naxçıvan diyarını “abidələr muzeyi” adlandırmağa əsas verir.
Həmin abidələrin üstünlüyü onların yalnız Azərbaycanın deyil, eyni zamanda dünya tarixinin öyrənilməsində xüsusi dəyərə malik olmalarıdır. Bu da onların iki mühüm əhəmiyyətini özündə ehtiva edir. Birinci məqam abidələrin dünyəvi maraq obyektinə çevrilməsi nəticəsində çoxsaylı turist axınına stimul verməsi ilə bağlıdır. İkincisi isə belə tarixi abidələrin Qoca Şərqin tarixini və mədəniyyətini böyük maraqla öyrənməyə çalışan əcnəbi tədqiqatçıların diqqətini cəlb etmələridir. Bu səbəbdəndir ki, XXI yüzilliyin ilk illərindən başlayaraq Naxçıvanda yerli ekspedisiyalarla yanaşı, beynəlxalq ekspedisiyalar da fəaliyyət göstərir, dünyanın müxtəlif ölkələrindən bu diyarın nadir tarixi-memarlıq nümunələrini, arxeoloji abidələrini tədqiq etmək üçün gələn elm adamları tariximizlə bağlı obyektiv həqiqətləri öyrəndikdən sonra dəyərli irsimizə göz dikən bədxah qonşularımızın iddialarının əsassız olduğunu təsdiq edirlər.
Naxçıvanın dünya əhəmiyyətli abidələrinin xəritəsinin hazırlanmasının digər mühüm əhəmiyyəti abidələrin xarakterinin müəyyənləşdirilməsidir. Belə ki, onlardan 49-u arxeoloji, 1-i monumental, 7-si isə memarlıq abidəsidir. Başqa sözlə desək, bu abidələr toplusu nəhəng bir aysberqə bənzəyir, hansı ki, ilk baxışdan az hissəsi görünən yerüstü abidələrlə təmsil olunsa da, çox hissəsi yeraltı xarakterli olub yalnız arxeoloji qazıntılar nəticəsində torpağın dərin qatlarından üzə çıxarılmışdır. Həmin tarixi abidələrin dünyamiqyaslı əhəmiyyətini anlayan onlarla əcnəbi arxeoloq buraya üz tutmuş və uzunmüddətli tədqiqatlar aparmışlar. Oğlanqala abidəsində Azərbaycan-Amerika beynəlxalq arxeoloji ekspedisiyası, Ovçulartəpəsi (2006-2013), I Kültəpə (2012-2018), Duzdağ abidələrində Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası uzunmüddətli tədqiqatlar aparmışlar və belə tədqiqatlardan bəziləri hələ də davam etməkdədir.
Bu abidələrin hər biri dünya tarixinə mühüm töhfə olan qədim mədəniyyətlərin qızıl açarına çevrilmişdir. Qazma mağarası Mustye, I Kültəpə yaşayış yeri Neolit, Ovçulartəpəsi Eneolit, Gəmiqaya, I Maxta, Ərəbyengicə, Şortəpə kimi onlarla abidə Kür-Araz, II Kültəpə, Şahtaxtı Boyalı qablar, həmçinin İlkin şəhər, Oğlanqala Dəmir dövrü, Möminə xatın, Yusif Küseyroğlu, Qarabağlar, Gülüstan türbələri isə türk-islam mədəniyyətləri kimi dünya miqyasında mühüm əhəmiyyət daşıyan sivilizasiyaların ortaya çıxarılmasına əvəzolunmaz töhfələr vermişlər.

Ümumilikdə, bəşəriyyətin keçdiyi bütün inkişaf dövrlərinə işıq tutan bu qiymətli abidələrin ən mühüm cəhətlərindən biri Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan diyarının tarixin bütün mərhələlərində insanların yaşaması üçün ən qiymətli məkan olduğunu göstərməsidir. Digər cəhəti isə bu abidələrin lap qədimlərdən başlayaraq sonrakı bütün mərhələlərə keçmiş və genetik yaddaş vasitəsi ilə günümüzədək gəlib çatmış ümumi elementləri əks etdirməsidir ki, bu da onları yaradanların indi də bu torpaqlarda yaşayan Azərbaycan-türk xalqının əcdadları olduğunu təsdiq edir. Bu baxımdan qədim və zəngin tariximizin sübutları olan bu abidələr bizim milli-mənəvi dəyərlərimiz kimi qiymətlidir, onları qorumaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.

Layihə rəhbəri Zeynəb QULİYEVA
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent
Layihə icraçıları-Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri:
Lamiyə Hacıyeva, Aişə Əsgərova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR