25 Dekabr 2024, Çərşənbə

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1995-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olduğu günün, 18 sentyabrın “Milli Musiqi Günü” kimi qeyd olunması haqqında Sərəncam imzalamışdır. Həmin tarixdən etibarən hər il sen­tyabrın 18-i ölkəmizdə “Milli Musiqi Günü” kimi qeyd olunur.
“Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə, bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə, öləndən sonra da camaata mənfəət verirlər”, – deyən Üzeyir Hacıbəyov milli musiqimizin və mədəniyyətimizin inkişafında misilsiz xidmətlər göstərmiş, nəinki xalqımızın, ümumiyyətlə, bəşəriyyət tarixinə öz adını dahi sənətkar kimi yazdırmışdır. O, həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin inkişafına, insanların təhsillənməsinə, ma­ariflənməsinə həsr etmişdir. Böyük bəstəkar və ictimai xadim Azərbaycan musiqi sənətinə əvəzsiz töhfələr vermiş, Şərq və Qərb musiqi mədəniyyətləri arasında körpü yaratmış, çox­əsrlik musiqi ənənələrini inkişaf etdirərək yüksək səviyyəyə çatdırmışdır. Onun zəngin musiqişünaslıq əsərləri, dünya musiqisinin inciləri sayılan operettaları, ən həzin duyğuları ifadə edən romansları, xalqın mərdliyindən, mübarizə əzmindən, zəngin mənəvi aləmindən xəbər verən pyesləri və bir çox mahnıları xalqımızın mənəvi xəzinəsini zənginləşdirən ölməz sənət əsərləridir.

Üzeyir Hacıbəyov Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuşdur. Bu məktəbdən bəhrələnənlər peşəkar musiqiçilər kimi yetişərək Azərbaycan klassik musiqisinin inkişafına öz töhfələrini vermişlər. Dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığı doğma Azərbaycanımızın hüdudlarını aşaraq dünya şöhrəti qazanmışdır. Onun zəngin milli və ümumbəşəri duyğular əxz edən əsərləri coğrafi sərhədlər tanımır, dünyanın müxtəlif ölkələrində ifa olunur, dinlənilir və sevilir. Ümummilli liderimiz Heydər Əliyev Üzeyir Hacıbəyovun şəxsiyyətinə və yaradıcılığına yüksək qiymət verərək deyirdi: “Üzeyir Hacıbəyovun yazdığı hər bir əsər, hər bir not vərəqi bizim üçün qiymətlidir. Üzeyir Hacıbəyovun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər bizim üçün qiymətlidir. Çünki bunlar hamısı Azərbaycan xalqının dirçəlməsinə, mədəniyyətinin inkişaf etməsinə, xalqımızın özünü tanımasına xidmət edibdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu xidmətlər əvəzsizdir. Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının milli iftixarıdır”.
Qədim tarixə malik olan Azərbaycan musiqi sənətinin inkişafı ötən əsrin 70-ci illərində, ümummilli liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə daha dinamik xarakter almışdır. Ulu öndər milli musiqimizin böyük simaları olan Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmir­ov, Tofiq Quliyev, Arif Məlikov kimi dünya səviyyəli bəstəkarlarımızın yaradıcılığını yüksək qiymətləndirmiş, Azərbaycan mədəniyyətinin inkişafına böyük qayğı göstərmişdir. Ulu öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə korifey sənətkarlarımız Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov “Sosialist Əməyi Qəhrəmanı” adına layiq görülmüşlər. Ümummilli liderimiz ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra da Azərbaycan musiqisinin inkişafına böyük qayğı göstərmiş, ixtisaslı musiqiçi kadrların hazırlanmasına xüsusi diqqət yetirmişdir. Tanınmış bəstəkar və musiqiçilər “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuş, fəxri adlara, Prezident mükafatı və təqaüdlərinə layiq görülmüşlər.
Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illər keçirilən Beynəlxalq Üzeyir Hacıbəyov Musiqi Festivalı, Vokalçıların Bülbül adına V Beynəlxalq Müsabiqəsi, Bakı Beynəlxalq Caz Festivalı, IV Beynəlxalq Rostropoviç Festivalı, I Beynəlxalq Aşıq Festivalı, III Beynəlxalq Muğam Festivalı, Beynəlxalq Muğam Simpoziumu, Qəbələ Beynəlxalq Musiqi festivalları və başqa yüksək səviyyəli tədbirlər ölkəmizdə musiqi mədəniyyəti sahəsində görülmüş işlərin əyani təzahürüdür. “Azərbaycanın çox zəngin və böyük musiqi ənənələri vardır. Biz öz musiqimizlə fəxr edə bilərik. Azərbaycanın bir ölkə kimi, müstəqil ölkə kimi yaşaması və inkişafı, dünya miqyasında şöhrəti Azərbaycanın musiqi mədəniyyəti ilə sıx bağlıdır”, – deyən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti ilə bağlı keçirilən tədbirlər milli musiqi sənətimizin tanıdılması və təbliği istiqamətində görülən mühüm işlərdəndir. 2011-ci ildə ölkəmizin “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi və 2012-ci ilin may ayında Bakı şəhərində 57-ci “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsi isə Azərbaycanın musiqi mədəniyyətini və yüksək təşkilatçılıq imkanlarını bir daha nümayiş etdirmişdir.
Musiqi mədəniyyətinin inkişafı sahəsində həyata keçirilən tədbirlərdə Heydər Əliyev Fondu da yaxından iştirak edir. 2005-ci ilin martında Parisdə “Qarabağ xanəndələri” albomunun təqdimat mərasiminin keçirilməsi, “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın, “Muğam Ensiklopediyası”nın işıq üzü görməsi musiqi mədəniyyətimizin tanıdılması sahəsin­də həyata keçirilən mühüm tədbirlər­dir. 2003-cü ildə Azərbaycan mu­ğam, 2009-cu ildə isə aşıq sənətinin YUNESKO tərəfindən bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə beynəlxalq səviyyədə verilən qiymətin ifadəsidir.
Naxçıvan Muxtar Respublikasında da milli musiqimizin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Bu qayğı son 17 ildə daha dinamik xarakter almış, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə yeni musiqi məktəbləri tikilib istifadəyə verilmiş, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Musiqi Kollecinin maddi-texniki bazası gücləndirilmiş, yeni səs avadanlıqları və musiqi alətləri alınmışdır. Naxçıvan Dövlət Filarmoniyasının xarici ölkələrə qastrol səfərləri təşkil edilmiş, musiqi kollektivləri Rusiya Federasiyasında, Türkmənistanda və Türkiyədə uğurla çıxış etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin yaradılması haqqında” 2012-ci il 10 yanvar tarixli Sərəncamından sonra filarmoniyada Estrada Orkestri yaradılmış və qısa vaxtda kollektivin fəaliyyəti təmin edilmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikasının Bəstəkarlar Təşkilatı hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur. 2012-ci ilin fevralında yenidənqurmadan sonra istifadəyə verilən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrın­da təşkilat üçün də iş otaqları ayrıl­mış, yüksək iş şəraiti yaradılmışdır. 2012-ci il iyulun 9-da Bəstəkarlar Təşkilatının hesabat konserti olmuşdur. Hesabat konsertindən sonra bəstəkar­larla görüşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikasının bəstəkarları milli musiqi xəzinəmizi yeni mahnılarla, dəyərli sənət nümunələri ilə zənginləşdirirlər. Naxçıvanda yaşayıb fəaliyyət göstərən gənc və təcrübəli bəstəkarların yaradıcılığı bu sahədə də varislik ənənələrinin davam etdirildiyini göstərir”.
Musiqimizin inkişafı istiqamətində görülən tədbirlərdən bəhs edərkən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə göstərilən dövlət qayğısını da xüsusilə qeyd etmək lazımdır. Bu gün muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Aparılan genişmiqyaslı quruculuq işləri uşaq musiqi məktəblərini də əhatə etmiş, son illərdə 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Təkcə bu ilin yanvar ayında Naxçıvan şəhərində Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin, avqust ayında isə 3 nömrəli Uşaq Musiqi Məktəbinin yeni binalarının açılışı olmuşdur.
Uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 19 aprel tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının da mühüm rolu vardır. Filarmoniyada xalq çalğı alətləri, kamera orkestrləri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın fəaliyyət göstərməsi isə alitəhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Naxçıvan Aşıqlar Birliyi yaradılmış, həmin tarixdən etibarən hər il Novruz bayramı ərəfəsində keçirilən şənliklərdə Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisini, yallıları, xalq rəqslərini, toy adətləri və aşıq sənətini yaşadan musiqi kollektivlərinin çıxışları təşkil edilir.
Milli duyğularda yoğrulan, tarixin dərinliklərindən süzülüb gələn Azərbaycan musiqisi bu gün də qorunur, yaşadılır, təbliğ edilir. Ölkəmizdə, eləcə də muxtar respublikamızda musiqinin inkişafına göstərilən qayğı isə onun daha da zənginləşməsinə öz töhfəsini verir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR