22 Dekabr 2024, Bazar

Xalqımızın ən qiymətli sərvəti olan, minilliklərboyu təşəkkül tapan adət-ənənələrə, xalq yaradıcılığı örnəklərinə, milli dəyərlərə həmişə böyük ehtiramla yanaşmışıq. Naxçıvanlılar bu dəyərlərin qorunub-saxlanılmasını, təbliğini, gələcək nəsillərə ötürülməsini özlərinin vətəndaşlıq borcu sayıblar. Bu gün də həmin vəzifələr ehtiramla yerinə yetirilir.

Xalq yaradıcılığının yaşadılması, təbliği məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də Sərəncam imzalayıb. Sərəncama əsasən muxtar respublikada xalq yaradıcılığı günlərinin keçirilməsi ilə əlaqədar həmin il fevral ayının 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib. Müşavirədə müxtəlif aidiyyəti qurumların sərəncamla bağlı fəaliyyət istiqamətləri, vəzifələr müəyyənləşdirilib. Vəzifələrin yerinə yetirilməsi diqqət mərkəzində saxlanılıb, məqsədyönlü tədbirlərin keçirilməsi sistemli xarakter alıb.

İlk olaraq onu qeyd edək ki, AMEA Naxçıvan Bölməsi tərəfindən hazırlanmış üç cilddə “Naxçıvan folkloru antologiyası”, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ərsəyə gətirilən “Naxçıvan ­teatrının salnaməsi”, nazirliyin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzi tərəfindən tərtib olunan “Naxçıvan milli geyimləri” və “Naxçıvan tikmələri”, Prezident təqaüdçüsü Əkrəm Məmmədlinin “Naxçıvan-Şərur el yallıları” kitabları nəşr edilib, Şərur yallılarından ibarət disk buraxılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, bu gün muxtar respublikada “Şərur” Xalq Yallı Ansamblı və rayon mədəniyyət şöbələrinin nəzdində yallı qrupları fəaliyyət göstərir. “Şərur” Xalq Yallı Ansamblının ifasından ibarət kompakt disklər hazırlanıb. Bu sahədə görülən işlərin davamı olaraq Ali Məclis Sədrinin tapşırığına əsasən AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi yallı sənəti ilə bağlı tədqiqatlar aparıb, bu irsin UNESCO səviyyəsində qorunması sahəsində tədbirlər həyata keçirib, “Şərur” Xalq Yallı Ansamblının fəaliyyəti və Naxçıvanda yallı sənəti ilə bağlı məlumatlar hazırlanıb aidiyyəti üzrə təqdim olunub. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 2018-ci il 26 noyabr-1 dekabr tarixlərdə keçirilən 13-cü sessiyasında qəbul edilən qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil olunub.
Yeri gəlmişkən qeyd edək ki, ötən ilin avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına 18 adda 20 qədim musiqi aləti hədiyyə olunub. Alətlər içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, coğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi var. Bu alətlərdən dövrümüzdə ilk dəfə olaraq istifadə edilməyə başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə ötən il nəşr olunan və cari ilin mart ayında təqdimatı keçirilən kitablar arasında “Milli dəyərlərimiz rəsmi sənədlərdə” adlı toplu da var. Bu nəşrdə muxtar respublikada milli dəyərlərimizin yaşadılması ilə bağlı sərəncamlar toplanıb, görülən işlər işıqlandırılıb. Bilik Fondu tərəfindən yazıçı Rövşən Novruzoğlunun “Əshabi-Kəhf”ə məktub: Sürgündə qalan əhli-əyalım var” adlı kitabı nəşrə hazırlanıb və təqdimat mərasimi keçirilib, “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı beynəlxalq konfransın materialları” jurnalı çap edilib. Həmin nəşrlər gələcək nəslin milli özünüdərk, vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində mühüm rol oynamaqdadır.
Ozan-aşıq yaradıcılığının geniş tətbiq olunması, Naxçıvanda aşıq poeziyasının inkişaf mərhələlərinin araşdırılması davam etdirilir, xalq mahnı və rəqslərinin sistemli şəkildə təbliği, unudulmuş mahnı və rəqslərin bərpa olunması, onların aşkar edilib nota köçürülməsi, həmin nümunələrin folklor rəqs kollektivlərinin repertuarlarına daxil edilməsi və qədim xalq çalğı alətlərində ifaların nümayiş etdirilməsi sahəsində müvafiq tədbirlər görülüb, muxtar respublikanın ayrı-ayrı bölgələrindən toplanan yallı və saz havaları nota salınıb. Bu tədbirlərin davamı kimi muxtar respublikada yaşayan peşəkar və həvəskar aşıqlar haqqında məlumat bazası yaradılıb, 2009-cu il dekabrın 22-dən Naxçıvan Aşıqlar Birliyi fəaliyyətə başlayıb.
Naxçıvan Dövlət Universitetində xalq çalğı alətləri orkestri, Naxçıvan Musiqi Kollecində Qədim xalq çalğı alətləri ansamblı fəaliyyətə başlayıb, unudulmuş qədim musiqi alətlərinin bərpası davam etdirilir. Peşəkar musiqi kollektivlərinə, folklor kollektiv və qruplarına, bədii özfəaliyyət kollektivlərinə milli geyim dəstləri verilib. Dövlət tədbirlərində, əlamətdar və tarixi günlərdə, həmçinin bayramlarda həmin musiqi kollektivlərinin çıxışları təşkil edilir, gənc­lərdə qədim musiqi alətlərinə maraq artırılır.
Maddi və mənəvi mədəniyyətimizin qaynaqları kimi milli mətbəx nümunələrimiz xalqımızın tarixini, etnoqrafiya və bədii xüsusiyyətlərini özündə əks etdirir. Bu sahədə də xeyli iş görülüb, tədqiqat materialları toplanılıb, sorğu-metodik vəsait hazır­lanıb. Milli mətbəxin inkişafı ilə bağlı tədbirləri sistemləşdirmək və vahid mərkəzdən idarə etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi yaradılıb, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin hərtərəfli fəaliyyəti təmin olunub, mərkəz tərəfindən hazırlanmış “Naxçıvan mətbəxi” kitabı oxuculara təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzində 2009-cu ilin iyun ayından başlayaraq təşkil edilən xalçaçı, toxuculuq, misgərlik, keçəçi, qalayçı, ağac üzərində oyma kurslarını yüzlərlə gənc bitirib. Qədim tarixə malik olan xalçaçılığın inkişafını təmin etmək məqsədilə adıçəkilən nazirlik tərəfindən “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” layihəsi həyata keçirilir, muxtar respublikanın bütün rayonları üzrə bu sahə ilə məşğul olanlara dəzgahlar və xalça toxumaq üçün lazım olan materiallar verilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixdə imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikilməsi bu sahənin daha da inkişafına şərait yaradıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Pro­qramı” isə xalçaçılığın inkişafına yeni töhfələrini verməkdədir.
Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı və sənəti ilə məşğul olan şəxslərin iş şəraitinin öyrənilməsi, onlara lazımi köməkliklərin göstərilməsi, muxtar respublikanın bölgələrində xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət satış-sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumlarla qarşılıqlı fəaliyyət təmin edilib, xalq yaradıcılığı ilə məşğul olan sənətkarlar haqqında məlumat bazası yaradılıb.
2012-ci ildə, “Milli dəyərlər ili”ndə muxtar respublikada beynəlxalq rəsm, folklor, muğam və xalq teatrları festivalları, ədəbi tədbirlər, yaradıcılıq təşkilatları üzrə müsabiqələr keçirilib. Bu tədbirlər indi də davam etdirilir. Belə ki, son illərdə muxtar respublikada “Milli geyimlər”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar”, “Naxçıvan çörəkləri”, “Plov”, “Yallı” və “Kətə” kimi festivalların keçirilməsi milli-mənəvi dəyərlərimizə diqqət və ehtiramın ifadəsi kimi böyük rəğbətlə qarşılanır.
O da xüsusilə vurğulanmalıdır ki, xalqımızın ən əziz bayramı olan Novruz şənliklərində xalq yaradıcılığı nümunələri daha geniş təbliğ olunur. Bunun üçün hər il Naxçıvan şəhərində və rayon mərkəzlərində təşkil olunan Novruz şənliklərində belə nümunələrdən ibarət sərgilərin təşkili, musiqi kollektivlərinin çıxışları bayramı daha təmtəraqlı edir. Naxçıvan Dövlət və Uşaq filarmoniyalarının rəqs qrupları, Dövlət Filarmoniyasının Qədim musiqi alətləri ansamblı, Muğam studiyası, Tulum kvarteti, Naxçıvan Musiqi Kollecinin Sazçalanlar ansamblı, “Yallı” rəqs və “Naxçıvanqala” ritm qrupları, Muğam üçlüyü, Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbinin Nağaraçalanlar ansamblı və rəqs qrupu, həmçinin digər musiqi kollektivlərinin ifası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.
Xalqımızın müstəqillik yolunda inamla irəlilədiyi indiki şəraitdə xalq yaradıcılığının, əsrlərboyu yaranan mənəvi və maddi mədəniyyət nümunələrinin öyrənilməsi, ənənəvi sənət sahələrinin dirçəldilməsi, onların geniş şəkildə tətbiq və təbliğ olunması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan muxtar respublikamızda xalq yaradıcılığı sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər naxçıvanlılar tərəfindən yüksək qiymətləndirilir, onlar bu tədbirlərdə fəallıq göstərirlər.

 Muxtar Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR