25 Dekabr 2024, Çərşənbə

Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. Bu gün Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ümummilli liderimiz deyirdi ki, “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlayıb.

Ötən illərdə görülən işlərin miqyasına və nəticəsinə nəzər salsaq, tam əminliklə demək olar ki, ölkəmizdə, eləcə də muxtar respublikada mədəniyyət və turizm siyasəti böyük uğurla həyata keçirilir. Bu siyasətin gələcəkdə daha böyük nailiyyətlər qazanması üçün hər bir bölgəmizdə infrastruktur da daxil olmaqla, nəhəng potensial var. Ötən günlərdə bu sahədə Şahbuz rayonunda görülən işlərlə bağlı məlumat almaq üçün Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsində olduq.

Şöbənin müdiri Sabiq İmanovla söhbətimiz zamanı bildirdi ki, rayonda 16 mədəniyyət evi, 10 klub, 25 filialı olan Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Uşaq Kitabxanası, iki Uşaq Musiqi Məktəbi, Tarix-Diyarşünaslıq Muzeyi, bir kinoteatr fəaliyyət göstərir. Hər il olduğu kimi, cari ildə də rayonda bir sıra mədəni-kütləvi tədbirlər, xatirə gecələri, teatr tamaşaları, konsertlər, konfranslar, disputlar təşkil olunub, sərgilər, müsabiqələr keçirilib. Bundan başqa, ötən müddət ərzində yaradıcı şəxslərlə məqsədyönlü iş aparılıb, onların problemlərinə diqqət yetirilib, əhalinin asudə vaxtının səmərəli təşkili, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində müxtəlif tədbirlər təşkil edilib. Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları tərəfindən rayonda mədəniyyət və turizm sahələrinin inkişafının əsas istiqamətlərinin kompleks təhlili, proqnozlaşdırılması işi aparılıb. Mədəniyyət və turizm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların – muzeylərin, kitabxanaların fondlarını zənginləşdirmək və komplektləşdirmək məqsədilə müvafiq işlər həyata keçirilib. 
Uşaq Musiqi məktəblərində, mədəniyyət evləri və klublarda, kitabxanalarda və muzeydə, kinoteatrda, tarix-memarlıq abidələri və qoruqlarda, mədəniyyət və istirahət parklarında mədəni-kütləvi tədbirlərin təşkili, əhalinin bu tədbirlərdə kütləvi şəkildə iştirakı təmin olunur. Əlamətdar günlər və bayramlarda muxtar respublikanın incəsənət adamları rayona dəvət olunur, rayon Mədəniyyət Evinin ansamblının iştirakı ilə rəngarəng konsert proqramları təşkil edilir.
Şahbuz şəhərində müasir üslubda inşa olunan və ya yenidən qurulan obyektlər çoxdur. “28 May” küçəsində inşa olunan ikimərtəbəli kitabxana binası da yeni quruculuq ərməğanlarındandır. Hazırda kitabxanada 23 min 550 kitab var. Kitabxananın əməkdaşı Əlvan Orucova kitabxanada keçiri­lən rəngarəng tədbirlərdən danışdı. Dedi ki, əlamətdar və tarixi günlərlə bağlı keçirilən tədbirlər, kitab müzakirələri, yazıçı və şairlərlə, müharibə veteranları ilə görüşlər gənc­lərin ürəyincə olur. Buna görə də onlar kitabxanalarla sıx əlaqə saxlayırlar. Xüsusilə ziyalılarla görüşlər, kitab müzakirələri, vətənpərvərlik mövzusunda diskussiyalar böyük maraqla qarşılanır.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Xəqani Quliyev deyir ki, 15 il bundan əvvəl kitabxana xidmətindən söz açmağa belə dəyməzdi. Ancaq indi artıq kəndlərin əksəriyyətində rayonun mədəniyyət ocaqları, eləcə də kitabxanaları üçün hərtərəfli iş şəraiti yaradılıb. Həmin obyektlər müasir istilik sistemi ilə təmin olunduğundan xidmət təşkilatlarının üzərinə düşən texniki işlər də azalıb. Bu da yerlərdə kitabxanaçılıq işinin daha keyfiyyətlə qurulmasına, xidmətin səviyyəsini yüksəltməyə imkan verir. Misal üçün götürək, Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemini. 2007-ci ilə qədər bu mədəniyyət müəssisəsi köhnə, yararsız və darısqal binada yerləşirdi. Elə ki yeni bina inşa olundu, onda kitabxana kollektivinin daha yaxşı işləmək həvəsi də artdı. İndi hamı həvəslə çalışır, oxucular isə yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edirlər. Rayonda fəaliyyət göstərən Uşaq Kitabxanası tərəfindən isə uşaqların mütaliəyə maraq göstərmələri üçün səyyar sərgilər, ədəbi-bədii gecələr təşkil edilir, dünya, eləcə də Azərbaycan uşaq ədəbiyyatı nümunələrinin yetişməkdə olan nəslə tanıdılması istiqamətində müvafiq işlər görülür.
Minlərlə eksponatın mühafizə edildiyi Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi tərəfindən rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilib, məktəblilərin muzeyə cəlb olunması sahəsində fəal iş aparılıb. Muzey əməkdaşları məktəblərdə səyyar sərgilər təşkil edir, Şahbuzun tarixi ilə bağlı mühazirələr oxuyurlar.
Ucqar dağ rayonunun mərkəzində aparılan quruculuq tədbirlərindən digər mədəniyyət obyektlərinə də pay düşüb. “Araz” kinoteatrında yaradılan şərait bu baxımdan diqqət çəkir. Burada gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün maraqlı və rəngarəng tədbirlər keçirilir.
Milli teatrımızın formalaşmasında və inkişafında müstəsna rolu olan xalq teatrları bu gün ölkəmizin digər regionları kimi, muxtar respublikada da geniş fəaliyyət göstərirlər. 2011-ci ildə Şahbuz rayonunda da xalq teatrı yaradılıb, ilkin mərhələdə hazırkı vəziyyət, qarşıya çıxacaq problemlər əsas müzakirə mövzusu olub. Onu da qeyd etmək yerinə düşər ki, rayonda yaradılan xalq teatrına mədəniyyət qurumları ilə bərabər, rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli dəstək göstərilib. Ötən müddətdə teatrın kollektivi günün nəbzini tutan bir sıra tamaşalarla teatrsevərlərin görüşünə gəlib. Bu həftənin cümə günü Zülfüqar Hacıbəyovun “Evli ikən subay” tamaşası xalq teatrı tərəfindən teatrsevərlərə təqdim ediləcək. Maraqlı burasıdır ki, teatrın kollektivi musiqili komediya janrına üstünlük verir və çətin də olsa, bu vəzifənin öhdəsindən layiqincə gəlir.
Xalq teatrları təkcə sənət adamları deyil, eyni zamanda tamaşaçı da yetişdirir. Bu teatrlar məktəbdir, maarifləndirmə məkanıdır. Şahbuz Rayon Xalq Teatrının aktyorlarından Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Çingiz Haqverdiyev deyir ki, vaxtı ilə xalq teatrlarından çıxan sənətkarlar bu gün tanınmış aktyorlar, rejissorlar, səhnədə öz sözünü demiş insanlardır. Gənc aktyorlarımızdan bəziləri isə xalq teatrlarının varlığından belə, xəbərsizdirlər. Bilmirlər ki, peşəkar səhnəyə gedən yol bu teatrlardan keçir. Məqsədimiz rayonun istedadlı gənclərini bu teatrlara cəlb etməkdir. Ötən müddət ərzində buna qismən də olsa, nail ola bilmişik. Sevindirici haldır ki, rayonun kəndlərində istedadlı gənclər, gələcəyin aktyorları var. Onları bu işdən kənarda qoymaq olmaz. Bu gənclərin, ümumilikdə, teatrlarımıza yeni nəfəs gətirəcəyindən əminəm. Bizə bu gün hərtərəfli şərait yaradılıb və biz də gənclərə şərait yaratmalı, xalq teatrını yaşatmalıyıq.
Şahbuz rayonu istər tarixi-memarlıq, istərsə də bənzərsiz təbiət abidələri ilə zəngin bir bölgəmizdir. Bu da rayonun turizm baxımından əhəmiyyətini daha da artırır. Muxtar respublikanın ən ucqar dağlıq rayonu sayılan bu bölgənin ərazisi yaşı min­illiklərlə ölçülən tarixi-memarlıq abidələri və yaşayış məskənləri ilə zəngindir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” Sərəncamı, bütünlükdə, abidələrin qorunmasını elmi əsaslarla təşkil etməyə imkan verib. Şahbuz rayonu ərazisində Eneolit, Tunc, Dəmir dövrlərinə, Antik dövrə və orta əsrlərə aid yaşayış yerləri qeydə alınıb və öyrənilib.
Rayonda aparılan yenidənqurma, quruculuq və abadlıq tədbirləri nəticəsində yaraşıqlı, milli və müasir arxitektura üslubunda binalar inşa olunub, qədimliyi özündə qoruyub saxlayan abidələr bərpa edilib, yeni yollar, körpülər salınıb, kəndlər abadlaşdırılıb. Bütün bu görülən işlər isə rayonun turizm potensialını artırıb. Ağbulaq kəndində bu il istirahət mərkəzinin istifadəyə verilməsi turizm baxımından rayon üçün əlamətdar hadisələrdəndir.

Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərimizin hakimiyyəti illərində ölkəmizdə, eləcə də muxtar respublikamızda çox mühüm tədbirlər reallaşdırılıb. Bu tədbirlər hazırda da davam etdirilir, bu sahədə məqsədyönlü işlər görülür. Bu işlərin parlaq təzahürlərini indi muxtar respublikamızın hər bir bölgəsində, eləcə də Şahbuz rayonunda bütün sahələrdə görmək olar.

Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR