Qədim Naxçıvan diyarı təbii sərvətləri, uca dağları, əlçatmaz qayaları, zəngin vadiləri, coşqun dağ çayları, gümüşü bulaqları, min bir xəstəliyin dərmanı olan mineral suları ilə yanaşı, deyimləri ilə də məşhurdur. Bu gün nəzər yetirəcəyimiz deyimlər isə dadlı-duzlu mətbəximizdən gəlir.
Bulamac qazanı asıldı,
Qapı-bacalar basıldı,
Yandı dilim, bulamac,
Kəsildi kilim, bulamac!
Qədimdə adətə görə, kilimin, xalçanın hanadan kəsilmə vaxtı qonum-qonşu, qohumlar “kilim kəsdi”yə, “xalça kəsdi”yə gələrmişlər. Kilimin, xalçanın hanadan ayrıldığı gün yaxşı yeməklər bişirilər, bulamac bulanarmış. Ehtimal ki, bu deyim də həmin vaxt yaranıb.
Bulamacla bağlı maraqlı bir rəvayət də var: Deyirlər, qədimdə qız bəyənən oğlan həmin qızla ailə qurmaq üçün onun nəslinin ağsaqqallarının buyurduğu bir işi bacarıqla yerinə yetirməli idi. Bir gün eyni tayfada yaşayan iki gənc bir-birinə aşiq olur. Vədə gəlib yetir və həmin oğlan ona verilən işi görmək üçün qız evinə gəlir. Qızın atası düyünlü bir kötüyü oğlanın qarşısına qoyur və onu bölməyini istəyir. Bu işi yerinə yetirəcəyi təqdirdə qızını ona verəcəyini deyir. Oğlan baltanı kötüyün ortasına nə qədər vurursa, kötük parçalanmır. Bunu görən qız bilmir ki, necə eləsin, sevdiyinə kömək olsun. Elə bu vaxt ağlına bir fikir gəlir. Tez-tələsik ocaqda bulamacı bişirib isti-isti qaba tökür. İsti bulamacla dolu qabı gətirib oğlanın yaxınlığındakı köpəyin qarşısına qoyur. Ac heyvan dilini bulamacın içinə salır və bulamac isti olduğundan onun dili yanır. Bunu görən qız tez dillənir: “Bulamacı boşqabın kənarından yala ki, dilin yanmasın, ay Allahın dilbilməzi”. Adaxlısının sözlərini eşidən oğlan başa düşür ki, kötüyü kənardan baltalamaq lazımdır, ortasından yox. Və ağıllı qızın bu misalı imtahan edilən oğlana kömək olur. O, kötüyü rahatça parçalayıb öz istəyinə çatır.
Uşaqlarla bağlı el mərasimləri əsrlərboyu yaşadılaraq bu günə qədər gəlib çatıb. Xalqımızın belə mərasimlərindən biri də uşağın ilk dişinin çıxması münasibətilə keçirilən hədik mərasimidir. Uşaq deyər: “Atam-anam bilsəydilər ki, mən necə əziyyətlə diş çıxarıram, tez mənə hədik qoyardılar”. Bu deyim də hədik adlandırdığımız qədim yemək növünə aiddir. Qədim inanclara görə, əsasən, ailə üzvlərinin, qohum-qonşu qadınların və uşaqların iştirak etdiyi bu mərasimdə körpənin dişinin asanlıqla çıxması üçün hədik bişirilir. Hədiyin bişirilməsində yeddi növ paxlalı və dənli bitkidən (buğda, qarğıdalı, lobya, mərci, noxud və sair) istifadə edilir. Bunlar bir gün qabaqcadan suya qoyulur, bişmə müddətləri müxtəlif olduğuna görə ayrı-ayrılıqda su və ya südlə bişirilir. İnsanlar inanırlar ki, bu dənlər çırtladığı kimi, uşağın dişi də damağını asanlıqla yaracaq, əziyyət vermədən çıxacaq. Bişirilmiş hədikdən uşağa da dadızdıralar. Hədiyin bir hissəsi nimçələrdə qohum-qonşulara paylanar, xeyir-duaları alınar. Qaydaya görə, hədik qabı boş qaytarılmaz, içinə hədiyyə və ya şirniyyat qoyular.
Naxçıvan folkloruna aid rəvayətlərdən birində deyir ki, hədikdən xörək kimi ilk dəfə Nuh Peyğəmbərin zamanında istifadə olunub. Belə ki, Nuh Peyğəmbərin bütün canlılardan bir cüt yığdığı gəmidə qida qurtarır. Peyğəmbər çıxılmaz vəziyyətdə qalır. Çuvalların dibində hərəsindən yarı ovuc qalan dənli və paxlalıları bir qazana tökərək Allaha dua edir. Allahın qüdrəti ilə Nuhun qazanı aşıb-daşır, çoxalır. Gəmidəki bütün canlılar həmin təamdan yeyib doyur, hətta artıq da qalır. Hədik xörəyi məhərrəmlik ayında (Aşura günü) ehsan məqsədilə də bişirilir.
Tahir Əmiraslanovun “Söz mətbəxi” kitabında bir çox Naxçıvan deyimləri özünə yer alıb:
Açıqıcılar yarpağı,
Astanalar torpağı.
Hər kim balamı istəmir
Gözünə bibər yarpağı.
Açıqıcı (acıqımı, qıjı) xalq təbabətində yeməli ot kimi də işlədilir. Xoşagələn ətri, dadı var. Bu bitki yazın son aylarında, əsasən, Şərur bölgəsində bitir. Yazda bitən pencərlər içərisində dadı ilə seçilən bu bitkiyə həmin bölgədə “acıqıcı” da deyirlər. Qaynadılıb qovurma ilə bişirilir. Bibər yarpağı isə acı olduğundan bayatıda belə işlənir. Bibərin yarpağının və tərəvəzin özünün nəzər qaytardığına inanılır. Bu gün də həmin fikirdə olanlar var və o, indi yeni tikililərin girəcəyindən asılır, körpələrin paltarına qırmızı bibər formasında muncuqların taxıldığının şahidi oluruq.
“Doşab aldım, bal çıxdı” ifadəsini çox tez-tez eşidirik. Əlbəttə ki, diyarımızda tutdan, qarpızdan, üzümdən müxtəlif bitkilərdən şəfalı doşablar hazırlanır. Doşabla bərabər, Naxçıvan balından da qədimdən yemək və müalicə məqsədilə istifadə edilib. Bu deyim məcazi mənada evə gətirilən gəlinə aid edilir. Əvvəllər ailə quranda iki gənc bir-birini görməzdi. Buna analar, atalar qərar verərdilər. Qızın evdarlığını, səliqəsini analar, bacılar, bibilər, xalalar görüb, bilib bəyə çatdırardılar. Bu təriflərdən sonra görməzə-bilməzə ən azından bəkməz, yəni sağlamlıq gətirən şirin bir həyat yoldaşı gözləyərdilər. Evə gətirəndən sonra gəlinin daha mərifətli, xoşxasiyyət, zirək olduğunu gördükdə onu doşabdan da qiymətli, faydalı və şirin nemətə – bala bənzədər, doşab deyil, bal aldıqlarını deyərdilər.
Adətən, qarayanız adamları əzizləmək üçün deyilən bir deyim də belədir: “Ağ ayranı çölə tökərlər, qara kişmişi cibə”. “İnsana xarici görünüşünə görə deyil, ağlına, qabiliyyətinə görə qiymət verilməlidir” mənasına gələn bu deyimdə kişmişin qara, büzüşmüş, çirkin də olsa, həm şirin, həm faydalı, həm də cibdə gəzdirməyə münasib olduğu göstərilir. Qədimdə babalarımız pulu kisədə, qurşaqda saxlardılar. Ciblərinə isə dəsmala bükülmüş qənd, kişmiş, çərəz qoyardılar. Kişmişi cibdə gəzdirmək bir növ dəbdəydi. Onun doyuruculuğu çox olduğu üçün uzaq səfərə çıxanda ciblərinə kişmiş tökərdilər ki, yolboyu acanda yesinlər.
Asan olmayan iş haqqında deyirlər: “Bu, sənin üçün dım-dım halvası deyil”. Halva bir neçə cür olur: səməni halvası, qoz halvası, küncüd halvası, ədvalı halva və sair. Ən tez və asan bişən halva dım-dım halvası hesab olunur. Onu hazırlamaqdan ötrü unu dağ edilmiş yağın içərisində qovuraraq odun üstündən götürür, içərisinə doşab, yaxud bal töküb qarışdırırlar. Bütün bu işləri görmək isə olduqca az vaxt və əmək tələb edir. Buna görə də dım-dım halvası ən tez bişən halva hesab olunur, tez və asan başa gələn iş mənasında işlədilir. Görülməsi çətin olan və çox vaxt sərf edilən bir işi təcili olaraq görməyi tələb etdikdə, adətən, “dım-dım halvası deyil ki, belə tezliklə mümkün olsun”, – deyərlər.
Əsrlərboyu xalqımızın yaratdığı belə deyimlər milli məişətimizin və folklorumuzun bir parçası kimi bu günümüzə qədər qorunub yaşadılıb. Həmin nümunələr bu gün də qədim diyarımızın ayrı-ayrı bölgələrində işlədilir.
Ramiyyə ƏKBƏROVA