Hər bir ölkənin mədəniyyəti onun tarixi keçmişinə dayanan yaşam fəlsəfəsi üzərində qurulmuşdur. Həm qədim tariximiz, həm də bu tarixin zənginliyini özündə əks etdirən mədəniyyət nümunələrimiz Cənubi Qafqazın bu bölgəsinə əcnəbilərin diqqətini hər zaman cəlb etmişdir. Elə buna görədir ki, üzərinə, ruhuna Azərbaycançılıq fəlsəfəsi həkk olunmuş incəsənət nümunələrimiz müxtəlif dövrlərdə bu və ya digər yollarla ölkəmizdən çıxarılaraq daşınmış, dünyanın fərqli muzeylərində “məhbus həyatı” yaşamağa məcbur edilmişdir. Bu yazıda dünya muzeylərinin zənginliyini artıran milli incəsənət nümunələrimizdən bəhs edəcək, bu sahədə həlli vacib olan bəzi məsələləri təhlil etməyə çalışacağıq.
Dünyada məşhur muzeylər çoxdur. Bu məşhurluq həmin muzeylərin aid olduğu ölkələrin zəngin mədəniyyətə malik olması ilə deyil, orada toplanılan eksponatların çoxluğu və rəngarəngliyi ilə ölçülür. Yəni istənilən muzeydə digər xalqlara mənsubluğu ilə seçilən mədəni nümunələr sərgilənə bilər və bu fakt mövcuddur. Azərbaycana məxsus eksponatlar isə dünya muzeylərində həddən artıq çoxdur. Bütün bunlar bir tərəfdən zəngin mədəniyyətə malik olduğumuzu, digər tərəfdən isə tariximizə zaman-zaman biganə yanaşdığımızı göstərir.
Tarixçi alimlərin dediyinə görə, təkcə Rusiyanın Ermitaj Muzeyində 300 min, Parisin Sen-Jermen Muzeyində 40 minə qədər Azərbaycana aid eksponat var. Təsəvvür edin ki, Ermitajdakı eksponatlarla Naxçıvan Dövlət Tarix Muzeyi həcmində (buradakı eksponat sayı 49 minə yaxındır) 6 muzey yaratmaq olardı! Bu nümunələrə İngiltərə, Fransa, Rusiya, ABŞ, Avstriya, İtaliya, Almaniya, Misir, Macarıstan, Gürcüstan və adını sadalamadığımız digər ölkələrin məşhur muzeylərindəki milli eksponatları da əlavə etsək, xalqımızın tarixinin bütün səhifələrini özündə əks etdirən nəhəng bir tarix və incəsənət ensiklopediyası yaranar. Görəsən, bu muzeylərdə milli mədəniyyətimizin zəngin qolunu təşkil edən, bəşər mədəniyyətinə mühüm töhfələr vermiş qədim Naxçıvana aid nə qədər nümunələr var?
Yaşı çox-çox qədimlərə gedib çıxan Naxçıvan diyarı həm tarixilik baxımından, həm də bəşər mədəniyyətinin ilkin sivilizasiya ocaqlarından biri kimi əvəzolunmaz coğrafi ərazilərdən biridir. Zəngin təbiəti, mühüm ticarət yolları üzərində yerləşməsi, demək olar ki, burada bütün sahələrin inkişafına təkan vermişdir. Bu inkişaf həm müxtəlif sənətkarlıq nümunələrinin yaradılmasına, həm də səyyahların, tacirlərin bu yerlərə daha çox üz tutmasına səbəb olmuşdur. Deməli, buradan aparılmış maddi-mədəniyyət abidələri də az olmamışdır. Bunu Rusiyanın, Avropanın, həmçinin okeanın o tayındakı ölkələrin muzeylərində mövcud olan eksponatlar da təsdiq edir. İstərdik, mütəxəssislərin bu sahədə əldə etdikləri məlumatları oxucularımızın diqqətinə çatdıraq. Məsələn, hazırda ABŞ-ın Vaşinqton, Nyu-York, Çikaqo, Los-Angeles, Filadelfiya, Hyuston, San-Fransisko, Klivlend, Detroyt, Boston və başqa şəhərlərindəki muzey, bədii qalereya və şəxsi kolleksiyalarda xalqımıza aid yüzlərlə nadir sənət nümunələrimiz yer alır. Bunlara Nyu-Yorkda Piyerpont Morqanın şəxsi kolleksiyasında saxlanılan və XII-XIII əsrlərə aid edilən, Naxçıvanda düzəldilən bürünc qabı, Klivlend İncəsənət Muzeyində saxlanılan, yenə də XII əsrdə Naxçıvan ustaları tərəfindən düzəldilmiş bürünc məcməyini misal göstərmək olar. Bundan başqa, Parisin Dekorativ Sənətlər və Luvr muzeylərində müxtəlif bədii sənət nümunələrimiz var ki, bunlar içərisində Naxçıvanda toxunmuş yüksəkkeyfiyyətli parçalar və xalçalar mühüm yer tutur.
Dünyanın məşhur muzeylərindən sayılan Luvr Muzeyində bir neçə ədəd çox nadir sayılan gümüş, mis və bürüncdən düzəldilmiş bədii metal sənəti nümunələrimiz vardır. Bunlar içərisində bürüncdən düzəldilmiş 1190-cı il tarixli orijinal fiqurlu bir qab xüsusilə diqqəti cəlb edir. Bu sənət əsəri hazırda Luvr Muzeyinin Şərq incəsənətinə aid salonunda nümayiş etdirilir. Həmin bürünc qabın orijinallığı tək onun formasında deyil, həm də bəzəklərindədir. Döymə və cızma texniki üsulu ilə həkk olunmuş bu bəzəklər stilizə edilmiş nəbati ornament ünsürlərindən və yazı nümunələrindən ibarətdir. Bu yazıların birində onu düzəldən ustanın – Osman Salman oğlu Naxçıvaninin adı qeyd edilmişdir.
Aparılan tədqiqatlar göstərir ki, muxtar respublikamızdan, ümumiyyətlə isə ölkəmizdən aparılan mədəniyyət nümunələrinin böyük bir hissəsi Rusiya muzeylərində “mühafizə olunur”. Bu muzeylər içərisində isə Sankt-Peterburqda yerləşən Dövlət Ermitaj Muzeyi xüsusi əhəmiyyətə malikdir.
İstər tələbəlik dövründə, istərsə də sonralar bu nəhəng mədəniyyət mərkəzini iki dəfə gəzmək imkanım olub. Onu deyim ki, Dövlət Ermitajı dünyanın ən nəhəng rəsm və mədəni-tarix muzeylərindən biridir. 5 bina, 350 zaldan ibarət muzeydə 3 milyona yaxın eksponat qorunur. Fransızcadan tərcüməsi “tənha yer” mənasını verən Ermitaj Muzeyində, yazının əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycana aid 300 mindən artıq eksponat var. İnanılmazdır, ancaq faktdır ki, muzeyin eksponatlarının 10 faizini Azərbaycana aid nümunələr təşkil edir. Muzeyin Şərq incəsənəti şöbəsində İran, türk, Çin, yapon və ərəb xalqlarının maddi-mədəniyyəti ilə yanaşı, Azərbaycan xalqının da əsrlər boyu yaratdığı bir çox nadir sənət nümunələri nümayiş olunur. Ekspozisiya zallarında ən qədim dövrlərdən tutmuş XX əsrin əvvəlinədək Azərbaycan ustaları tərəfindən düzəldilən zərgərlik, saxsı qab nümunələri, daş, taxta üzərində oyulan sənət əsərləri və müxtəlifnövlü toxuculuq nümunələri var. Burada dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sinin 1430-cu ildə üzü köçürülən nadir nüsxəsi, eyni zamanda 1542-ci ildə üzü köçürülən digər əlyazması, “Türkmənçay” müqaviləsinin orijinal surəti, Azərbaycanın nadir mədəni irsinə aid diametri 2,5 metr, çəkisi isə 2 ton olan tunc tiyan, sayı indiyədək bəlli olmayan milli xalçalarımız və sair nümayiş etdirilir. Muzeyin eksponatları içərisində XIX əsrin sonlarında Naxçıvandan tapılmış bir fiqur tamaşaçıların diqqətini daha çox cəlb edir. Bundan əlavə, Ordubad rayonunun Yuxarı Aza kəndindən tapılmış saxsı kasa, Xaraba Gilan yaşayış yerindən əldə edilmiş müxtəlifölçülü sikkələr, Naxçıvanın müxtəlif ərazilərindən tapılmış bir neçə daş kitabə, Azərbaycan xanlıqlarına aid müxtəlif rəmzi emblemlər muzeyin maraqlı eksponatlarından sayılır.
Nədənsə, bu fikir hər zaman düşüncəmə hakim kəsilir ki, Naxçıvan tarixinin 18-19-cu yüzilliklərlə bağlı səhifələrinin yazılmasında Ermitajın materiallarından tam istifadə edə bilməmişik. Halbuki həmin dövrlərlə bağlı muzeydə kifayət qədər maddi materialların olması şübhəsizdir. Doğrudur, tələbə ikən bunun o qədər də fərqinə varmamışam. Ancaq məsələ ondan ibarətdir ki, istər çar Rusiyası dövründə, istərsə də sonrakı dövrlərdə Naxçıvan ərazisi daim diqqət mərkəzində olan region olub. Naxçıvan xanlığı, Kəngərlilər nəslinin zadəgan-hərbçi nümayəndələri ilə bağlı muzeydə qiymətli nümunələr vardır. Digər tərəfdən isə onu nəzərə alaq ki, Naxçıvanın o zamankı əsilzadə insanlarının böyük əksəriyyəti Peterburqda təhsil almış, fəaliyyətləri dövründə bu şəhərlə mühüm əlaqələri olmuşdur. Ermitajda kifayət qədər milli xalça nümunələrimiz var. Bu xalçaların bir qismində aid olduğu bölgəni bildirən yazılar olsa da, bu, bütün xalçalara aid deyil. Muzeyin Şərq incəsənəti şöbəsində Şirvanda, Qubada, Şamaxıda toxunmuş xalçalarla yanaşı, “Qafqaz”, “İran” ad mənsubluğu ilə nümayiş etdirilən xalçalar çoxdur. Naxçıvan-Təbriz xalçaçılıq məktəbinin kifayət qədər geniş məkanda yayıldığını nəzərə alsaq, Naxçıvan xalçalarının muzeydə olmaması inandırıcı görünmür. Bu faktı arxeoloji və sənətkarlıq nümunələrinə də aid etmək olar.
Adıçəkilən muzeydə Naxçıvana aid zəngin materialların mövcudluğu ilə bağlı araşdırmaların aparılması tarixçilərimiz qarşısında mühüm məsələ kimi durmalıdır. Ancaq bu tədqiqatların aparılması göründüyü qədər də asan deyil.
Birinci ona görə ki, indiyədək AMEA-nın müvafiq institutları tərəfindən, eyni zamanda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən bir neçə dəfə Rusiyanın bəzi muzeylərinə müəllif hüquqlarının qorunması və eksponatların tədqiq edilməsi ilə bağlı müraciətlər olunsa da, müsbət nəticələr əldə edilməmişdir. Səbəbsə aydındır: bunlar bizim marağımızda olan məsələlərdir və illərlə müxtəlif adlar altında sərgilənən eksponatların hüquqlarını özünə qaytarmaq çətin prosesdir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu cür anlaşmalarda rəsmi protokol qaydaları ilə müqayisədə qarşılıqlı mədəni əlaqələrin intensivliyi daha çox ümidverici görünür. İki il bundan əvvəl Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşəbbüsü ilə Ermitajdakı Azərbaycan eksponatlarının ilk daimi sərgisinin təşkil edilməsi ilə bağlı niyyət protokolunun imzalanması dediklərimizin sübutudur.
Digər tərəfdən, Sankt-Peterburqla Naxçıvan arasında bəzən o qədər də sezilməyən müəyyən bağlar var. Hamımıza bəllidir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin tələbəlik illəri bu şəhərdə keçib. Sonradan SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi çox yüksək vəzifədə işlədiyi dövrlərdə Peterburqda (həmin dövrdə Leninqrad) bir çox böyük layihələrə imza atması ulu öndəri bu şəhərin sakinlərinə çox sevdirmişdi. Buna görə də peterburqlular bu dahi şəxsiyyəti doğmaları sayır, onun SSRİ rəhbərliyindən uzaqlaşdırılmasının günahını o zamankı rəhbərlikdə görür və bunu etiraf etməkdən də çəkinmirdilər. Bu təəssüf hissini paylaşanlar içərisində o zaman mənə dərs deyən müəllimlər də çox idi. Onlar Naxçıvanı, hər şeydən əvvəl, Heydər Əliyevin Vətəni kimi xatırlayırdılar.
Beləliklə, Heydər Əliyev Fondunun son illərdə Rusiyada milli mədəniyyətimizin təbliği ilə bağlı həyata keçirdiyi tədbirlər, hər iki ölkə arasında mədəni əlaqələrin dərinləşən xətt üzrə inkişaf etməsi, Naxçıvanın getdikcə beynəlxalq tədbirlərə daha çox evsahibliyi etməsi və nəhayət, bu yurdun düzgün ideoloji təbliği, düşünürəm ki, gələcəkdə dahi rəhbər Heydər Əliyevin Vətəninin tarix səhifələrinə daha bir zənginlik qatacaq.
Səbuhi HƏSƏNOV