Fevralın 25-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilovun yeni işıq üzü görən “Azərbaycan xalq mahnıları – a capella” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, bu günlərdə Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla nəşr olunan bu kitabda Azərbaycan xalq mahnıları instrumental müşayiətsiz xor janrı olan “a capella” ilə təqdim edilir. Polifoniyanın ilkin nümunələrinə aid olan bu janr bənzərsiz və əvəzolunmaz bədii dəyərə malik olduğu üçün müstəqil bir musiqi janrı kimi dövrümüzə qədər qorunub saxlanılıb.
Nazir bildirib ki, dünya musiqisində olduğu kimi, Azərbaycan musiqi tarixində də digər musiqi janrlarına nisbətən bu sahədə yaradılan nümunələrin sayı olduqca azdır. Bu baxımdan Yaşar Xəlilovun təqdim etdiyi kitab Azərbaycan professional musiqisi üçün bu janrda yazılmış dəyərli kitablardan hesab edilə bilər. Müəllifin də qeyd etdiyi kimi, “a capella” zəngin çalarlara və əvəzolunmaz bədii dəyərə məxsus olduğu üçün onun qorunması və bu janrda əsərlərin ərsəyə gətirilməsi vacibdir.
Qeyd olunub ki, böyük azərbaycanlı alim Əllamə Seyyid Məhəmmədhüseyn Təbatəbainin xatirəsinə ithaf olunan “Azərbaycan xalq mahnıları – a capella” musiqi kitabı Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə dərs vəsaiti olaraq çap edilib. Yeni nəşr son illərdə Naxçıvan musiqi mədəniyyəti sahəsində musiqinin inkişafı istiqamətində çap olunmuş dəyərli kitabların davamıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı sayəsində işıq üzü görmüş bu kitab ümid edirik ki, professional xor kollektivlərində və musiqi təhsili verən məktəblərdə istifadə edilməklə konsert proqramlarının zənginləşməsinə, həmçinin gələcəkdə bu üsluba marağın artmasına və geniş formada tanınmasına səbəb olacaqdır.
Nazir çıxışının sonunda kitabın müəllifi Yaşar Xəlilovu təbrik edib və Naxçıvanda musiqi mədəniyyətinin inkişafına və yaşadılmasına göstərilən diqqət və qayğıya görə bütün tədbir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov çıxış edərək təhsil müəssisələrində dərs vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulan yeni nəşrin səciyyəvi cəhətlərindən danışıb.
Müəllif kitab təqdimatının təşkilatçılarına öz minnətdarlığını bildirib.
Tədbir təqdimatı keçirilən kitabın mədəniyyət müəssisələrinə hədiyyə edilməsi və Naxçıvan Dövlət Filarmoniyasının Xor kollektivi tərəfindən kitabda əks olunan xalq mahnılarının səsləndirilməsi ilə yekunlaşıb.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti