Qədim tariximizi, mədəniyyətimizi əks etdirən xalçalar, toxuculuq alətləri, milli geyim, mis, saxsı qablar və digər maddi mədəniyyət nümunələrdən ibarət 89 eksponat dünən Naxçıvan Dövlət Tarix Muzeyinə təqdim edilib.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzey əməkdaşları və muxtar respublika vətəndaşları yaxından iştirak edirlər. Məhz belə vətəndaşlıq mövqeyinin nəticəsidir ki, ötən il muzeylərimizə 2 min 348, bu ilin yanvar ayında isə 238 eksponat daxil olub. 2019-cu ildə 15, bu ilin ilk iki ayı ərzində isə 3 eksponat təqdimatı keçirilib. Bu gün keçirilən təqdimat mərasimində də xalqımızın həyat tərzini, məişətini özündə yaşadan maddi mədəniyyət nümunələri – xalça məmulatları, tariximizin müxtəlif dövrlərinə aid dekorativ-tətbiqi sənət və milli geyim nümunələri, eləcə də məişətdə istifadə edilən mis qablar Babək rayonu, Nehrəm kənd sakini, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Cəlil Məmmədquluzadənin Nehrəm kəndindəki Xatirə Muzeyinin direktoru Akif Hacıyev tərəfindən muxtar respublikanın muzeylərində sərgilənməsi üçün təhvil verilir. Muzey eksponatlarının toplanması, muzeylərə təhvil verilməsi aksiyasına ilk dəfə qoşulan və əsl vətənpərvərlik nümunəsi göstərən Akif Hacıyev bu gün daha 89 sayda yeni eksponatı muxtar respublikanın muzeylərinə təqdim edir.
Akif Hacıyev çıxışında hər kəsi bu təşəbbüsə qoşulmağa çağırıb və bildirib ki, bundan sonra da tariximizin yaşadılmasına xidmət məramını davam etdirəcək.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov muzeyə hədiyyə olunun eksponatlar üçün minnətdarlığını bildirib.
Sonda muzeyə təqdim edilən eksponatlara baxış olub.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti