“Vətən, Vətən, Vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər üçün nicat yolu yoxdur!”
Görkəmli demokrat ədib, tanınmış yazıçı-publisist Cəlil Məmmədquluzadə (1869-1932) bütün şüurlu həyatı və yaradıcılığı boyu sadiq qaldığı bu müqəddəs məramı ilə milli ziyalılıq mücəssəməsinə çevrilmiş, əbədiyaşarlıq zirvəsinə yüksəlmişdir. O, milli-mənəvi xəzinəmizdə mütərəqqi ideyalar carçısı, ictimai fikrin bayraqdarı, bədii ədəbiyyatımızda və publisistikamızda Azərbaycançılıq ideologiyasının yaradıcılarından biri kimi yaşayır.
“Kiçik hekayənin böyük ustadı”, tənqidi-realist nəsrin banisi olan məşhur ədibin adının ədəbiyyat tariximizdə əbədiləşməsi üçün təkcə onun sadə mətləblərlə dərin mənalar ifadə edən, bu gün də bədii nəsrimizin şedevr nümunələrindən sayılan hekayələri belə, yetərli idi. XX əsrin əvvəllərindən bədii yaradıcılıqla ardıcıl məşğul olan böyük yazıçının “Poçt qutusu”, “Usta Zeynal”, “Dəllək”, “İranda hürriyyət”, “Fatma xala”, “Qurbanəli bəy”, “Quzu”, “Nigarançılıq”, “Konsulun arvadı” və sair hekayələri sadə və rəvan təhkiyə dili, Azərbaycan danışıq üslubu, ibrətamizliyi, ən əsası isə büllur kimi saf və tükənməz söz çeşməmiz – xalq folklorundan qaynaqlandığı üçün bu gün də sevilə-sevilə oxunur. Onun “Rus qızı”, “Taxıl həkimi”, “Hamballar”, “Oğru inək” kimi sovet dövründə qələmə aldığı hekayələrində cəmiyyətin əyintiləri və eybəcərlikləri diqqətə çatdırılmışdır.
Ustad Mirzə Cəlil Azərbaycan dramaturgiyası tarixində tragikomediya mərhələsinin də yaradıcısıdır. Onun ilk dram əsəri, ilk alleqorik və mənzum pyesi “Çay dəsgahı”dır. Ədibin kinayəli gülüşdən acı göz yaşlarına aparan dramaturgiyası komediya və faciə janrlarının üzvi vəhdəti ilə seçilir. Azərbaycan tragikomediyasının zirvəsi sayılan məşhur “Ölülər” əsəri, bütövlükdə, türk-müsəlman dünyasının cəhalət və mövhumatına qarşı ən kəsərli silahdır. Onun “Anamın kitabı” məşhur dramına isə görkəmli mirzəcəlilşünas, akademik İsa Həbibbəyli “Azərbaycançılığın ədəbi manifesti”, “Azərbaycana aid olmayan fərqli düşüncələrə malik üç qardaşın komediyası, Ananın faciəsi, Gülbaharın dramı” elmi-bədii dəyərini vermişdir. “Kişmiş oyunu” və “Kamança” kimi pyesləri öz ideyasına görə bu gün də aktuallığını, ədəbi-bədii dəyərini qorumaqdadır. Mirzə Cəlilin sovet hakimiyyəti illərində yazdığı “Dəli yığıncağı” pyesində, həmin dövrə məxsus, akademik İsa Həbibbəyli tərəfindən tapılıb elmi-ədəbi ictimaiyyətə təqdim edilən “Ər” pyesində, “Lal”, “Lənət”, “Oyunbazlar” səhnəciklərində sovet cəmiyyətinin eybəcərlikləri, cəhalət və nadanlıq tənqid olunur.
Ustad Mirzə Cəlilin adı mətbuat tariximizə, xüsusilə qızıl hərflərlə həkk olunmuşdur. XX əsrin əvvəllərində milli mətbuatımızın və naşirlik sənətinin yeni inkişaf mərhələsinə qədəm qoyması məhz onun adı ilə bağlıdır. Gözəl dramaturq, ustad hekayənəvis olmasaydı belə, onun mollanəsrəddinçi publisistikası xəlqilik, bəşərilik kimi ümdə dəyərləri ilə söz xəzinəmizin nadir incilərindən birini təşkil edir.
Cəlil Məmmədquluzadə ilk olaraq Məhəmməd ağa Şahtaxtlının yanında, “Şərqi-Rus” qəzetindəki əməkdaşlıq və müvəqqəti redaktorluq fəaliyyəti ilə zəngin qəzetçilik və naşirlik məktəbi keçmiş, Şərq istibdadı və cəhalətinin qənimi olan ilk satirik jurnal – “Molla Nəsrəddin”in nəşri ilə satirik publisistikanın təməlini qoymuş, ədəbiyyat və mətbuat tariximizdə böyük bir ədəbi dövr, ədəbi məktəb yaratmışdır.
İlk nömrəsi Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 20 aprel 1906-cı ildə Tiflisdə nəşr olunan jurnalın “Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” manifest-proqramı yatmış Şərqi məhvərindən oynatmaq qüdrətinə malik, maarif və tərəqqi, bəşəri dəyərlər əxz etməyə bir çağırış idi. Jurnal 25 il ərzində Qafqaz xalqlarının, bütövlükdə, Şərq dünyasının, Azərbaycanın milli oyanış və dirçəlişində mühüm rol oynamışdır. “Molla Nəsrəddin” jurnalı Azərbaycan tənqidi realizm ədəbiyyatının, satirik publisistikasının ideya-sənət məbədidir. Təsadüfi deyil ki, akademik İsa Həbibbəyli mübariz ideyalarına və qətiyyətli mövqeyinə görə “Molla Nəsrəddin” jurnalını “Azərbaycan xalqının istiqlal kitabı”, mollanəsrəddinçi yazıçı və şairlərin “əsərlərinin çoxcildlik külliyyatı” adlandırmışdır. “Molla Nəsrəddin”, eyni zamanda satirik publisistika məktəbidir. İdeya-bədii istiqamətvericiliyi ilə mollanəsrəddinçilərin ağsaqqal qələm yoldaşı olan ustad Mirzə Cəlilin jurnaldakı çoxsaylı məqalə və felyetonları hər zaman öz aktuallığını qoruyan, cəmiyyətdəki eybəcərlikləri, nöqsanları ifşa edən satirik-publisistika nümunələridir. O, 1906-1910-cu illərdə jurnalda dərc olunan şeirləri ilə həm də mollanəsrəddinçi satirik poeziyanın da əsasını qoymuş, karikaturalı jurnal nəşri, bu rəsm əsərlərinin, bilavasitə, ideya təşəbbüskarı olması ilə Azərbaycan təsviri sənətini də yeni bir janrla zənginləşdirmişdir.
Ədibin publisistik fəaliyyətini səciyyələndirən əsas istiqamətlərdən biri də onun yeni türk əlifbası ilə çıxan ilk türk qəzeti, Yeni Türk Əlifba Komitəsinin orqanı olan “Yeni yol” (1922-1939) qəzetindəki fəaliyyətidir. Qəzetin 20 iyun 1923-cü il tarixli sayına qədər ilk baş redaktoru kimi fəaliyyət göstərən ədib sonralar – 1 may 1924-cü ilədək də bu mətbu orqanın fəaliyyətində əvəzsiz xidmətlər göstərmişdir.
Cəlil Məmmədquluzadənin publisistikası yüksək bədiilik, səciyyəvi və tipik obrazlar qalereyası, hədsiz tələbkarlıq və böyük ideallar uğrunda məqsədyönlü mübarizə ilə fərqlənir. Sadə, anlaşıqlı danışıq dili, fikir sərrastlığı, toxunulan problemlərin kəskinliyi və konkretliyi dahi ədibin yaradıcılığının əsas məziyyətlərindəndir. Təsirli ifadə vasitələri, təhkiyədəki dəqiqlik və inandırıcılıq, təsvirlərin yığcamlığı və təsir gücü, xarakterlərin dolğunluğu, zəngin həyat müşahidəçiliyi, mövzular aləminin genişliyi, sənətkarlıq boyalarının əlvanlığı, dil orijinallığı və üslub çoxcəhətliliyi Mirzə Cəlil publisistikasının başlıca məziyyətləridir. “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf olub gedir, amma söz qalır”, – deyən söz sərrafı, görkəmli qələm ustası bütün yaradıcılığı boyu sözə zinət və kəsər verməsi ilə ədəbi yaddaşlarda yaşayır.
Bütün məşəqqətlərə, mənəvi iztirablara, məhrumiyyətlərə rəğmən qələmi ilə xalqının xoşbəxtliyi uğrunda çarpışmaqdan usanmayan, Azərbaycançılıq idealının carçısı olan görkəmli dramaturq, yazıçı-publisistin zəngin, şərəfli həyat və yaradıcılıq yolu bu gün hər bir qələm sahibi, ümumilikdə, ziyalılıq üçün əsl örnəkdir. Onun gerçəkləşən milli istiqlal arzuları, mütərəqqi ideyaları müstəqil dövlətimizin inkişafı yolunda bu gün də bizimlə yanaşı addımlayır.
Əsərləri dəfələrlə nəşr olunmuş, səhnələşdirilmiş, tanınmış ədəbiyyatşünaslarımız tərəfindən müxtəlif aspektlərdən tədqiq olunmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti İsa Həbibbəyli isə Cəlil Məmmədquluzadə irsinin və şəxsiyyətinin öyrənilməsində ədəbiyyatşünaslıqda müasir mirzəcəlilşünaslıq məktəbinin təməlini qoymaq kimi mühüm bir tarixi missiyanı həyata keçirmişdir.
Görkəmli yazıçı və publisistin hərtərəfli elmi-tədqiqi və dünyəvi təbliğində onun ədəbi irsinə göstərilən dövlət qayğısı da müstəsna rol oynamışdır. Təsadüfi deyil ki, bu gün də öz əməlləri və işıqlı ideyaları ilə müasirimiz olan görkəmli yazıçının adı respublikamızda əbədiləşdirilmiş, Bakıda, Naxçıvan şəhərində, Cəlilabad rayonunda heykəlləri ucaldılmışdır. Onun anadan olmasının 100 illiyi beynəlxalq səviyyədə, 125, 140, 150 illik yubileyləri isə ölkə miqyasında geniş şəkildə qeyd olunmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi, Naxçıvan Dövlət Musiqili Dram Teatrı görkəmli ədibin adını daşımaqla yanaşı, həm də onun parlaq ideyalarının layiqli tərənnümçüləri, təbliğatçılarıdır. Böyük yazıçının Bakıda və Naxçıvan şəhərlərində ev-muzeyləri, Cəlilkənddə və Nehrəmdə Xatirə muzeyləri fəaliyyət göstərir. Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 23 yanvar tarixdə imzaladığı “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi haqqında” Sərəncama əsasən jurnalın ilk nömrəsinin işıq üzü görməsinin 100 illiyi dövlət səviyyəsində qeyd olunmuşdur. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə Cəlil Məmmədquluzadənin də bədii-publisistik əsərləri latın qrafikalı Azərbaycan əlifbası ilə yenidən kütləvi şəkildə nəşr olunub oxucuların ixtiyarına verilmişdir. “Molla Nəsrəddin” jurnalının faksimilesi latın qrafikalı Azərbaycan əlifbası ilə yeni tərtibatda, nəfis şəkildə çap edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”nda ədibin “Hekayələr”inin yer alması da Mirzə Cəlil yaradıcılığının gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasında nə qədər mühüm əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə silsilə tədbirlər keçirilmiş, “Cəlil Məmmədquluzadə 150 il – məqalələr, esselər, müsahibələr, şeirlər” və digər nəşrlər işıq üzü görmüşdür. Tanınmış akademik, mirzəcəlilşünas İsa Həbibbəylinin ideya müəllifi olduğu “Cəlil Məmmədquluzadənin əsərləri xarici dillərdə” layihəsi üzrə görkəmli yazıçının əsərləri dünyanın bir çox dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı –TÜRKSOY, AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə reallaşan, Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans isə həm də ədibin nəticəsi Martin Cavanşiri və kötücəsi Przemislav Cavanşirinin də ulu babalarının Vətəninə gəlmələri, həmin konfransda iştirak etmələri ilə tarixə düşmüşdür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təsdiq etdiyi “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na əsasən qədim diyarımızda da bu yubiley silsilə tədbirlərlə qeyd olunmuşdur. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə qardaş Türkiyədə ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyesləri əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşasını uğurla nümayiş etdirmişdir.
Bədii-publisistik irsi, ictimai-pedaqoji fəaliyyəti ilə tükənməz mənəvi xəzinə olan Cəlil Məmmədquluzadə öz işıqlı ideyaları, xalqına və Vətəninə tükənməz məhəbbəti ilə həmişəyaşardır. Ümummilli liderimiz Heydər Əliyеvin Mirzə Cəlil şəxsiyyətinə və irsinə yüksək qiymət verərək dediyi kimi: “Cəlil Məmmədquluzadə Azərbaycan tarixində görkəmli yer tutmuş dahi insan, yazıçı, publisist, filosof, mütəfəkkir, xalqımızın mədəniyyətini çox zənginləşdirmiş bir şəxsiyyətdir. O, ədəbiyyatımızın, mədəniyyətimizin klassikidir. Eyni zamanda o, bizim müasirimizdir, o, bu gün də bizimlədir, bizim sıralarımızdadır. Bizimlə bərabər Azərbaycanın müstəqilliyinə sevinir və bizimlə bərabər Azərbaycan Respublikasının daim müstəqil dövlət olması uğrunda öz yaradıcılığı ilə, qoyduğu mənəvi irslə çalışmaqdadır. Əsrimizin əvvəlində fəaliyyətə başlayan Cəlil Məmmədquluzadə bu gün, əsrimizin sonunda bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır”.
Mehriban SULTAN
filologiya üzrə fəlsəfə doktoru