Mənim ana dilim Azərbaycan dilidir. Bu dil xalqımızın milli-mənəvi varlığının, özünü təsdiqinin, həyat tərzinin, mədəni irsinin göstəricisidir. Dilimiz tarixboyu müxtəlif deformasiyalara məruz qalsa da, özünəməxsusluğunu qoruyub saxlayıb, nəsillərdən-nəsillərə ötürülərək yaşayıb. Onu yaşatmaq, şirinliyini, saflığını qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.
Lakin zaman irəlilədikcə, əlavə dil bilmək zərurəti yarandıqca istər-istəməz ana dilimizdə əcnəbi dillərin təsirini aydın görürük. Hətta bir çoxları danışarkən doğma dilə bilə-bilə yad sözlər əlavə edir, bunu “müasirlik” hesab edirlər. Bu yerdə böyük demokrat Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalının 27 yanvar 1907-ci il nömrəsində “Hərdəmxəyal” imzası ilə yazdığı “Ana dili” felyetonundan nümunəni diqqətinizə çatdırmaq istərdim:
“Hərdən mənim xəyalıma bir belə şey gəlir:
Mən universitet, yəni darülfunundan təzə qurtarıb vətənimizə gələn günü şəhərimizin qazısı Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç kəs yox idi, anamdan savayı. Bu övrət də çıxdı o biri otağa və qazı ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asırdı.
Qazı içəri girən kimi mən yeridim və dedim: “Salam məleyk”. Cənab qazı mənə cavab verdi: “Ay əssalamü əleyküm, ay xudahafiz, əhvali-şərif, ənasiri-lətif, maşaallah, maşaallah, Əxəvizadə, neçə müddətdi müntəziri-vücudi-zicudunuz və müştaqi-didarınız idim, inşaallah zati-alinizin məzacı-mübarəkləri salimdir”.
Mən bir şey başa düşməyib dedim: “Da”.
Cənab qazı bir qədər baxdı mənim üzümə və genə başladı: “Əxəvizadə, təhsili-fünunuzu əncama yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülelmə əvdət etməlisiniz?”
Mən genə bir şey başa düşməyib dedim ki, “Cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz”.
Axund soruşdu: “Necə?”
Mən dedim: “Çto?”
Söhbətimiz elə bu cür qurtardı və axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içəri və mənə dedi: “Balam, mollaynan nə dil danışırdınız ki, mən heç başa düşmədim”.
Dedim: “Ana, mollaynan biz ana dili danışırdıq”.
Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi: “Yazıq ana dili!”
Eyni millətin iki nümayəndəsi arasında gedən dialoq dilimizə qarşı biganəliyin acı göstəricisi kimi səslənir. Təəssüf ki, bu felyeton bu gün üçün də çox aktualdır və hamımıza yaxşı tanışdır. Vətənində yarı sözü rusca və ya digər xarici dildə, yarı ana dilində, qarşısındakı adamın danışdığı dildə danışanlara, və ya paytaxt və bölgələrimizdə əcnəbi dildə yazılan dükan, bazar, iaşə və ticarət obyektlərində hələ də rast gəlirik. Mənasını ilk baxışda başa düşmədiyimiz bu adlar bizə, sanki əcnəbilərin yaşadığı şəhəri xatırladır. Bəs maraqlıdır, görəsən, həmin ölkələrdə də Azərbaycan dilində yazılmış reklam lövhələrinə rast gəlinirmi? Dilimizdə ifadəsi mümkün olan sözlərin əcnəbi dil ilə əvəzlənməsi qəbuledilməzdir. Bəzi məqamlarda sözlərin ingilis dilində qarşılığının yazılması normal qəbul edilə bilər. Amma bunu kütləviləşdirmək dil normalarımızın da ciddi surətdə pozulması deməkdir. Hər gün doğma Vətənimizin hər bir bölgəsinə müxtəlif ölkələrdən turistlər gəlir. Həmin turistlər yeni bir şəhəri, yeni bir mədəniyyəti gəzmək-görmək istəyirlər. Onlarda xalqımızın başlıca milli dəyəri, varlığının əsas stimulu olan dilimiz haqqında da təəssürat yaratmamalıyıqmı? Axı bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri onun dilidir, deyirik. Bəs niyə biz öz dilimizlə fərqlənmək istəmirik?.
“İnsanın dünyası onun dili kimidir”, – deyiblər. Bizim dünyaya baxışımızı və onu necə dərk etdiyimizi müəyyənləşdirən dildir. Bu gün müasir dövrün tələbi ilə xarici dil öyrənmək, bir neçə dildə danışmaq istəyənlərin sayı günü-gündən artır. Sirr deyil ki, insanın birdən çox dil bilməsi onun üçün dünyaya açılan pəncərəni böyüdür, dünyagörüşü, intellektual səviyyəni yüksəldir, səyahət və təhsil imkanlarına zəmin hazırlayır, həmçinin iş tapmaq şansımızı artırır. Lakin xarici dil öyrənərkən də milli sərvətimiz olan dilimizi ağırlaşdırmaq, yadlaşdırmaqdan qaçınmalı, təmizliyini qorumalı, onu zənginləşdirməli və qayğısına qalmalıyıq. Böyük siyasi xadim, ümummilli liderimiz Heydər Əliyevin dilimizlə bağlı söylədiyi bu sözlər hamımız üçün tövsiyə xarakteri daşıyır: “Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir: Mən bir daha arzu edirəm ki, vətəndaşlarımız ingilis dilini də, rus dilini də, fransız dilini də, alman dilini də, türk dilini də, ərəb dilini də, fars dilini də, hətta çin dilini də bilsinlər. Gənclərimiz nə qədər çox dil bilsələr; bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbidir. Amma ən əsası odur ki, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir: Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın bunu aradan qaldırın”.
Xarici dil bilmək çox vacib sayıla və zamanın ən böyük tələbi ola bilər, amma hər keçən gün “xariciləşib” milli mentalitetimizdən uzaqlaşmaq, öz dilimizdə danışarkən başqa dillərdən qırıq-qırıq kəlmələr demək “müasirlik” kimi dəyərləndirilməməlidir. Bu zaman itirdiyimiz dəyərlər çoxalacaq. Dilimiz başqa dillərin kölgəsi altında olduqca ən gözəl varlığımızı – dilimizi, bununla bərabər düşüncələrimizi, duyğularımızı və mənliyimizi də itirəcəyik. Buna görə də dilimizə laqeyd münasibət göstərənlərə qarşı mübarizədə hamılıqla bir olmalıyıq.
Bizim ana dilimiz dünya dilləri sırasında özünəməxsusluğu, gözəlliyi, dolğunluğu, mükəmməlliyi və şirinliyi ilə başqa dillərdən seçilən qədim və zəngin bir dildir. Fəxr edirik ki, Azərbaycan dili ən yüksək səviyyədə siyasi, iqtisadi və mədəni tribunalardan eşidilir, ölkəmizin inkişafı üçün atılan addımlar məhz bu dildə yazılır, əsrin müqavilələri bu dildə imzalanır. Müdriklər deyib ki, millətin nəyini əlindən alırsansa al, o yaşayacaqdır. Ancaq onun dilini əlindən alsan, o millət milli varlığını itirər, yox olar, tarix səhnəsindən silinər. Bu da o deməkdir ki, xalqın varlığı, yaşaması üçün onun, ilk növbədə, özünün dili olmalıdır.
Ölkəmizdə yaradılan hüquqi, sosial-iqtisadi və mənəvi şərait dilimizin tətbiqinə, saflığının qorunmasına və yüksək səviyyədə inkişaf etdirilməsinə geniş imkanlar açır. Hər birimizin üzərinə düşən vacib vəzifələrdən biri dilimizin saflığını qorumaq və onu mükəmməl səviyyədə inkişaf etdirmək üçün çalışmaqdır. Gəlin ana dilimizi yad sözlərin təsirindən qoruyaq, yaşadaq, gələcək nəsillərə ötürək!
Güntac ŞAHMƏMMƏDLİ