22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin və digər müsabiqələrin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, “Məktəblilərin dram müsabiqəsi” birgə layihə kimi artıq ikinci ildir, keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə mütaliə və nitq mədəniyyətinin formalaşdırılması, onların özünü cəmiyyətdə müstəqil şəkildə düzgün ifadə etmələri, “Oxunması zəruri olan kitabların Siyahısı”nda olan əsərlərin, Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının məktəblilər arasında təbliği, yetişməkdə olan nəslin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması olub.
Nazir vurğulayıb ki, 3 mərhələdə keçirilən müsabiqədə 127 məktəb üzrə 900-ə yaxın şagird iştirak edib. Əsərlərdən səhnələşdirilən parçalar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Şagirdlərin hazırladıqları səhnələrin tərtibatı, bəhs olunan dövrlə səsləşən geyim və aksesuarlardan istifadə etmələri, əsərlərin mahiyyəti və ideyasını tamaşaçıya çatdıra bilmələri, dialoq və kompozisiyaları canlı ifa etmələri onu deməyə əsas verir ki, müsabiqə yüksək səviyyədə təşkil edilib.
Diqqətə çatdırılıb ki, bu gün məktəblərdə yaradılan laboratoriyalar şagirdlərin tədqiqatlar aparmasına, yeni informasiya texnologiyalarından istifadə etmələrinə geniş imkanlar açır. Belə əlverişli şəraitdən səmərəli istifadə etmək məqsədilə fənn müəllimləri laborator təlimlərə, 50-dən çox şagird isə “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində tədqiqatlara cəlb ediliblər. Görülən işlərin və göstərilən dövlət qayğısının nəticəsidir ki, muxtar respublika məktəbliləri ilk dəfə olaraq “Sabahın alimləri” IX Respublika müsabiqəsinə qatılıblar. 11-13 fevral tarixlərdə Bakı şəhərində keçirilən həmin müsabiqədə Azərbaycan üzrə 187 layihə içərisində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Siyavuş Bağırov və Araz Qulusoy hazırladıqları layihə ilə III yerə layiq görülüblər.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, son illər muxtar respublikanın yaşayış məntəqələrində fəaliyyət göstərən klub müəssisələrində dram dərnəklərinin yaradılması və təhsil müəssisələrinin buna qoşulması, buradakı canlanma, təhsil və mədəniyyət ocaqlarında teatr sənətinə olan marağın artması sevindirici haldır. Həmin dram dərnəkləri muxtar respublikadakı mövcud xalq teatrları üçün əsaslı baza rolunu oynamaqdadır. İstedadlı yeniyetmə və gənclərin aşkar edilməsi ilə xalq teatrlarının, gələcəkdə isə professional teatrın inkişafına xidmət deməkdir.
Nazir vurğulayıb ki, V-Xl sinif şagirdləri arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi” şagirdlərin estetik zövqünün və bədii qiraət bacarığının formalaşmasına, nəhayət, muxtar diyarımızda teatr sənətinə olan marağın güclənməsinə dəyərli töhfə olacaqdır.
Müsabiqənin seçim mərhələlərində münsiflər heyətinin üzvü kimi iştirak edən Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxışında deyib ki, belə tədbirlərin təşkili şagirdlərdə ədəbiyyata, xüsusən də dram əsərlərinə marağın oyanmasına səbəb olur.
Qeyd edək ki, “Məktəblilərin dram müsabiqəsi”ndə Şahbuz rayon Yuxarı Qışlaq kənd tam orta məktəbinin hazırladığı “Kitabi-Dədə Qorqud” dastanı və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyi Moris Meterlinkin “Göy quş” əsəri ilə III, Culfa rayon Əbrəqunus kənd tam orta məktəbi təqdim etdiyi Səməd Vurğunun “Vaqif” dramı ilə II yerlərə layiq görülüblər. Heydər Əliyev Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzinin kollektivi isə Moris Meterlinkin “Göy quş” əsəri ilə I yerin qalibi olub. Qaliblər təşkilatçılar tərəfindən diplom və oxunması zəruri olan kitablarla mükafatlandırılıblar.
Tədbirdə, eyni zamanda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin iştirakçıları və qalibləri, onların elmi rəhbərləri, Moskvada keçirilən məktəblilərin “Elmə start” VIII Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin birinci mərhələsində iştirak edən, “Naxçıvan Muxtar Respublikasının bəzi yeraltı sularının minerallığının təyini” adlı layihə ilə diploma layiq görülən Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Nuray Məmmədova, onun elmi rəhbəri Fizzə Məmmədova Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılıblar.
Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanan videoçarx təqdim edilib və müsabiqənin qalibi olan məktəblərin hazırladıqları səhnələrə baxılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR