Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və tabe müəssisələr tərəfindən yanvar ayında tarixi və əlamətdar günlərlə, tanınmış şəxsiyyətlərin anım günləri və yubileyləri ilə əlaqədar tədbirlər, ustad, interaktiv, açıq dərslər keçilmiş, seminar-treninq və ekskursiyalar, kitab müzakirələri təşkil olunmuşdur.
Ötən ay “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilmək üçün 6 xalça haqqında məlumat hazırlanmışdır.
Muxtar respublika muzeylərinə 238 yeni eksponat təqdim edilmiş, muzeyləri 30 min 34 tamaşaçı ziyarət etmişdir ki, onlardan 7 mindən çoxu əcnəbi vətəndaş olmuşdur.
Yanvar ayında Naxçıvan şəhərində, eləcə də Culfa və Kəngərli rayonlarında fəaliyyət göstərən kitabxana əməkdaşları üçün 5 günlük təlim kursları təşkil edilmiş, muxtar respubikanın kitabxanalarında yeni oxucu sayı 341, oxucu gəlişi 9212 nəfər, kitab verilişi isə 47 min 282 nüsxə olmuşdur. Hesabat dövründə klub və mədəniyyət evi işçiləri üçün keçirilən dərnəklərdə rəqs, dram, yallı, rəssamlıq üzrə kurslar təşkil edilmişdir.
Ötən ay Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış tamaşanı stasionarda nümayiş etdirmiş, Nəbi Xəzrinin “Burla xatun” əsəri əsasında tamaşanın məşqlərinə başlanmışdır. Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Qorxaq Əhməd” tamaşasının və “Novruz gəlir” kompozisiyasının məşqləri aparılmış, Naxçıvan Dövlət Uşaq Teatrında “Mavi işıq” tamaşasının və “Kosanın toyu” kompozisiyasının məşqləri davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti